Tələsmək lazım deyil

“Şuranın bəyan etdiyi amillər heç də vəziyyətin normallaşması demək deyil”



Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun sözlərinə görə, efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir.

Verilişlərdə və seriallarda narahatlıq doğuran qeyri-etik ifadələr, qeyri-etik məzmunlu söhbətlər, səhnəciklərin artıq aradan qaldırıldığını vurğulayan MTRŞ rəsmisi bildirib ki, müəyyən kiçik nöqsanlar olur. O nöqsanlarla da bağlı yayımçılara şifahi şəkildə xəbərdarlıq edilir. Yayımçılar nöqsanların olduğu verilişlərin əsasən prodakşnlar tərəfindən hazırlanmasını əsas gətirirlər. Artıq yayımçılara prodakşnlara tövsiyələr vermək tapşırılıb ki, efir üçün hazırlanan materiallarda nöqsanlara yol verilməsin. Şöbə müdiri qeyd edib ki, monitorinqlər əvvəlki tempdə davam etdirilir.

MTRŞ-nin televiziya kanallarında ictimai əxlaqı zədələyən, şəxsi məsələləri şoulaşdıran, qarşıdurmaları daha da şişirdən, intriqa alətinə çevrilən verilişlərlə bağlı həyata keçirdiyi tədbirləri ümumi konseptual baxımdan müsbət hesab etdiyini vurğulayan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, telejurnalist Qulu Məhərrəmli bu addımları atarkən Şuranın bu qədər sərt münasibət sərgiləməsini normal hesab etmir: "MTRŞ-nin bu verilişlərə müdaxilə etməsi özünü doğruldur və başadüşüləndir. Amma həyata keçirilən tədbirlərin televiziya sahəsində vəziyyətin normallaşması kimi təqdim edilməsinin tərəfdarı deyiləm. Şuranın bəyan etdiyi amillər heç də vəziyyətin normallaşması demək deyil. Sadəcə olaraq şit, bayağı verilişlər, insan taleyinin şouya çevrilməsi, qeyri-etik məzmunlu söhbətlər azalıb”.

Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan televiziyasının normaya düşməsi, qanunda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün televiziyalara zaman və peşəkarlıq lazımdır: "Televiziya sosial harmoniya yaratmalı, insanların ruhunu sakitləşdirməli, bilgi verməli, həyata inam və şövq yaratmalıdır. Amma çox təəssüf ki, biz televiziyalarda bunların heç birini görə bilmirik. Televiziyalarımız tənqidlərdən nəticə çıxarmalı və öz tamaşaçısını geri qaytarmalıdır. Bu gün kanallarımızın heç biri intellektual tamaşaçı auditoriyasını cəlb edə bilmirlər. Bunun üçün də intellektual və maarifləndirici verilişlərin sayı artırılmalıdır. Bunlar da tamaşaçıya maraqlı formada çatdırılmalıdır. Qısası, televiziyalarımızın yeni mərhələyə çıxması üçün peşəkar kadrlara ehtiyac var. O cümlədən də dövlətin özəl televiziyalara yardımı haqqında düşünmək lazımdır. İntellektual verilişlərin dövlət tərəfindən maliyyələşdirilməsi televiziyalarda müəyyən stimul yaradar və onlar bayağı verilişlərdən uzaqlaşarlar”.

Şəymən