“Televiziya heç kimin şəxsi mülkü deyil”

Şeyx Əbdül: “Axı, Nazpəri xanıma niyə yasaq qoyulmalıdır, hansı cinayəti törədib?”



Bu günlərdə Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevanın mətbuat konfransı keçirərək ölkənin 4-cü hakimiyyətindən dəstək istəməsi hələ də cəmiyyətin diqqət mərkəzindədir. Xalq artistinə telekanalların qadağa qoyması, müğənninin efirlərə çıxmasına məhdudiyyəti onu sevən pərəstişkarlarının da ciddi narazılığıa səbəb olub. Mətbuat konfransında Xalq artistini sevən pərəstişkarlarının bir qismi ölkə başçısına da rəsmi şəkildə məktubla müraciət etdiklərini vurğulamışdılar.

Xalq artistinə ölkə kanalları tərəfindən qoyulan qadağanın əsassız olduğunu vurğulayan insanlar "Bu qadağa təkcə Nazpəri Dostəliyevaya deyil, onu sevən minlərlə insana qoyulan qadağadır. Telekanalların bu qadağası Xalq artistinə deyil, əslində onu sevən minlərlə tamaşaçının hüquqlarını pozmaq deməkdir” söylədilər.

Ölkə kanalları o halda dövlətin fəxri adına layiq olan sənətkara qadağa qoya bilər ki, o sənətkar ölkəsinə, millətinə xəyanət edər. Nazpəri Dostəliyeva nə ölkəsinə, nə millətinə xəyanət etməyibsə, hansı əsasla ona telekanallarda qadağa var? Bəziləri bunu Xalq artisti İlhamə Quliyevanın adı ilə bağlayır. Onun göstərişi ilə milli telekanallarımızda Nazpəri Dostəliyevaya qadağa qoyulub. İlhamə Quliyeva isə bu söz-söhbətlərin əsassız olduğunu vurğulayır.

Hər halda bir danılmaz həqiqət var ki, rəsmi şəkildə ölkə telekanalları bu qadağanın olduğunu dilə gətirməsələr də, müğənni ölkənin heç bir telekanallarında olan verilişlərində görünmür. Xalq artisti və ANS telekanalından başqa da heç bir telekanalda görünmür.

Bəs ölkə qanunvericiliyində bu kimi hallar necə tənzimlənir? Ölkə telekanalları hansı hallarda müğənniyə, fəxri ad alan sənətkarlara efirlərə qadağa qoymaq ixtiyarı var?

Nazpəri Dostəliyeva artıq 2 ildən artıqdır telekanalların ona qarşı qoyulan bu qadağası ilə bağlı müraciət edib. Axı mənim günahım nədi? Mənə nəyə görə telekanalların rəhbərləri tərəfindən qadağa qoyulub? Bunu bilmək mənim də haqqımdı. Mən iki dövlət başçısının sərəncamı ilə fəxri ada layiq görülən sənətkaram. Niyə mənə öz ölkəmdə olan telekanallar qadağa qoymalıdı?”

Nazpəri Dostəliyevaya ölkə telekanallarının qadağa qoyması məsələsinə Şeyx Əbdül Mahmudbəyovun münasibətini öyrənməyə çalışdıq. "Şərq”ə açıqlama verən Şeyx Əbdül Mahmudbəyov "Səhhətimdə bir balaca problem olduğu üçün mən Nazpəri xanımın keçirtdiyi mətbuat konfransında iştirak edə bilmədim. Yataq xəstəsi olmasam da, otaq xəstəsiyəm. Bir az müalicə alıram. Nazpəri xanımın da yanında hər zaman bir böyük, ağsaqqal olaraq olacam. Ona dəstək verən insanlardan biriyəm. Mən ona məsləhət də vermişəm ki, rəsmi şəkildə dövlət

başçısına müraciət etsin. Bir az tələsdi Nazpəri xanım. Mən bir az ayaq üstə dursaydım, onun yanında olardım. Mən ölkə kanallarının rəhbərlərinə üzümü tutub sual verirəm. Bu xanımın, bu sənətkarın günahı nədir ki, ona telekanallarda qadağa var? Nazpəri xanım sənətkardı. Toya gedib pul qazanır. Niyə dövlətin adına xələl gətirməyə çalışırlar? Sənətkarın işi nədir, bu millətə xidmət etmək. Onun üçün fərqi yoxdu hansı partiyanın üzvünün toyuna gedir. Toya dəvət edirlər, gedir. Heç kim sənətçiyə qadağa qoya bilməz ki, bu millətin balasının toyuna getmə. Bir də burda məddahların, yaltaqların rolu var. Bizim dövlət başçımız kifayət qədər demokratik fikirli bir şəxsiyyətdi. Ona görə də mən Nazpəri xanıma da məsləhət gördüm ki, Prezidentə rəsmi məktubla müraciət etsin. Əminəm ki, ölkə başçısına ölkənin Xalq artisti kömək üçün rəsmi müraciət edərsə, mütləq bu problem həllini tapacaq. Nazpəri xanım Prezidentə müraciətində də konkret olaraq hansı kanallarda ona qadağa qoyulduğunu bildirsin, adlarını yazsın ki, hansı kanallar Xalq artistinin üzünə efirləri bağlayıb. Bu ayıbdı. Hərdən bu məsələdə İlhamə xanımın da adını hallandırırlar. Amma mən bu barədə İlhamə xanımla danışmışam, söhbətimiz olub. İlhamə xanım bildirib ki, mən kanalların işinə təsir edən insan deyiləm. Bildirdi ki, məgər mən televiziyalırın böyüyüyəm ki, müğənniyə qadağa qoyum? Mənim nəyimə lazımdı efirə kim çıxır? İndi mənim üçün də maraqlıdır ki, telekanal rəhbərləri kimin göstərişi ilə Nazpəri xanıma qadağa qoyublar? Hansı cinayətinə görə? Əgər bu insanın bir günahı varsa, rəsmi şəkildə onu məhkəməyə versinlər, cəzası nədisə, onu bilsin. Axı ölkənin Xalq artistinə bu qadağanı qoymaq nə dərəcədə düzgündür? Burda sadəcə nə isə bir anlaşılmazlıq var. Bu sənətkar kiminsə toyuna gedib pulunu qazanırsa, ona efirə qadağa qoymağa kimin ixtiyarı var? Televiziya kiminsə şəxsi mülkü deyil ki, ordan istədiyi kimi istifadə etsin. Bu xanım Xalq artistidir. Onun sevənləri də müraciət edir ki, bizim pərəstiş etdiyimiz sənətkara qadağa qoymaq biz tamaşaçıların hüquqlarını pozmaq deməkdi. Yenə deyirəm ki, Nazpəri xanım ölkə başçısına rəsmi müraciət etdikdən sonra bu məsələ həllini tapacaq”.

Tahirə