“Televiziyalarımız bu gün informasiya verə bilmirlər deyə, insanlar ehtiyacları yaranan suallara cavabı başqa virtual aləmdə tapmağa çalışırlar”
“Televiziya verilişlərinin əksəriyyəti məqsədsiz və niyyətsizdir”
Lalə Əliyeva: “Uşaq kanalı yoxdusa, bu o deməkdi ki, biz nə bu günümüzlə ayaqlaşa bilirik, nə gələcəyimizi düşünürük”
“Televiziyalarımız bu gün informasiya verə bilmirlər deyə, insanlar ehtiyacları yaranan suallara cavabı başqa virtual aləmdə tapmağa çalışırlar”
“Televiziyalarımız bu gün informasiya verə bilmirlər deyə, insanlar ehtiyacları yaranan suallara cavabı başqa virtual aləmdə tapmağa çalışırlar”
Əvvəllər televiziya böyük bir məktəb və tərbiyəçi idi. Həm də təkcə uşaqlar, yeniyetmə və gənclər üçün yox. Həm də elə böyüklər üçün... İndi televiziya öyrədici, maarifləndirici missiya deyil, daha çox əyləncə funksiyasını yerinə yetirir. Obrazlı desək, elə bil böyük bir universitetin yerində kiçik bir "palatka” toyxanası qurulub ki, gün ərzində əcaib-qəraib verilişlərlə camaatın zövqünü korlasınlar.
Hərdən təəssüflənirsən - niyə hər şey belə ucuzlaşdı, adiləşdi? Niyə hər şeyin dadı-duzu qaçdı, ləzzəti itdi? Elə bil hansısa nəhəng bir süpürgə ilə müqəddəs sayılan, sevilən nə varsa, hamısını süpürüb nəhəng bir selin qabağına atırlar. Böyük-kiçik, ağsaqqal-qarasaqqal, ustad-tələbə, müəllim-şagird dəyəri itib, yaxşı ilə yamanın, çirkinlə gözəlin, peşəkarla həvəskarın sərhəddi pozulub. Hamı şeir yazır, hamı mahnı bəstələyir, hamı kitab yazır, hamı oxuyur... Təəssüf ki, kitab yox, mahnı...
Əvvəllər televiziya bir etalon kimi qəbul edilirdi: istər mənəvi-əxlaqi, istər geyim-gecim, yazı-pozu və davranış mədəniyyəti baxımından... İndi efirdə məişət səviyyəsindən də aşağı danışırlar, kim necə istəyir geyinib çıxır, titrlərdə çoxlu qramatik səhvlərə rast gəlinir. Ən çox təəssüf doğuran odur ki, həmin özbaşınalıqlar heç bir məktəb keçməyən, diletant, indi özünü illərin televiziyaçısı kimi aparan, hətta bəzən titullara layiq görülən aşağı səviyyəli aparıcılar tərəfindən baş verir. Get-gedə xalqımızın bir sıra müqəddəs dəyərləri televiziya vasitəsilə tarixin arxivinə göndərilir.
Televiziyanın bugünkü durumundan bir çox müəllif verilişlərinin tanınmış aparıcısı, televiziya verilişlərinin redaktoru Lalə Əliyeva ilə maraqlı söhbətimiz alındı. Televiziyanın bugünkü mənzərəsindən narahatlığını dilə gətirən Lalə Əliyeva yerli telekanallarımızın gerçəkliyindən danışdı.
- Bu gün Azərbaycan televiziyası kənardan necə görünür?
- Əslində Azərbaycan televiziyası heç görünmür ki... Televiziya tamaşaçı ilə ünsiyyət məkanıdı. Bu gün Azərbaycan televiziyası simasız olub. Düşünürəm ki, bu gün tamaşaçıların böyük əksəriyyəti Azərbaycan televiziyasından üz döndəriblər.
- Tamaşaçımı televiziyadan üz döndərib, ya televiziya simasızlaşıb deyə?
- Mənə elə gəlir ki, burda biri digərinin davamıdı. Bu gün elə bir həyatda yaşayırıq ki, insanlar informasiya axtarmağa daha maraqlı olublar. Televiziyalarımız bu gün informasiya verə bilmirlər deyə, insanlar ehtiyacları yaranan suallara cavabı başqa virtual aləmdə tapmağa çalışırlar. İnternet aləmində bu gün suallara cavab tapmaq imkanı daha geniş olub. Vaxtilə televiziya informasiya mənbəyi idi. Bu günün insanının hərəsinə bir cür informasiya lazım olur. Lazım olan informasiyaların heç birisini yerli kanallarımız vermək iqtidarında deyil. Xəbər axtaran bu gün sosial şəbəkədən istifadə edir. Televiziyada bədii keyfiyyət axtaran tamaşaçı da peyk kanalları vasitəsilə istədiyini tapmış olur. Yerdə qalan o kütlə ki var, məişətin içində sıxılanda onlar yerli kanalları izləyir. Onlar təskinlik axtarışında olan kütlədir. Azərbaycan televiziyalarının mənzərəsi necədir? Dövlət televiziyası təskinlik verir ki, ay camaat, başqa ölkələrdə bombalar partlayır, vəziyyət daha ağırdı. Bizdə şükür sabitlikdi, şükür edin. Bu təskinliklə verilişlər hazırlayır. O biri televiziyalar başqa bir təskinliyə üstünlük verir. Deyir ki, dünya onsuz da çətindi, oxuyun, oynayın. Bir sözlə, telekanallarımız əyləncə və təskinlik prinsipi üstündə iş qurub. Televiziyanın missiyası isə başqadı. Bu gün tamaşaçı nə informasiya ilə, nə də maarifləndirici verilişlərlə tamaşaçını təmin edir.
- Bəs bu problemlərin həlli üçün, televiziyanın yenidən özünə qayıdışı üçün nə etmək lazımdı.
Azərbaycan tamaşaçısının informasiya aclığını doldurmaq üçün televiziya nə etməlidi?
- Bilirsiz məsələ, problem nədi? Elementar olaraq Azərbaycanda informasiya kanalı yoxdu. Xəbər kanalı və informasiya deyilən bir şey bizim kanallarda demək olar yoxdu. Baxın görün telekanallarda uşaq verilişləri varmı? Uşaq kanalı yoxdu. Bizim uşaqların televiziya izləmək imkanı məhduddu. Uşaq kanalı yoxdusa, bu o deməkdi ki, biz nə bu günümüzlə ayaqlaşa bilirik, nə gələcəyimizi düşünürük. Bir uşaq verilişi göstərin ki, valideyn o verilişdə uşağının hansısa informasiya ala biləcəyinə əmin olsun. Olanların da adı uşaq verilişi olsa da, böyüklər üçün nəzərdə tutulub, orda da yenə müğənni dəvət olunur, ağzına gələni danışır. Bilirsiz, 90-cı illərdən sonra ki sovet ideologiyası dağıldı, o vaxtlar bu tip verilişlər efirlərdə yer almağa başladı. İdeologiyamızı tam təyin edə bilməmişdik deyə, televiziyalarda boşluq yarandı. O boşluğu da toy estetikası doldurdu. Bu dəqiqə də efirlərdə hər şey toy estetikasına və toy biznesinə köklənib. Televiziya bu gün toyxana müğənnilərinin populyar olmasına xidmət göstərir. Toyları çoxalsın. Bu çoxaldıqca, onlar gəlirini yenə televiziyaya tökürlər.
Azərbaycan telekanallarında bu gün aparıcıların peşəkarlığı ilə bağlı da qüsurlar göz önündədi. Efirdə olan aparıcı əslində necə olmalıdı?
- Televiziya aparıcısının adı üstündədi. Aparıcı olmalıdı. Televiziya aparıcısı tamaşaçını tutaq ki, verilişində "A” məntəqəsindən götürüb "B” məntəqəsinə aparmalıdı. Aparıcının verilişdə bir məqsədi, konsepsiyası, mövzusu olmalıdı. Onu izləyən tamaşaçını inandıraraq, o məntəqəyə aparmaq iqtidarında olmalıdı. Aparıcının tamaşaçıya bir münasibəti olmalıdı ki, tamaşaçını oturduğu yerdən ünvanladığı məkana aparsın.
- Bu gün bir televiziyanı bilən peşəkarların əksəriyyəti efirdən, teleməkandan kənardadı.
- Bəli, bu bəlkə də teleməkanlarımızın ən böyük problemlərindən biridi. Peşəkarlar televiziyadan kənardadı. Verilən bu vəziyyətlə barışıblar deyə televiziyadan uzaq düşüblər. Çox nadir hallarda teleməkanlarda bir-iki peşəkar görmək olar. Mən bu günlərdə layihəm üçün müsahibə almışam. Müsahibim deyir ki, əgər bir musiqiçi, bir insan bilirsə ki bu düzdü, yüz adam tam əksini deyirsə, haqlı olduğu halda düzə yer qalmır. Çünki azlıq çoxluğun qurbanı olur. Çoxluğun səhv köklənməsi düzü basdırmış olur. Mən özüm də televiziyadan qaçmışam. Çünki peşəkarın belə vəziyyətdə çalışması mümkün deyil. Onlayn televiziyada sərbəst müəllif verilişi hazırlamaq mənə elə gəlir bu dönəm üçün daha düzgün addımdı.
Mən falş aparıcı, veriliş görmək istəmirəm. Bu bir öhdəlikdi, məsuliyyətdi. Hər bir insan həyata gələndə məqsədi olur. Mən jurnalistəm, müəllif verilişlərinin aparıcısı olmuşam. Mən özümü bu sahədə istər bir televiziya jurnalisti kimi, istərsə də bir vətəndaş kimi ifadə etməliyəm. Əgər mən telekanalda çalışanda özümü ifadə edə bilmərəmsə, buna imkan verilmirsə, mənim qaçmaqdan başqa şansım qalırmı? Necə ki Lütfizadə Azərbaycanda qalmadı. Çünki o özünü burda tapa, ifadə edə bilmədi. Burda qalmaq üçün kiməsə boyun əymək lazımdı. Bunu da hər adam qəbul etmir. Televiziyaların rəhbərlərinin demək olar heç birisi peşəkar televiziyaçı deyil. Problem burdan başlayır. Televiziyanı bilməyən televiziyaya necə rəhbərlik edə bilər? Bir kanalın rəhbəri kinorejissordu, biri quran dedaktorudu, digəri nə bilim biznesmendi. Onlar bir əllərini vicdanlarına qoyub soruşmalıdırlar ki, mən televiziya rəhbəri olaraq bu millət üçün nə etmişəm. Reytinq xatirinə millətin maraqlarını görməzlikdən gəlmək doğrudurmu?
Heç olmasa, 10 mənasız, biri-birini təkrarlayan əyləncəli verilişin arasında bir dənə də maarifləndirici, intellektual səviyyəli veriliş təqdim edim. Televiziya rəhbərləri özlərini bütləşdiriblər. Onlar işçilərindən təzim tələb edirlər. Televiziya artıq bizim üçün bir hərəkat deyil. Televiziya bizim üçün artıq bir göstərici də deyil. İnsan nə öz həyatını görür bu televiziyada, nə maariflənir, nə xəbərlə təmin olunur, nə də uşağı üçün bir maraqlı veriliş tapa bilir. Bəs onda televiziya nəyə xidmət edir. Televiziyanın bu gün quru adı qalıb. Televiziya anlayışı var, amma televiziyanın siması yoxdu bu gün. Adı olub özü olmayan Azərbaycan teleməkanından danışırıq bu gün. Nə qədər ki, televiziya rəhbərləri özlərini bütləşdiriblər, rəhbərlik etdikləri kanaldan şəxsi münasibətlər üçün istifadə edirlər, televiziya şəxsi tanışlıq üçün istifadə olunur, burada peşəkarlıqdan danışmağa belə dəyməz. Az verilişlər var ki, kanallar vicdanları sakit olsun deyə bu verilişləri bağlamırlar.
Çünki orda həqiqətən aparıcı reytinq deyil, maarifləndirmək məqsədi ilə tamaşaçı ilə ünsiyyət yaradır. Misal üçün, ATV kanalında Fatma Bağırovanın təqdimatında "Zərif qəhrəman” verilişi bunlara misal ola bilər. Və ya Nərgiz Cəlilovanın müəllifi olduğu veriliş televiziya missiyasını yerinə yetirən layihələr sırasındadır. Efirdə olan 90 faiz digər verilişlər də, aparıcılar da reytinq qurbanıdırlar. Reytinq qurbanı olmaqla da onlar həm özlərini, həm də kanalı simasız edirlər. Sovet dönəmi dağıldıqdan sonra yerli televiziya məkanımız yarandı. Bu müddətdə aparıcıların bəzən kənd ləhcəsi ilə danışması, ya da efirdə sərbəst hərəkəti səmimi göründü. Tamaşaçı hardasa səmimilik görmüş oldu. Amma sonralar bu səmimilik aşırı olanda bəsitləşdi. Sanki qəbiristanlıqda şaxələnib çoxalan alaq otuna bənzəməyə başladı. Bizim telekanallar da bu gün ölmüş ruhların məkanına çevrilib. İki istiqamətdə hərəkət var. Şaquli və üfüqi. Peşəkarlar şaquli hərəkətə üstünlük verirlər, zirvəyə doğru getməyə maraqlı olurlar. Bir də var inkişaf edir, amma üfüqi. Yəni genişlənir, amma ucalmır. Genişləndikcə hündürlük azalır. Yəni televiziya bu gün bəsitləşdikcə, çirkinləşir və eybəcər, qeyri-estetik bir görünüş alır. Televiziya bilirsiz nəyi təbliğ edir? Hamı aparıcı ola bilər, hamı müğənni, aktyor ola bilər. Hər kəs efirə çıxa bilər. Əslində efir əlçatmaz olduğu qədər də nümunə olmalıdı. Televiziya bir xalqın, millətin siması, göstəricisi sayılır. Hətta düşünürəm ki, hər televiziyanın bir istiqaməti olmalıdı. Bir telekanal ancaq xəbər təqdim etməli, digəri film, bir digəri əyləncə və s. Əgər bunlar da mümkün deyilsə, ən azı təqdim olunan bütün verilişlər tamaşaçını düşündürməyə, onu yönəltməyə, təsir etmə gücünə, maarifləndirməyə xidmət etməlidi.
Bu qədər telekanallar var, heç birisi keyfiyyət göstəricisi kimi seçilə bilmir. Televiziya verilişlərinin əksəriyyəti məqsədsiz, niyyətsizdi. Televiziya rəhbəri üzərində məsuliyyət daşımalıdı. Millətin ona verdiyi şansı düzgün qiymətləndirməliyəm düşüncəsi ilə fəaliyyət göstərməlidi. "Mən burda millətə necə xidmət edirəm? Mən televiziya kanalı olaraq millətin marağını qoruya bilirəmmi” prinsipi ilə çalışmalıdı. Telekanalların rəhbərləri isə bunu düşünmürlər. Hər kəs ona verilən şansdan şəxsi maraqlar üçün istifadə etməklə məşğuldu. Kimisi övladımın gələcəyini qurum, kimisi oğlum, qızım xaricdə rahat təhsil alıb yaşamaq imkanı qazansın deyə televiziyanı bazara çevirib. Onlar şəxsi maraqlarını doldurduqca, millətin maraq kisəsini boşaldıb, kasıblaşdırırlar. Heç kim düşünmür ki, millətim üçün nəsə edim. Efir nə qədər palatka biznesinə xidmət edirsə, peşəkar televiziya məkanından danışmaq olmaz. Nə olsun ki, efirdə bəziləri çox mədəni danışa bilir. Hələ bu da onların millətin marağına xidmət etmək anlayışına gətirib çıxarmır. Niyyət eynidi - şəxsi marağıma xidmət edirəm!
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb