Tərəzilər əskik çəkir

Adamları təkcə bazarlarda aldatmırlar, marketlər də halal işləmir
Bazarda əlində şəxsi tərəzisi olan, aldığı məhsulun çəkisini öz tərəzisi ilə təkrar "imtahana çəkən” alıcıları görmüsünüz, yəqin. Evdar qadınlar xüsusən, yay aylarında bu yoxlama üsulundan tez-tez istifadə edirlər. Mürəbbə bişirməyə, kompot bağlamağa, şoraba hazırlamağa hazırlaşanlar çəkinin dəqiq olmasına diqqət edir. Bəs necə?! Bunun şəkəri var, qəndi var. Gərək meyvənin çəkisi ilə şəkər düz gəlsin. Bir tərəfdən də pomidoru, xiyarı topdan satış qiymətinə almaq əslində, alıcıya sərf edir. Amma bizim ölkədə ən böyük problem, məhz düzgün çəki ilə bağlıdır. Dəqiq çəki ilə işləyən satıcılara nadir hallarda rast gəlinir. Bunlar o adamlardır ki, qazancına haram qatmaq istəmir, 1 manat gəlirim olsun, ancaq halal olsun prinsipi ilə işləyirlər.
Təəssüf ki, belə adamlar azlıq təşkil edir. Əksər satıcılar tərəzinin gözünü "əyir”, məhsulu azı 150-200 qram kəsirlə çəkirlər. Belə satıcılara irad bildirmək də vəziyyəti dəyişmir. "Get, harada istəyirsən, yoxla” deyirlər. Guya bilmirlər ki, hər yerdə eynidir. Satış məntəqələrində, bazarlarda demək olar bütün tərəzilər, əskik çəkir.
Belədə məhsulun ucuz qiymətə satıldığını da iddia etmək mümkün deyil. Çünki çəki əskikdirsə, alıcı məhsulun əsil dəyərindən artıq pul ödəmiş olur. Bu vəziyyət təkcə bazarlarda olsaydı, nə vardı ki! Dərd burasındadır ki, əksər marketlərdə də tərəzilər əskik çəkir. Bura supermarketlərin "birini al, birini hədiyyə qazan”, "iki al, bir ödə” tipli dırnaqarası hədiyyə kampaniyalarını da əlavə etsək, alıcıların hər fürsətdə aldadılmasının şahidi oluruq. İlk baxışda cəlbedici görünən belə kampaniyalar əslində tələbatı azalan malların satılmasına, həm də mövcud dəyərindən artıq qiymətə satılmasına hesablanır. Marketoloqlar bir paket makaronun üzərinə bir su stəkanı bağlayıb, alıcını cəlb edir, malın faktiki dəyərini hesablayanda isə mayasından artıq qiymət ödəndiyini görürsən. Marketə daxil olan alıcı çaş-baş qalır. Fikirləşir ki, görəsən, niyə bir yuyucu tozun üzərində bir də maye yuyucu hədiyyə edirlər? Bunu alsam, xeyrim nə olacaq? Eyni çaşqınlıq digər məhsullarla bağlı da yaranır. Düyünün "əlavəsi” olaraq maye yağ, unun "yanında” duz və s. Bu kimi kampaniyalar marketlərimizdə yaşanan adi haldır. Hələ biz bonus kartlarını demirik. Alıcı 2 ay sərasər alış-veriş etdikdən sonra cəmi 2 manatlıq hədiyyə kuponu qazanır. 2 manata da nə qoyulubsa, onu ala bilir. Hətta elə marketlər var ki, "lotereya” keçirirlər. 100 manatdan artıq alış-veriş edildikdə alıcının adını dəftərə yazır, ayın sonunda guya lotereya keçirib, qalib müştəriləri "seçirlər”. Hədiyyə kimi də, satılmayan, keyfiyyətsiz mallarını müştərinin qucağına verib, üstəlik, fotosunu da çəkib marketin şüşələrinə yapışdırırlar. Yəni ki, baxın, bizdən alanların hədiyyə qazanmaq şansı da var.
Bu günlərdə çörəyin real çəkisinin qiyməti ilə mütənasib olub-olmaması məsələsi də gündəmə gətirilib. Çörəkbişirmə müəssisələri alıcıların narahatlığının aradan qaldırılması məqsədilə çörəklərin paketlənmiş halda satışa çıxarılmasına tərəfdardır. Belədə çörəyin çəkisi paketin üzərində göstəriləcək və alıcı da çəki ilə qiyməti müqayisə edə biləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə çörəyin çəkisindən şübhələnənlərin komitəyə müraciət etməli olduğunu bildirib.
Bəs satış obyektlərinin fəaliyyətinin tənzimlənməsinə kim məsuliyyət daşıyır?
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında bildirdi ki, nəzarəti dövlət qurumları həyata keçirməlidir:
- 1995-ci ildə "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun qəbul olunub. İstehlakçı hüquqlarının qorunmasını təmin edən qanunvericilik bazası mövcud olsa da, biz onun praktikada tam işləmədiyini görürük. Marketlərin alıcı cəlb etməsi marketinq strategiyasının tərkib hissəsidir. Təbii ki, satış obyekti çalışır mallarını satsın, gəlir əldə etsin, amma məsələ burasındadır ki, bu, bir tərəfdən təbii görünən çalışmalar, alıcıların istək və mənafeləri ilə nə dərəcə uyğunlaşır. İstehlakçıların hüquqları nə zaman pozulur? Satış mərkəzi istehlakçıya tam, dolğun məlumat vermədikdə. Bir var alıcıya səhv məlumat vermək, bir də var natamam məlumat vermək. Bunların hər ikisi qanun pozuntusudur. Deməzdim ki, bizdə hər addımbaşı alıcıların aldadılması prosesi gedir. Xeyr. Bizdə alıcıya natamam məlumat vermək ənənəsi geniş yayılıb. Malın hansısa üstünlüyünü göstərirlər, qabardırlar, amma mənfi tərəflərini bildirmirlər. Yəni, müştəri mal haqqında dolğun informasiya almır. Bəzən bu səbəbdən də müştəri yanlış seçim edir. Hesab edirəm ki, istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təkmilləşməsinə ehtiyac var. Alıcı həmişə haqlıdır, prinsipinin bərqərar olmasının vaxtı artıq çoxdan çatıb. Bizdə isə hazırda vəziyyət bir qədər fərqlidir. Məsələn, bəzən marketlərdə, mağazalarda belə bir elanın şahidi oluruq; "alınan mallar geri qaytarılmır. Bu, iqtisadiyyat və bazar münasibətlərində tamamilə səhv yanaşmadır. Necə yəni, geri qaytarılmır? Bəlkə, keyfiyyətsizdir, bəlkə yanlış seçimdir, müştəri o malı almaq istəməyib, yanlışlıqlara yol verib. Müştərinin istəyi həmişə yerinə yetirilməlidir. Alıcını cəlb etməyin bir yolu da onun istəklərinə əməl olunacağı əminliyidir. Bizdə isə təəssüf ki, alıcının razı salınması hallarına nadir hallarda rast gəlinir.
Müxtəlif hədiyyə kampaniyaları, bonus kartları məsələsinə toxunan iqtisadçı qeyd etdi ki, dünyanın əksər ölkələrində belə fəaliyyət növləri geniş tətbiq olunur. Lakin burada əsas olan alıcının mənafeyinin qorunmasıdır:
- Kart məsələsi, bonuslar, hissə-hissə, yaxud nağdsız ödəmə variantları hər yerdə var. Marketlər belə təkliflərlə çıxış edir, hədiyyə kampaniyaları keçirir və alıcı toplayırlar. Hətta xarici ölkələrdə pulsuz satış günləri keçirildiyini də görürük. Bizdə bu məsələlər hələ özünün müsbət şəklini almayıb. Məsələn, bal sistemi tətbiq olunur ki, burada da alıcıları qane edən tərəflər azdır. Deyək ki, 10 manat 1 baldır. 10 manatlıq alış-veriş edən müştəriyə 1 bal yazılır. Hədiyyə qazanmaq üçünsə 20-30 bal tələb olunur. Gərək müştəri azından 100-200 manatlıq alış-veriş etsin ki, hesabına 20 bal yazılsın və hədiyyə almağa "namizəd” olsun. Hələ bu hədiyyənin də nədən ibarət olacağı bilinmir. Bəlkə də müştəriyə lazımsız bir əşya olacaq. Bununla da istehlakçının aldadılması baş verir. İstehlakçının aldadılmasına çəkidə daha çox rast gəlinir. Faktiki tərəzilərin əksəriyyəti əskik çəkir. Bəlkə də bu dəqiqə ölkədə 1 kiloqramı 1 kiloqram olaraq satıcıya təqdim edən tərəzilər heç yoxdur. Dövlət Komitəsi bu məsələyə ciddi diqqət yetirməlidir. Müəyyən günlərdə, bayramlar ərəfəsində kənd təsərrüfatı məhsulları yarmarkaları keçirilir. Yarmarkalarda dəqiq tərəzilər quraşdırıldığı deyilir. Amma yenə də, alıcı ucuz qiymətə aldığı məhsulun çəkisində əskiklik müşahidə edir. Belə çıxır ki, adı ucuz yarmarka olsa da, məhsul heç də ucuz başa gəlmir. Digər bir məsələ, marketlərdə malların üzərində bəzən qiymətlərin dəqiq göstərilməməsidir. Məsələn, hansısa malı "2 üstəgəl 3” prinsipi ilə satışa çıxarırlar. "3 al, 2 ödə” deyirlər. Amma müştəri malın həqiqi qiymətini bilmədiyindən əlavə mal almaqla xeyir, yoxsa zərər etdiyini bilmir. Burada müştərilərin maliyyə savadının aşağı olması da rol oynayır. Müştərilərin bir çoxu faktiki düzgün hesablama apara, düzgün seçim edə bilmir. Alış-veriş mərkəzləri də bəzən bundan məharətlə yararlanırlar. Ona görə də hesab edirəm ki, dövlət qurumları istehlakçı hüquqlarının qorunmasına nəzarəti gücləndirməlidirlər. Bu, həm Antiinhisar Departamentinə, həm də vətəndaş institutlarına aiddir.
Məlahət Rzayeva