Terrorçularla əməkdaşlıqda ittiham olunan qadın...

Hikmət Hacıyev: “XİN-in bu barədə hər hansı açıqlaması doğru olmaz”
Mehriban Zeynalova: “Görünür, Türkiyə hökuməti birmənalı şəkildə qəti addım atmağı daha məqbul hesab edib”


Türkiyə vətəndaşlığını qəbul edən və 8 ildir orada yaşayan Sevinc İsmayılova məhkəmənin qərarı ilə vətəndaşlıqdan məhrum edilib. Onun vətəndaşlıqdan çıxarılmasının səbəbi terrorçularla əməkdaşlıqda ittiham olunmasıdır. Əslən azərbaycanlı olan 29 yaşlı S.İsmayılova qardaş ölkədə Sevinc Atakay soyadını alıb. Ailə üzvləri ilə problemləri olan iki uşaq anası Sevinc Atakay terrorla əlaqəsinin olmasını inkar edib və Türkiyəni tərk etmək fikrində olmadığını bildirib:

"Mənə Türkiyədə 2 il yaşama icazəsi veriblər. Bu ölkənin vətəndaşı olaraq seçkilərdə səsvermə hüququmdan istifadə etmişəm. Əvvəllər məhkum olunmamışam. Ortada heç bir mühüm məsələ yoxdur. Xalamla münaqişəmiz olub, təhqir ittihamı ilə iddia irəli sürülüb. Məsələ bundan ibarətdir. Mən Türkiyə vətəndaşı qalmaq istəyirəm”. Sevinc Atakay məhkəmənin qərarı ilə əlaqədar Anayasa Məhkəməsində apellyasiya işi açacağını deyib: "Lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəm”.

Xatırladaq ki, Türkiyədə məlum terror hadisələrindən sonra ölkədə yaşayan digər dövlətlərin vətəndaşlarına, hətta ölkə vətəndaşı olan başqa xalqların nümayəndələrinə qarşı ciddi nəzarət mexanizmi həyata keçirilir. Təhlükəsizlik baxımından bütün əcnəbilərin fəaliyyəti tək-tək araşdırılır və terror qruplaşmaları ilə əlaqələri sübut olunan şəxsləri və onların yaxınlarını vətəndaşlıq hüququndan məhrum edirlər. Ancaq bu proses geniş arealı əhatə etdiyi üçün bəzən sui-istifadə hallarına yol verilir və terrorçularla əlaqəsi olmayan insanlar da təzyiqlərə məruz qalırlar. Müxtəlif qadağalarla üzləşən insanlar arasında terror qruplaşmalarına üzv olan şəxslərin həyat yoldaşları və uşaqları da var. Nəzərə alsaq ki, qardaş ölkədə minlərlə azərbaycanlı yaşayır, işləyir və təhsil alır, o halda hökumət tərəfindən atılan bu sərt addımın soydaşlarımıza müəyyən problemlər yaradacığı ehtimal olunur.

Problemlə bağlı "Şərq”ə açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan vətəndaşı olmayan şəxslərlə bağlı konkret və hüquqi addım atmaq mümkün deyil: "Terrorçuluq və cinayət məsələləri hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilindədir. Ona görə də XİN-in bu barədə hər hansı açıqlaması doğru olmaz”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova isə məsələyə fərqli aspektdən yanaşıb. O deyib ki, terroru bütün dünya, eləcə də Azərbaycan lənətləyir. Amma söhbət ondan gedir ki, bu cür taktika ilə bütün qadınlara qarşı birmənalı münasibət göstərilmiş olur: "Əslində ənənəvi olaraq Türkiyədə və Azərbaycanda qadın əri nə deyirsə, onun sözünə qulaq asır. Sadəcə olaraq burda bir nüansa diqqət yetirmək lazımdır. Əgər ittiham olunan qadın dəqiq bilirsə ki, onun həyat yoldaşı birbaşa İŞİD-lə və ya hansısa terror qurplaşması ilə əlaqədədir və bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermirsə, həmin şəxsin vətəndaşlıqdan çıxarılmasını doğru addım hesab etmək olar. Çünki bilib xəbər verməmək həmin hadisədə iştirak kimi dəyərləndirilir. Ancaq ərinin terrorçuluq fəaliyyəti ilə bağlı məlumatsız olan, hətta özü də aldanmışlar sırasında yer alan qadınlara cəza tətbiq etmək ədalətli deyil. Bir şeyi nəzərə almalıyıq ki, İŞİD-in təzyiqlərlə nəzarət altına aldığı qadınlar insan alverinin qurbanları sayılır. Çünki onlar öz istəkləri olmadan nəyəsə məcbur edilirlər. Yəni hər hansı qərar verməzdən öncə məsələlər ciddi araşdırılmalıdır. Görünür, Türkiyə hökuməti birmənalı şəkildə qəti addım atmağı daha məqbul hesab edib. Bəlkə də bunu ona görə edirlər ki, vətəndaşlıqdan çıxmaq istəməyən şəxslər terrorçuluqla bağlı məlumatları dövlətlə paylaşsınlar, yəni gizlətməsinlər. Son dövrlər yaşanan terror hadisələri radikal addımların atılmasını vacib edir”.

M.Zeynalovanın sözlərinə görə, belə çətin məqamlarda, qaçhaqaç zamanında verilən tələsik qərarlarda qurbanların sayı çox olur: "Ola bilsin, Sevinc də həmin qurbanlardan biridir. Xanım Türkiyə vətəndaşı olduğuna görə, Azərbaycan hökuməti reaksiya verə bilmir. Amma istənilən halda dövlətimiz azərbaycanlı qadına dəstəyini verməlidir. Yəqin ki, milli təhlükəsizlik orqanları bu məsələ ilə bağlı məlumatlıdır. Hər halda öz ölkəmizlə bağlı təhlükəni aradan qaldırmaq üçün müəyyən araşdırmalar aparılmalıdır. Çünki terrorizmlə əlaqəsi sübut olunan həmin xanımın sabah Azərbaycana gəlməsi bizim üçün də təhlükə yarada bilər. Yox, əgər günahsızdırsa, onda dövlətimiz öz insanını müdafiə etməlidir”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə hesab edir ki, Türkiyə hökuməti öz təhlükəsizliyini qorumaq üçün bütün terrorçu ailəsini ölkəsindən uzaqlaşdıra bilər. Təbii ki, əgər həmin şəxslərin terrorçularla əməkdaşlığı dəqiq sübut olunubsa: "Türkiyə öz qanunlarını tətbiq edir. Biz onlara müdaxilə edə bilmərik. Yəqin ki, qərar verən məhkəmənin əlində yetərli dəlillər var. Əgər Türkiyədə yaşayan hansısa azərbaycanlı qadının əri terrorçularla birgə işləyirsə, dolayısı yolla həmin xanım da məsuliyyət daşıyır. Əksinə, məhkəmə konkret qərar versə ki, filan qadının terrorla bağlılığı yoxdur, o zaman biz hüquq müdafiəçisi olaraq məsələyə müdaxilə edə bilərik. Bir şeyi vurğulayım ki, Türkiyə məhkəmələri çox normal fəaliyyət göstərir. Sevinc İsmayılova yaxşı vəkil tutaraq günahsız olduğunu isbat edə bilər”.

İsmayıl