“Təşkilatçılığımız qüsursuz və olduqca yüksək səviyyədə idi” - Millət vəkili

UEFA Avropa Liqasının Bakıda keçirlən final oyunu uğurla başa çatdı. Bu, bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.
Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir.
Hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın şəkildə ortaya qoydu.
Hazırlığın yüksək səviyyəsi xaricdəki anti- Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt üst etdi, başlanmasına cəhd edilən "qara piar” kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.
Bu uğulu nəticə ilə Azərbaycan təsdiq etdi ki, ölkəmiz 2020- ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.
Millət vəkili, əməkdar elm xadimi Ağacan Abıyev "Sherg.az”a açıqlamasında qeyd edib ki, ölkəmizdə beynəlxalq tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunub:
"Azərbaycan dünya çempionatlarına, olimpiya lisenziya yarışlarına da ev sahibliyi edib. Azərbaycan I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Dünya və Avropa çempionatlarını yüksək səviyyədə həyata keçirdi. Bu, Azərbaycan üçün yeni təcrübə deyil. Bir ölkənin iki komandasının paytaxtımızda oynaması böyük hadisədir.
 Həmin komandalara lazım idi ki, oyun bizim ölkədə keçirilsin. Çünki onlar yaxşı bilir ki, final oyununun neytral ölkədə baş tutması daha arzuolunandır. Kifayət qədər maraqlı oyun keçdi. Amma ən əsası odur ki, təşkilatçılığımız olduqca qüsursuz və yüksək səviyyədə idi. Əlbəttə, bununla bizi istəməyən qüvvələrə bir daha sübut etdik ki, Azərbaycan sabit, stabil və təhlükəsiz ölkədir. Azərbaycan bütün beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək iqtidarındadır.
Bununla ölkəmiz 2020- ci ildə Avropa Çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil edə biləcəyimizə dair hər hansı bir şübhəyə yer qoymadı”.
Yeganə Bayramova