Tibb işçilərinin sosial müdafiəsi güclənir: "Həkimlərin əmək haqlarının artırılması istiqamətində tədbirlər görülür"

"Prezidentin hər zaman vətəndaşlara qayğısı var. Ölkə başçısının məqsədi odur ki, əhalimiz sağlam və firavan olsun”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, ölkə başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir:
"Son illər 650-dən çox yeni tibb müəssisələrinin tikilməsi, əsaslı təmir işlərinin görülməsi, xəstəxanaların müasir avadanlıqlarla təchiz olunması, dövlət vəsaiti hesabına ildə 5 milyondan çox vətəndaşın icbari tibbi müayinələrə cəlb olunması, 16 əsas və sosial-ictimai əhəmiyyət daşıyan xəstəliyin dövlət büdcəsindən ayrıca proqramlar şəklində maliyyələşdirilməsi, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan səhiyyə xərclərinin 1 milyard manatı ötməsi vətəndaşlarımızın sağlamlığının qorunması sahəsində dövlətin qayğısını göstərir. 
Cənab prezident açılışda söylədi ki, bizim artıq səhiyyə sahəsində əldə etdiyimiz nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın dünyada reytinqinin artmasına xidmət edir. Amma əsas məsələ budur ki, dövlət başçısının vətəndaşlara qayğısı var. Prezidentin məqsədi odur ki, əhalimiz sağlam və firavan olsun. Bu mənada görülən işlər daha da davamlı olacaq”.
Millət vəkili bildirib ki, gələn ildən etibarən icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqinə başlanılacaq: 
"Bütün bunlar vətəndaşlarımızın tibbi xidmətlərə əlçatanlığını yaxşılaşdıracaq və tibbi xidmətin keyfiyyətini daha da yüksəldəcək. Ümumiyyətlə, səhiyyə sahəsi dövlətin sosial siyasətində hər zaman mühüm istiqamət olub. Dövlətimiz də bu istiqamətdə həmişə vətəndaşlarımıza göstərilən xidmətin keyfiyyətinin yüksəlməsi üçün lazımlı addımlar atır. Cənab prezidentin və birinci xanım Mehriban Əliyevanın açılışda iştirak etməsi, tibb işçiləri ilə görüşməsi, onlara xoş arzularını bildirməsi və gələcəkdə belə layihələrin davamlı olduğunu söyləməsi tibb sahəsinin həmişə diqqət mərkəzində olduğunu ifadə edir. Tibb işçilərinin də sosial müdafiəsi güclənir, əmək haqlarının artırılması istiqamətində tədbirlər görülür. İcbari tibbi sığorta tam tətbiq olunduqdan sonra demək olar ki, bu sahədə heç bir problem olmayacaq”.
Qeyd edək ki, dekabrın 18-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Yeganə Bayramova