Tıxac olmayacaq
Sumqayıta elektrik qatarı gedəcək
Bakıda tıxac problemi kəskin xarakter almaqda davam edir. Tıxac məsələsinin həlli üçün bir çox işlər görülüb. Yollar genişləndirilib, müxtəlif körpülər salınıb. Amma yenə də tıxac məsələsi aktual olaraq qalır. Ekspertlər isə hesab edir ki, Bakıda tıxacların qarşısını almaq üçün elektrik qatarları geri qaytarılmalıdır.
"Azərbaycan Dəmir Yolları” QSC isə artıq bu istiqamətdə real addımların atıldığına dair məlumat yayıb. Məlumata görə, Bakı - Xırdalan -Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 11 km yol əsaslı təmir olunub. Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
"Elektriçka”ların bərpa edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayan ekspert Azər Allahverənov hesab edir ki, bu, tıxaclardan yorulan və elektrik qatarlarında daha da rahat şəkildə mənzil başına çatmaq istəyən vətəndaşlar üçün şad xəbərdir. Onun sözlərinə görə, elektrik qatarlarının bərpası əhalinin tıxaca düşmək məsələsini müəyyən qədər aradan qaldıra biləcək: "Ölkəmizdə elektrik qatarlarının bərpası tərəfdarları və istərsə də, opponentləri kifayət qədərdir. Faktiki olaraq, dünyanın aparıcı dövlətlərinin iri şəhərləri, meqapolislərində bu nəqliyyat növlərindən geniş şəkildə istifadə edirlər. "Elektriçkalar” faktiki olaraq əvəzedilməz bir nəqliyyat vasitəsidir. Ekoloji cəhətdən sərfəlidir, təhlükəsizlik nöqteyi-nəzərdən də onlara böyük ehtiyac var. Həmçinin, vaxta kifayət qədər qənaət edən nəqliyyatdır. Azərbaycanda düşünə bilərlər ki, qatarlar bir qədər asta gedir. Lakin məsələ ondadır ki, onlar heç zaman tıxacda qalmır. Onlar üçün ayrıca salınan yollar olur və tramvaylar da bu yollarla hərəkət edir. Belədə əhali istər-istəməz tıxacda qalmadan müəyyən olunmuş ünvana vaxtında və təhlükəsiz şəkildə çatır. Yəni ekoloji cəhətdən sərfəli olması, təhlükəsizlik və vaxtında mənzil başına çatmaq nöqteyi-nəzərdən tramvaylar çox münasib nəqliyyat növüdür. Bakı şəhəri üçün də bu üç şərtin işləməsi çox önəmlidir. Şəhər və nəqliyyat infrastrukturu kifayət qədər yüklənib və proses belədə paytaxtın ekoloji mühitinə mənfi təsir göstərir, havaya atılan tullantıların həcmi də müəyyən olunmuş normadan artıq olur. Məsələn, yeni salınmış yollarda onu nəzərdə tutmaq, müəyyən qəsəbələri bir-birilə əlaqələndirmək baxımından, nəzərdən keçiriləsi məsələdir. Amma bu
layihənin bütün aspektləri də nəzərdən qaçmamalıdır. Onun yol infrastrukturuna uyğunlaşdırılması vacibdir, verəcəyi dividendlər də hesablanmalıdır. İlkin qənaətimə görə, tramvayların Bakının müəyyən ərazilərində bərpasına böyük ehtiyac var. İnsanlar yollarda hər hansı bir təmir işləri aparılan zaman yolun bağlanmasından çox gileylidir. Amma hansısa bir ciddi nailiyyətə imza atmaq istəyiriksə, müəyyən məsələlər nəzərə alınmaqla, proses kompleks şəkildə həll edilməlidir. Elektrik qatarlarının bərpası tıxacların da qismən aradan qaldırılmasına xidmət edən bir məsələdir. Hazırda tıxacda qalan insanların müəyyən hissəsi ictimai nəqliyyatdan istifadə edənlərdən ibarətdir. "Elektriçka”ların bərpası isə tıxacları qismən aradan qaldıracaq”.
Sumqayıtda yaşayan AVCİA eksperti Məhərrəm Zülfüqarlı da elektrik qatarlarının bərpasını yüksək dəyərləndirir. Onun sözlərinə görə, "elektriçka”ların birbaşa Bakı-Xırdalan-Sumqayıt xətti ilə hərəkət etməsi də təqdirəlaiyqdir: "Əvvəllər elektrik qatarı Abşeron kəndlərindən keçib, Sumqayıta gedirdi. Bu da kifayət qədər vaxt itkisinə səbəb olurdu. Avtovağzal tərəfdən üzü Sumqayıta tərəf yerüstü sürət qatarının çəkilməsi çox yaxşı olardı. Hətta həmin xətti Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər də uzatmaq olar. Əvvəlki elektrik qatarlarının bütün Abşeron kəndlərini fırlanaraq Sumqayıta getməsi sovet dövrünün ləngliyinin nəticəsi idi”.
M.Zülfüqarlının sözlərinə görə, paytaxtda müasir "elektriçka”ların bərpası da tıxacların azalması ilə nəticələnər: "Avtobusların sayı "n” qədərdir. Bu səbəbdən də baş verən qəzaların sayı-hesabı yoxdur. "Elektriçka” sürücüləri daha məsuliyyətli olurlar. Hər biri xüsusi təlim keçmiş insanlar olur. Avtobus sürücülərinin isə əksəriyyətinin sürücülük vəsiqəsi belə olmur”.
Şəymən