“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi “dəyirmi masa” təşkil edəcək
Tədbirin keçirilmə vaxtı və müzakirə mövzusu ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək
Ötən gün KXCP-nin qərargahında "Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının iclası keçirilib. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Şərq”ə verdiyi açıqlamada deyib ki, iclasda mərkəzin fəaliyyət istiqamətinin müəyyən edilməsi müzakirə olunub.
Eyni zamanda əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı ümumi razılığa gəlinib: "İclasda qurumun illik fəaliyyət proqramının hazırlanması ilə bağlı işçi qrupu yaradıldı və Şura üzvləri arasında iş bölgüsü aparıldı. Fəaliyyətimizin sistemləşdirilməsi məsələləri ətrafında da müzakirələr apardıq, bir sıra qərarlar qəbul etdik. Yaratdığımız Siyasi Əməkdaşlıq Mərkəzini bir növ "Azadlıq-2015” blokunun davamı kimi dəyərləndirmək olar. Amma heyətdə dəyişiklik var. Eyni zamanda münasibətlər sistemində də fərqlər mövcuddur. İndiki Mərkəz az məsuliyyətli münasibətləri özündə ehtiva edən bir siyasi formatdır. Çalışacağıq ki, ümumi səylərlə fəaliyyət göstərək. İmkanlarımız daxilində təmərküzləşək və resurslarımızı birləşdirərək mürəkkəb situasiyada vəziyyətdən baş çıxarda bilək. Hesab edirik ki, indiki gərgin vəziyyətdə partiyalar situasiyaya adekvat fəaliyyət göstərməlidir. Amma təəssüflər olsun ki, müxalif düşərgə vəziyyətə uyğun hərəkət etmir. Biz səylərimizi birləşdirməklə müəyyən qədər irəliləyişə nail olmağa çalışacağıq”. Ə.Əliyev bildirib ki, iclasda əsas iki qərar qəbul edilib: "Əvvəlcə mərkəzin fəaliyyət istiqamətlərini özündə əks etdirən sənədlər imzalandı və bu işə məsul şəxs müəyyən edildi. Daha sonra "dəyirmi masa” təşkil etməyi qərara aldıq. Tədbirin keçirilmə vaxtı və müzakirə mövzusu ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Hələlik qarşımıza qoyduğumuz vəzifələr bunlardır. Fikrimcə, əvvəlki dönəmdə nail ola bilmədiyimiz məsələləri bu dəfə reallaşdıra biləcəyik. Fəaliyyət istiqamətimiz təsdiq olunduqdan sonra partiyalararası inteqrasiya haqqında da düşünəcəyik. Amma bu, növbəti iclasların mövzusudur”.
İsmayıl