Torpaqlarımızın azad olunması mümkün olacaq”- Deputat yol göstərdi




"Aprel döyüşlərindən sonra ermənilər vurğulayırdılar ki, müttəfiqlik münasibətləri olan dövlətin, yəni Rusiyanın silahından ölmək onları mənən aşağılayır, daha da hiddətləndirir”.

Bu barədə Sherg.az-a Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir" bəyanatına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.

 O bildirib ki, Ermənistan 90-cı illərdə SSRİ-nin çöküşündən sonra ən mühüm siyasi, mənəvi, mədəni idarəçilikdə, xüsusilə hərbi qarant kimi Rusiyanı görüb:

"Azərbaycan ərazilərinin ələ keçirilməsində də Rusiyanın o zamankı hakimiyyət təmsilçilərinin Ermənistana böyük dəstəyi olub. İndi ona görə, Rusiyanın Azərbaycana silah satması rəsmi İrəvanı narahat edir. Amma dövlətimiz indiki Rusiya rəhbərliyindən tarix üçün sorğu sual edib, onları cavabdehlik mövqeyinə çəkməkdən uzaqdır. Qəbul etməliyik ki, həmin dövrdə Azərbaycanın özündə də yetərincə səhvlər olub. Hazırda isə Azərbaycan-Rusiya münasibətləri çox uğurlu şəkildə davam etdirilir və bütün mənalarda ermənilərin ziyanına işləyir. Onlar düşünürdülər ki, Bakı və Moskva arasındakı toqquşmalardan hər zamankı kimi faydalanacaqlar. Rusiyanın bütün resursları bizim əleyhimizə işləyəcək, şimal qonşumuzun diplomatik, siyasi, informatik gücü bizi sındıracaq, Azərbaycanın əl-qolu yenə də bağlanacaq. 150 milyona yaxın xalqın, şimal qonşumuzun həqiqətən də beynəlxalq münasibətlər sistemində böyük çəkisi var. Qlobal güclər arasındakı savaş tərəflərindən biridir. Rusiyanın yalnız tankı, topu, raketləri deyil, insani resursları da itkilərimizi artıra bilər. Fərqində olmalıyıq. Siyasi liderlik ondan ibarətdir ki, bölgədəki dövlətlərin çəkisini bilib, buna uyğun, adekvat davranmağı bacarasan. Bu mənada Azərbaycanın Rusiyadan silah alması nəinki Qarabağ münaqişəsinin taleyində, eləcə də bütövlükdə bölgədəki təhlükəsizlikdə yeni fenomen rolunu oynadı”.

Z. Oruc bildirib ki, bir tərəfdən Türkiyənin, Qərb dövlətlərinin buradakı mənafelərindən ehtiyatlanan dövlət nəticə etibarilə Azərbaycanı hərbi embarqoda saxlamaqla bölgədəki gücümüzü idarə etmək niyyətindədir. Deputatın sözlərinə görə, bir neçə ildir ki, Rusiyadan alınan silahlar imkanlarımızı artırmaqla bərabər erməniləri sözün həqiqi mənasında öldürür:

"Bunların nəticəsində bir müddətdir, onlar anti-Rusiya aksiyalarını həyata keçirirlər. Amma E. Nalbandyanın sözləri ilə Rusiya dünya çapında həyata keçirdiyi silah satışı kursunu dayandırası deyil. Rəsmi Moskva da fərqindədir ki, Azərbaycan öz vəsaitləri hesabına hansısa ünvanlardan hərbi texnologiya alacaq. Bununla bərabər Moskvanın əli ilə Azərbaycanı məhv etmək planı ermənilər üçün indi işləmir. Ona görə bu hərbi münasibətlər hazırda bizim mənafeyimizə xidmət edir. Gələcək dövrdə də Azərbaycan Rusiya münasibətlərinin dərinləşməsi ilə torpaqlarımızın işğaldan azad olunması mümkün olacaq”.

Aysel Aslan