Lionel Messi İspaniyada futbol klubunu satın aldı - RƏSMİ

ABŞ-nin "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda (Sequnda) çıxış edən "Eldense" klubunun sahibi olub.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yer alan bəyanatda bildirilir.

"Deportivo Eldense" klubu komandanın Lionel Messi tərəfindən alındığını rəsmən elan edir. Bu, klubun 100 ildən çox tarixi olan səhifəsində yeni və həyəcanverici bir mərhələnin başlanğıcıdır. İdman tarixinin ən mühüm simalarından birinin "Eldense" klubunun sahibi kimi İspaniya peşəkar futboluna gəlişi komandanın idman, institusional və sosial inkişafını stimullaşdırmağa yönəlmiş uzunmüddətli layihənin başlangıcıdır.

1921-ci ildə təsis edilmiş "Eldense" köklərini, tarixini və göy-qırmızı rənglərini qoruyub saxlamaqla yanaşı, peşəkar futbolda öz mövqelərini möhkəmləndirmək və inkişaf etmək iddiaları ilə karyerasında yeni mərhələyə qədəm qoyur. Sövdələşmə "İdman haqqında" qanunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Mərkəzi İdman Departamentindən müvafiq icazənin alınmasını gözləyir", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Sequndada keçirdiyi yeddi oyundan sonra "Eldense" 5 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.