Toylar “öldü”, harda işləyəcəksiz?

Könül Kərimova: “Əgər toya getməsəm, yəqin ki, bir çay evi, ya restoran, kafe işlədərəm”Ədalət Şükürov: “Mən gedib xaricdən nə isə gətirib burada onu satmaq üçün gərək rüsumlar normal olsun ki, gəlir əldə edə bilim”
Nura Suri: "Fikrim var ki, şirniyyat sexi, mağazası açım. Yəni müğənni kimi toylara dəvət olmasa, bu sahədə də çalışa bilərəm”

İzzət Bağırov: "Kim nə iş qura bilibsə, Allah canını sağ etsin. Mənim o imkanım yoxdu ki, əlavə biznes qurub ailəmə əlavə gəlir gətirim”
Azərbaycanda devalvasiyanın olması, sosial durumun bir az çətinliyi hər sahədə olduğu kimi, şou-biznes aləmində olanlara da təsirini göstərdi. Əslində bu həm də insanları bir az düşünməyə, bəlkə bir az da qənaət etməyə öyrətdi.
Vaxtilə tanınmışlar toylarının bol olması, imkanlarının, bahalı maşınlarının varlığı ilə fərqlənməyə çalışırdılarsa, bu gün tanınmış sənət adamları da sıxıntılarını yavaş-yavaş dilə gətirməyə başladılar. Təbii ki, xalqın, cəmiyyətin sosial durumunun zəifliyi birbaşa sənətçilərin gəlirinə də təsirini göstərmiş oldu.
Nəzərə alsaq ki, sənətçilərimizin demək olar ki, əsas gəlir yeri toydu və insanların sosial durumu çətin olduqdan, bu, toylara da təsirini göstərir, onda müğənnilərin nəyə görə sıxıntı yaşadığını anlamaq çətin deyil. Özlərinə mənəm-mənəm deyən müğənnilər də əslində bu gün həm də bir daha onu öyrənmiş oldular ki, onların toylarının bol olması, ulduz həyatı yaşaması əslində cəmiyyətin yaşayış səviyyəsindən asılıdır. Yəni xalqın sosial durumu yaxşı deyilsə, dolanışığı aşağı səviyyədədirsə, toylar da azalır, toya dəvət olunan müğənnilər də.
Bəs devalvasiya sənətçilərin yaşam tərzinə hansı şəkildə təsir göstərdi? Sadə insanların böyük qismində belə bir fikir yaranıb ki, ailəni dolandırmaq üçün ikinci iş yeri tapsınlar. Hərçənd bu gün bir iş yeri tapmaq belə çətinləşib. Hər halda ailənin, sosial ehtiyacların, kommunal xərclərin ödənilməsi üçün bir məvacib yetərli deyil bəzən. O zaman ikinci bir gəlir yeri axtarışı yaranır. Hər kəs bacardığı başqa bir sahədə işləməyə can atır ki, ailənin ehtiyacını ödəsin. Kimisi şəxsi maşını ilə taksiçiliklə məşbul olur, kimisi kənarda dükan, kafe işlədir, digəri dayə kimi çalışmağa çalışır. Hər halda insanların ailəni dolandırmaq üçün ikinci bir işə ehtiyacı yaranıb. Bəs görən, tanınmşılar bugünkü krizisi görüb nə düşünürlər? Onlar ailələrini dolandırmaq üçün ikinci bir işlə məşğul ola bilərmi? Tanınmışlar oxumaqdan başqa daha hansı sahədə gəlir əldə etməyin yollarını bilirlər? Çətinə düşsələr, toylarda müğənnilərə tələbat tam azalsa, başqa hansı sahədə gəlir əldə edə bilərlər?
Ailəni dolandırmaq üçün tanınmışlar daha hansı yolla gəlir əldə etməyin yollarını axtarırlar? Bu suallarla Azərbaycanın tanınmış simalarına üz tutduq.
Tanınmış müğənni Könül Kərimova bugünkü devalvasiya ilə bağlı danışarkən digərlərindən fərqli olaraq pozitiv olduğunu söylədi: "Mən həyatda hər şeyə soyuqqanlı yanaşıram. Yəni bu gün vəziyyət nə qədər çətin olsa belə, mən bunu faciəyə çevirməyi sevmirəm. Bu gün çətindisə, sabah düzəlmək imkanı var. Düzdü, hamı çalışır yaxşı dolansın. Mənim də çətin vaxtlarım olub. Amma bunu dəhşət kimi qəbul etmək lazım deyil. İstedad var, öz yerində. Amma sabah çətin olar, çıxış yolu da tapmaq olar. Əslində bu gün başa düşürəm ki, sabahımızı sırf toya bağlamaq düzgün deyil. Düzü, ağıllı müğənni özünə az-çox gün ağlayıb. Yəni insana nə lazımdı? Ev-eşik, maşın, bir tikə də çörək. Yəni şükür, bunları ailəm üçün yaratmışam. Düzdü, bu o demək deyil ki, əlavə gəlir yeri lazım deyil. Mənim arzum olub ki, bir xudmani çay evim olsun. Əgər toya getməsəm, yəqin ki, bir çay evi, ya restoran, kafe işlədərəm. Yer ala bilməsəm də, evimin aşağı hissəsində bir məkan qura bilərəm. Əsas odur ki, insan sabaha inamını itirməsin. Nə bilim, mağaza aça bilərəm. Ac qalmaram. Ciddi deyirəm ki, zəif qadın deyiləm. Yəni axır ki, bir iş qura bilərəm. İşləmək istəyən insan özünü dolandırmağı bacarır. Mənim üçün insanın peşəsinin fərqi yoxdu. Əsas odu iş olsun. Restoranda ofisiant işləyən də çörək pulu qazanırsa, bunun üçün tanınmaq lazım deyil”.
Əməkdar artist Ədalət Şükürov da devalvasiyadan danışdı. "Ailəni dolandırmaq üçün əlavə gəlir yeri kimi hansı sahədə çalışa bilərsiz” sualına Ədalət Şükürov "Hazırda toylar demək olar ki, yoxdu. Müğənnilərin əksəriyyətinin nəyi isə var. Kiminsə dükanı, kiminsə salonu, kiminsə bir əlavə gəlir yeri. Mənim hazırda heç bir əlavə biznesim, gəlir yerim yoxdu. Bizim ailədə belə qərara gəlmişdik ki, heç bir obyekt, bizneslə məşğul olmayaq. Bir müddət əvvəl turizm şirkətimiz var idi. Onu da bağladıq. Bir müddət aptekim də var idi. Aptek də işlətmişəm. Amma bu gün heç bir əlavə gəlir yerim yoxdu. Sankt-Peterburqda olanda bizneslə məşbul olmuşam. 15 ildi müğənnilik edirəm. O zaman da Bakıya gələndə Sankt-Peterburqdakı obyektlərimi satdım. Yəni o da bir krizis dönəmi oldu. 1998-ci ildə bir krizis oldu. Açığı, bunlardan sonra bizneslə məşğul olmaq istəmədim. Bu gün ancaq müğənni kimi fəaliyyət göstərirəm. Toy da yoxdu. İnsanların dolanışığı yaxşı olmayanda, təbii ki, toy da az olur. Toy az oldusa, bizim də gəlirimiz az olur. Bir də biz əldə etdiyimiz gəliri həm də yaradıcılığa sərf etmək məcburiyyətində qalırıq. Bu da o deməkdi ki, gəlir az oldusa, bunlarda da çətinlik yaranır. Mən ailəmi dolandırmaq üçün əlavə gəlir yeri kimi iş görə bilərəm. Bunun üçün vergilər azalmalıdı, gömrük sistemində rüsumlar minimum həddə çatmalıdır ki, iş görə biləsən. Bu da birbaşa dövlətin nəzarətində olur. Yəni dövlət bu rüsumları aşağı salmalıdır ki, insanlar gəlir yeri kimi bizneslə məşğul ola bilsinlər. Mən gedib xaricdən nə isə gətirib burada onu satmaq üçün gərək rüsumlar normal olsun ki, gəlir əldə edə bilim. Yenə deyirəm, təbii ki, imkan olsa, bizneslə məşğul ola bilərəm. Mənim iki ali təhsilim var, elmlər namizədiyəm. Yəni bu biznesin sirlərini də bilirəm. Amma imkan yaradılmalıdır ki, insanlar ailələrini dolandıra bilsinlər, bu krizisdən çıxsınlar. Bunun da bir yolu var, dövlət tərəfindən vergilər. Gömrük rüsumları azaldılmalıdır ki, insanlar iş görüb gəlir əldə edə bilsinlər. Bu vəsiyyət təbii ki, hər bir ailə başçısı kimi məni də düşündürür. Və istərdim ki, ailəmə əlavə gəlir gətirə bilim. Amma şərait olsa. İnsanların 90 faizi neftlə məşğul deyil ki? Yəni qeyri-neft sektorları ilə məşğul olmaq üçün sistem sadələşdirilməlidir. Bu gün neft sektorundan əlavə də sahələr var ki, onları inkişaf etdirmək olar. Sadəcə, belə krizis dönəmində bunun üçün şərait yaratmaq vacib amildir ki, iş görmək imkanı olanlar, heç olmasa, nə isə edə bilsinlər”.
Müğənni Nura Suri də son vaxtlar toyların azalması, ölkədə devalvasiyanın yaşandığını dilə gətirdi. Müğənni ailəsini dolandırmaq üçün müğənnilikdən əlavə başqa sahələrdə də çalışmaq ehtimalının olmasını dilə gətirdi: "Onsuz da müğənnilərin gəliri iki hissəyə bölünür. 6 ay qazanıb, 6 ay xərcləyirlər. Yəni məhərrəmlik, orucluq ayları-filan. Müğənni nə qədər çox qazansa da, gəlirinin bir hissəsini yenə sənətinə xərcləyir. Yəni müğənni tanınmaq üçün pul xərcləməlidir. Bunun üçün də toya getməlidir. Toya gedənə qədər də "raskrutka”sı olmalıdır. Bunlar vəsait tələb edir. Mən bir müddət piarım üçün çalışmışam. Əvvəllər adım üçün çalışırdım, indi ad mənə çalışır, gəlir əldə edirəm. Tanınmaq üçün pul qoyulur. Sonra bir mahnı əldə etmək üçün 5 min manat pul xərclənir. Hələ ona klip çək, radioda reklamını təşkil et, təqdimat et. Bunlar da müğənninin cibindən gedir. Bizdə elə qurumlar, nə bilim, şirkətlər yoxdu ki, müqavilə bağlayasan, çalışasan. Gəlir yerimiz toydu. Mən əldə etdiyim gəlirin böyük hissəsini də övladlarımın təhsilinə xərcləyirəm. Qaldı digər məsələlərə, mən son vaxtlar qənaət etməyə çalışıram. Əvvəllər hər gün salona gedirdim, indi bunu özüm edirəm ki, qənaət edə bilim. Çünki az-çox mən vizaj etməyi bacarıram. Bir də son vaxtlar Azərbaycanda fəaliyyət göstərən brend mağazalarla işləyirəm. Onlarla fotomodel kimi çalışıb ya geyimlərimi əldə edirəm, ya qonorar alıram. Bir də mənim ən böyük istəyim şirniyyat mağazası açmaqdı. Bu il istəyirdim. Amma hazırda maliyyə sıxıntısı hər yerdə var, bankdan kredit götürmək ağılsızlıq olar deyə dayandım. Amma gələcəkdə fikrim var ki, şirniyyat sexi, mağazası açım. Yəni müğənni kimi toylara dəvət olmasa, bu sahədə də çalışa bilərəm. Amma hazırda heç bir biznesim yoxdu”.
Müğənni İzzət Bağırov da son dönəmlər hər kəs kimi maliyyə sıxıntısı yaşadığını dilə gətirdi: "Mən sadə həyat tərzi yaşayan insanam. Ailəmi də qənaətə öyrətmişəm. Şərt o deyil ki, var- dövlətin çoxdusa, dağıtmalısan. Mən heç vaxt bunun tərəfdarı olmamışam. Artıq bir neçə ildi ailəmi qənaətlə idarə edirəm. Özünü göstərmək, ulduzluq etmək düzgün deyil. Mən mömin insanam. Allah bunu sevmir. Qaldı toya, əvvəllər də toyum az idi, indi də demək olar yoxdu. Sadəcə, mən heç vaxt özümü sındırmamışam. Hamı necə yaşayır, mən də elə. Bir tikə uşaqlarıma çörək pulu qazanıramsa, şükr etməyi bacarıram. Qaldı başqa bir sahə ilə məşğul olmağa, ya da biznes qurmağa, bunun üçün də vəsait lazımdı. Obyekt işlətmək üçün 30-40 min də az edər. Gərək heç olmasa 100.000 pulun ola ki, bir iş görəsən. Mənim də elə pulum yoxdu. Ona görə də real nə varsa, onunla qane olmağı artıq illərdi öyrənmişəm. Yəni biznes üçün vəsait olmasa, işin tutmaz. Adi bir dükanın kağızı, sənədi nə qədər pul istəyir, üstəlik də, o dükanı doldurmaq üçün də pul lazımdı. Mənim də elə pulum yoxdu. Yenə deyirəm, mən qənaətə öyrəşmiş insanam. Əsas can sağlığıdı. Allah bizi xəstəliklə imtahana çəkməsin. Kim nə iş qura bilibsə, Allah canını sağ etsin. Ağıllı adamdı. Mənim o imkanım yoxdu ki, əlavə biznes qurub ailəmə əlavə gəlir gətirim”.
Tahirə Məmmədqızı