Bu şəhərdə sağlıqla yaşamaq olmur
Təmir-tikinti işləri zamanı fəhlələr də, sakinlər də risk altındadır
Səməd Vurğun küçəsində, Təzə Bazarın yanında toz-dumandan göz-gözü görmür. Buna səbəb isə həmin ərazidə tikinti işlərinin həyata keçirilməsidir. Söküntü zamanı və ya yaşayış binalarının fasadından yonulan daşların tozu şəhər əhalisinin ağzına-burnuna və şübhəsiz, ciyərlərinə dolur. Tikintidə təhlükəsizlik və təmizlik qaydalarına riayət edilmədiyindən ətraf daş-kəsək, taxta parçaları ilə zibillənir.
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Vüqar Tofiqlinin sözlərinə görə, bu işlər aparılarkən tikintidə ümumi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Təbii ki, burada fəhlələrin təhlükəsizliyi ilə yanaşı, sakinlərin də təhlükəsizliyi qorunmalıdır: "Söküntü-tikinti işləri, binaların fasadı yenidən qurularkən sakinlərə dəyən ziyana gəlincə, bu sahədə müəyyən boşluq var. Əslində isə, bu təmir işləri görülərkən sakinlər az əziyyət çəkmir. Aylarla təmir işləri gedir, ətraf toz-torpağın içində olur, bunun yaşlısı, cavanı, uşağı, xəstəsi var.
İnsanlar var ki, tozdan allergiyaya yoluxurlar. Məncə, burada əhaliyə dəyən ziyana görə kompensasiya ödənməlidir. Düzdür, hamımıza xoş gəlir ki, binalar təmir olunur, şəhər gözəlləşir, amma məsələnin başqa tərəfləri də var. Məncə, sakinlərə ziyan dəyməsi məsələsi hüquqi həllini tapmalıdır, bu məsələ ictimai müzakirəyə çıxarılmalı və normativ qaydalar müəyyənləşməlidir. Bina konkret hansısa tikinti şirkəti tərəfindən təmir olunur, yoxsa Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, bunun da önəmi var”.
Professor, tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, tikinti-abadlıq işlərinin insanların, orada çalışan fəhlələrin sağlamlığına dəyə biləcək ziyan minimuma endirilməlidir. Bunun çox sadə üsulları var:
"Onsuz da Bakı küləkli şəhərdir. Burada azacıq toz qatı güclü külək sayəsində burulğan effekti yaradır. Külək tozu sürətlə ətrafa yayır. Ona görə də böyük tikintilər, qazma işləri aparılarkən, bu, nəzərə alınmalıdır. Mən Moskvaya səfərlərim zamanı müşahidə etmişəm ki, orada binaların fasadı təmizlənərkən, hansısa böyük bir tikinti aparılarkən binaların fasadına, tikinti aparılan yer, germetikliyi təmin edən xüsusi materiallarla əhatələnir, binaların fasadına xüsusi örtük çəkilir ki, həm oradakı toz qatı ətrafa yayılmasın, həm də keçib-gedən insanların təhlükəsizliyi təmin edilsin deyə. Təəssüf ki, biz Bakıda nadir hallarda bunun şahidi oluruq.
Binaların fasadı təmizlənir, daşların tozu, çirki camaatın üstünə-başına tökülür. Bundan da dəhşətlisi, üstəlik, bu toz qatı insanların nəfəs borusuna gedir, ətrafdakı ağacların, bitki örtüyünün üstünə hopur. Bu şəraitdə fəhlələr də böyük risk altındadır. Bütün iş günü onlar bu zərərli tozu udurlar. Fəhlələrin nə qoruyucu maskası var, nə xüsusi geyimləri. Daş yonan fəhlələrə mütləq respiratorlar paylanmalıdır, ağızlarını qapamalıdırlar, gözlərinə xüsusi qoruyucu eynək taxmalıdırlar. Bunlar olmadan çalışmaq çox təhlükəlidir. Bu, tikintidə təhlükəsizlik normalarının kobud pozuntusudur. Tikinti materialları xüsusən zərərlidir”.
Bir sıra tikinti materiallarının tərkibində azbest deyilən zərərli maddə olduğunu vurğulayan professor deyib ki, bu da insan orqanizmi üçün təhlükəlidir:
"Nəhəng tikinti aparılan ərazilər gediş-gəliş üçün bağlanmalıdır, avtomobillərə alternativ yollar təklif edilməlidir. Küləkli havada tozlu işlər görülməməlidir. Belə vəziyyətdə əhaliyə tövsiyəmiz budur ki, küçəyə çıxarkən respiratorlardan, ya da heç olmasa, adi tibbi maskalardan istifadə etsinlər, sağlamlıqlarının qayğısına qalsınlar. Fəhlələr də iş icraçısından qoruyucu maskalar, geyimlər tələb etməlidir. Min-bir əziyyətlə qazandıqları pulu sabah dərmana, iynəyə verəcəklər. Sağlamlıqlarının qayğısına qalsınlar”.
Şəymən