
Trabzona sarı...
Gürcüstanın halı 90-cı illərin Azərbaycanını xatırladır


Novruz tətilindən istifadə edərək dostum Nəsimi Cəfərli ilə qədim türk yurdlarından biri, Türkiyənin Trabzon şəhərinə üz tutduq.
Avtobusla yolçuluğumuz Azərbaycan-Gürcüstan sərhəddindən başladı. Qırmızı Körpü Gömrük Keçid məntəqəsində elə də problem yaşamadıq. Təxminən bir saat növbədə gözlədikdən sonra gömrük işçiləri pasport kontrolunu yerinə yetirib uğur arzuladılar. Sonradan gözlədilməmizin səbəbi məlum oldu - əsgərlərin növbə dəyişməsi zamanına düşmüşük. Gürcüstan tərəfinin gömrükçüləri isə gözlətmədilər, pasporta möhür vurub gülümsəyərək bizi yola saldılar. Bundan sonra nəzərdə tutduğumuz kimi Tbilisi avtovağzalına, oradan da Batumiyə, Türkiyə ilə sərhəddə gedib qardaş ölkə ərazisinə keçməliydik.
Səfalət hər gün artır
Gürcüstan tərəfə keçdiyimizdə, Borçalıdan olan azərbaycanlı Rəsul kişinin taksisi ilə birbaşa Tbilisiyə getdik. Sürücümüz Gürcüstandakı vəziyyətdən, dolanışıqdan söz açdı. Ümumi durumun ağır olduğunu, işsizliyin hökm sürdüyünü, gənclərin sərgərdan qaldığını bildirdi. Gürcüstan dövlətinin iqtisadiyyatının inkişaf etmədiyini qətiyyətlə söyləyərək, səfalətin günü-gündən artdığını dedi. Hakimiyyətin borçalılara o qədər də diqqət yetirmədiyindən gileyləndi. Gürcülərdən sonra oradakı toplumlardan say etibarı ilə ən çoxunun soydaşlarımız olduğunu nəzərə alsaq, Borçalı əhalisindən dövlət qurumunda çalışanların çox cüzi olmasının səbəbini soruşdum. Rəsul kişi bunun günahını yarıya böldü - 50 faiz hökumət günahkardırsa, günahın 50 faizi də soydaşlarımızın üzərinə düşür. Hökumət azərbaycanlıların dövlət qurumlarında təmsil olunmasında maraqlı deyil. Gürcülərə bu sərf edir. Amma gürcü dilini bilənlər, savadlı gənclər irəli gedə bilirlər, vəzifə sahibi olmaq imkanları var. Amma bir qədər tənbəllik edirlər. Rəsul kişi deyir ki, Gürcüstanın böyük rayonlarından ikisi Borçalıdadır - Marneuli və Bolnisi. Hər iki rayonun rəhbəri isə gürcü əsillidir. Bu fakt müəyyən qədər həqiqəti görməyə imkan yaradır. Halbuki Gürcüstanın əhalisindən sonra say etibarı ilə ən çoxu azərbaycanlılardır. Marneuli və Bolnisi rayonlarının əhalisinin 95 faizini aborogen əhali olan azərbaycanlılar təşkil etdiyinə görə, rəhbər də Borçalı türkü olmalı idi. Azərbaycanlılara məxsus kəndlərin isə adlarının dəyişdirildiyini, bu prosesin davam etdiyini isə yol kənarlarını seyr etməklə görmək mümkündür.
Tbilisi avtovağzalına çatdığımızda, taksi sürücüsünün "Gürcüstan iqtisadiyyatı pis gündədir, dolanışıq zəifdir, əhali dilənçi kökündədir” - sözlərinin həqiqət olduğunu müşahidə etdim. İnsanların adi geyiminə nəzər saldıqda ölkənin həddindən artıq kasıb olduğunu müşahidə etmək o qədər də çətin deyil. Vağzal ətrafında addım başı dayanan dilənçilər, taksi sürücülərinin müştəriyə görə bir-birini acılaması, 10 lariyə görə az qala bıçaqlaşma səviyyəsinə çatan davalar, köhnə, nimdaş avtomobillərin Tbilisi küçələrində şütüməsi, insanların üzündəki kədər başqa söz deməyə lüzum qoymur. Gürcüstan bu gün 1990-cı illərin Azərbaycanını, Tbilisi isə həmin illərin Bakısını xatırladır. Qafqazın mədəniyyət mərkəzi sayılan Gürcüstan paytaxtının demək olar ki, hər küçəsini kazinolar və fahişəxanalar bəzəyir. Qeyd edim ki, Gürcüstanda kazinolar və fahişəxanalar dövlət səviyyəsində himayə olunur, leqal fəaliyyətdədirlər. Fahişəxanalar və qumar mərkəzləri dövlət büdcəsinə vergi ödəyirlər.
"Gürcü arzusu” puç oldu
Tbilisinin maraqlı cəhətlərindən biri də, küçələrində yol polisinin və radarlarının olmamasıdır. Buna görə də avtomobillər şəhər küçələrində sözün həqiqi mənasında at oynadırlar. Sürücü mədəniyyəti demək olar ki, sıfra bərabərdir. Bir qayda olaraq sürücü və yandakı sərnişinlər qoruyucu kəmərdən istifadə etsələr də, yol hərəkəti qaydalarının digərlərindən istifadə ümumiyyətlə olunmur. Avtomobilin normadan artıq sürətlə hərəkəti, işıqforu qırmızıda keçmək, keçidlərdə piyadalara yol verilməməsi, istənilən an qəza şəraitinin yaranması adi haldır. Taksi sürücüsündən qəzalar haqqında soruşduqda, hər gün qəza, insanın maşınla vurulmasının baş verdiyini dedi.
Tbilisinin mərkəzi küçələri göz oxşasa da, kənarları Azərbaycanın kənd rayonlarındakı küçələrdən də bərbad vəziyyətdədir. Bizi Batumiyə aparacaq avtobusun çıxmasına 2 saatdan artıq vaxt olduğu üçün fürsətdən istifadə edərək sadə əhali ilə ordan-burdan söhbətləşmək imkanımız oldu, siyasi durum haqqında suallar verdik. Hazırda hakimiyyətdə olan "Gürcü
arzusu” insanların dediyinə görə, etimadı doğrultmayıb. Əvvəlki prezident Mixail Saakaşvilini yenidən xalqın hakimiyyətə gətirəcəyini deyən sadə camaat düşünür ki, "Gürcü arzusu” mövcud olan sistemi də dağıtmaqla məşğuldur.
Gürcüstanı demək olar ki, "qlavnı” idarə edir”
"Saakaşvili hakimiyyətə gəldi, demokratik dəyərlər formalaşdırdı, rüşvətin qarşısını tam aldı. Xarici qrantlar hesabına bir müddət Gürcüstanı inkişafa aparmaq istədi. Düzdü, 2008-ci ilin müharibəsi bizə böyük ziyan vurdu. Amma Mişa turizmi inkişaf etdirirdi, ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq istiqamətində addımlar atırdı. Bir neçə ilə vəziyyətimiz düzələcəkdi. İvanaşvili isə gəlib bir anda hər şeyi bərbad etdi. İndi prezident Marqvelaşvilidir. Amma adı prezidentdir. Gürcüstanı demək olar ki, "qlavnı” idarə edir”. Bu bir gürcü taksi sürücüsünün söylədikləridir. "Qlavnı” dedikdə isə, sürücü baş nazir İrakli Qaribaşvilini nəzərdə tuturdu. Bildirdiyinə görə, yenidən xırda-xırda rüşvət almalara başlanılıb. Bu, iri korrupsiyanın yenidən formalaşması üçün başlanğıc sayılır. Saakaşvilinin zamanında ölkədə yaradılan sabitlik, məşhur gürcü avtoritetlərinin ölkədən çıxarılmasına başlanılmışdı. Amma indi kriminal ünsürlərin də sayının artdığı deyilir. Sürücü sonda bildirdi ki, növbəti seçkilərdə güman ki, Saakaşvili hakimiyyətə qayıdacaq.
Dəyişməyən əlifba
Gürcüstan haqqında bir məsələni də qeyd etmək istəyirəm. Deməli, bu dövlətdə əlifba dəyişmədiyi üçün, turistlər üçün ciddi problemlər yaranır. Xüsusən də yer adları ilə bağlı Gürcüstanın qonaqları əziyyət çəkirlər. Düzdü, bəzi yerlərdə gürcü dilində yazılan adlar, altında latın qrafikası ilə də qeyd olunur. Amma bu, cüzidir. Məsələn, Tbilisidə avtovağzaldan Orta Çala deyilən yerə, bir əcnəbi anlamayacaq ki, hansı marşrutla getmək lazımdır. Halbuki gürcü dilindən əlavə yer adları latınca da qeyd edilməlidir.
Türkiyəyə keçid
Tbilisi-Batumi avtobusuna oturduqda artıq gecə saat 12 idi. Səhər saat 6-da isə Gürcüstan-Türkiyə sərhədində idik. Sarp Gömrük Keçid Məntəqəsində pasport kontrolundan sonra qardaş Türkiyənin Artvin rayonuna ayaq basdıq. Batumi ilə Artvini ayıran məsafə, yəni neytral zona təxminən 500 metrəyə qədər olsa da, aradakı fərq 50 ilə qədərdir. Türkiyəyə daxil olan an Avropada, inkişaf etmiş bir ölkədə olduğunu hiss edirsən. Dolayısı ilə Gürcüstan Türkiyəyə nisbətdə 50 il, bəlkə də daha çox geridə qalıb. Sarp sərhəd məntəqəsindən 3 gün qalacağımız Trabzon şəhərinə qədər olan məsafə 3 saatlıq yoldur. Trabzona gedərkən yolun sağında Qara dənizin mənzərəsi, solunda isə Artvinin, Rizənin qəsəbələrinin göz oxşaması yolçuluğu insana hiss etdirmir. Türkiyə saatı ilə 8-də, artıq Trabzon avtovağzalında endik.
P.S. Gələn yazımda qardaş ölkənin ən qədim məskənlərindən sayılan, Qara dəniz bölgəsinin iki böyük şəhərindən biri, "şahzadələr şəhəri” adlandırılan Trabzon, oranın insanları, yaşayış vəziyyəti, gündəlik həyatları haqqında yazacam.
Anar Bayramoğlu