Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi qorumağa çalışır
Tramp qalib kimi görünür
Sanksiyalar Rusiyanı çökdürüb, xalqa veriləcək vəd qalmayıb
Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi qorumağa çalışır
Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi qorumağa çalışır
ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl səsləndirdiyi "Rusiya, raketlərə hazır ol” bəyanatından sonra növbəti açıqlama verib. Ağ Ev rəhbərinin ikinci bəyanatı da böyük müzakirələrə səbəb olub. Tramp bildirib ki, onların Suriya üzərinə hücumu yaxın zamanlarda da ola bilər, yaxın olmayan müddətdə də. Yəni Tramp hücum vaxtının hələlik müəyyənləşmədiyini deyib: "Suriyanı dərhal vura bilərik, heç vurmaya da bilərik. Nə vaxt hücum edəcəyimizlə bağlı dəqiq zaman deməmişəm”.
ABŞ dövlət katibi: "Rusiyaya qarşı "yumşaq siyasət” dövrü bitdi”
ABŞ Dövlət Departamentinin yeni başçısı Mayk Pompeo deyib ki, Rusiyaya qarşı "yumşaq siyasət” dövrü başa çatıb. Onun sözlərinə görə, Rusiya təcavüzkar fəaliyyətini davam etdirir və Tramp administrasiyası onu ABŞ-a təhdid kimi görür: "Moskva ilə dialoq imkanlarını saxlamaq tərəfdarıyam. Rusiya ilə diplomatik münasibətlər qəlizdir, lakin bunu etmək lazımdır”.
"Krımda etdikləri nəticəsiz qalmayacaq”
NATO baş katibi Yens Stoltenberq deyib ki, hərbi alyans Rusiyaya qarşı fəaliyyətlərdə daha qərarlı olmalıdır: "Moskvaya göstərmək lazımdır ki, onun Krımda etdikləri, kiberhücumları nəticəsiz qalmayacaq. Moskva Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir və öz nüvə arsenalını modernləşdirir. Rusiya hakimiyyətinin nüvə silahının istifadəsi ilə bağlı psixoloji baryeri artıq azalır. Rusiya öz davranışını dəyişməyənə qədər NATO qüvvələri Şərqi Avropada qalacaq, Moskvaya qarşı sanksiyalar ləğv edilməyəcək”.
General - "Üçüncü dünya müharibəsi gözlənilir”
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Anatoli Lopata deyib ki, üçüncü dünya müharibəsinin başlanması təhlükəsi mövcuddur: "Bəzi sərt bəyanatlara rəğmən dünya hələ də bu tip şeylərin qarşısının alınması üçün müəyyən sistemə sahibdir. ABŞ və Rusiyanın münasibətlərinin kəskinləşməsi müsbət heç nə vəd etmir. Kreml üçüncü dünya müharibəsini başlatmaq üçün nə mənəvi, nə iqtisadi, nə də siyasi imkanlara sahibdir”.
NATO Ankaradan bunu istəyir
ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadə olunmaq məsələsi gündəmdədir. Türkiyə ilə NATO arasında bununla bağlı müzakirə aparılacağı deyilir. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, bu haqda müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri zamanı aparılacaq. Türkiyənin bu əməliyyata dəstək verib-verməməsinə gəlincə, Hami Aksoy kimyəvi hücumun insanlığa qarşı törədilmiş cinayət olduğunu və belə bir hücumun təkrarlanmaması üçün günahkarların cəzalandırılmalı olduğunu bildirib.
Rəsmi Moskvadan Trampa cavab: "Ordu Şərqi Quta bölgəsinə göndərildi...”
Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Əməliyyat İdarəsinin rəis müavini, general Viktor Poznihir rus ordusunun Şərqi Quta bölgəsinə daxil olacağını deyib. Rus general bununla yanaşı, kimyəvi silah hücumu ilə bağlı sensasion iddia irəli sürüb. Onun sözlərinə görə, bu hücumu Əsəd rejimi deyil, "Nusra Cəbhəsi” qruplaşmasının tərkibində hökumətə qarşı döyüşən "Ağ Beretli”lər qrupu edib. Rusiya Prezidenti Putin isə ABŞ-ın təhdidlərinə təmkinli reaksiya verib. O, Trampın bu gün "Hazır ol, Rusiya, çünki xoş, yeni və ağıllı raketlərimiz gəlir” xəbərdarlığına cavab olaraq bildirib ki, dünyadakı vəziyyət çox narahatedicidir: "Biz sağlam düşüncənin hakim olacağına ümid edirik”.
ABŞ və Rusiya ordusu üz-üzə: rusların qələbə şansı...
"The Drive” qəzetində yer alan məqalədə ABŞ hərbi hava qüvvələri ilə döyüşdə Rusiyanın böyük itkiyə məruz qalacağı deyilib. Məqalədə ABŞ-ın Rusiyanın Suriyadakı mövqelərini vurmasından sonra Moskvanın ona cavab verəcəyi bildirilib. Nəticədə Suriyanın şərqində olan ABŞ-ın dəstəklədiyi Əsəd düşmənlərinin Moskvanın hədəfinə düşəcəyi vurğulanıb: "Rus təyyarələri isə bombardmana başladıqdan sonra böyük itkilərə məruz qalacaqlar. Onlara bu itkini F-22 "Raptor” qırıcıları yaşadacaq. Ruslar yeni silahlarını Suriyada daha çox İŞİD və müxalifətin üzərində sınaqdan keçirirlər. Lakin onların ABŞ hücumuna qarşı daha etibarlı sistemlərdən istifadəsi gözlənilir”. Rusiyanın səmada ABŞ-a uduzacağını hərbi ekspert Pavel Felgenhauer də deyib. O, buna sübut kimi ABŞ ordusunun fevralın 7-də Rusiyaya bağlı qüvvələrə endirdiyi zərbəni göstərib: "Rusiyanın taktiki batalyon qrupu o zaman amerikalılardan çox ağır zərbə aldı. Rusların o zaman havadan müdafiəsi yox idi, üstəlik, onlar radioelektron mübarizə sistemlərinə də malik deyildilər. Amerikalılarda isə bu var idi. Əgər bunlar ruslarda olsaydı, amerikalılar onları kəsəndən sonra hərəkətə keçməli olacaqdılar”.
ABŞ və Rusiyanın hərbi gücü - Müqayisə
Suriya məsələsində ABŞ və Rusiya qarşıdurmasının getdikcə daha gərgin xarakter alması dünyada yeni bir müharibənin başlaması ehtimalını gücləndirib. Artıq dünya mediası bu iki nəhəng dövlətin ordusunu, hərbi potensialını müqayisə etməyə başlayıb. Dünyanın nüfuzlu dərgilərinin apardığı araşdırmaya əsasən, ABŞ və Rusiyanın hərbi gücünün müqayisəsi aşağıdakı kimidir: ABŞ-ın hərbi büdcəsi 647 milyard dollar olduğu halda Rusiyanın hərbi büdcəsi 47 milyard dollardır. Döyüş təyyarələrinin sayı isə ABŞ-da 1962 ədəd, Rusiyada 818 ədəddir. Hücum təyyarələrinin sayına görə də Amerika öndədir. ABŞ 2830 ədəd, Rusiya isə 1416 ədəd təyyarəyə sahibdir. Ölkələrin nüvə potensialı isə müqayisə edilməyib. Bildirilib ki, nüvə silahına əl atılması mümkünsüzdür, əgər istifadə olunarsa, onun sayının fərqi elə də əhəmiyyət daşımır.
"Proseslər lokal qarşıdurmalara səbəb ola bilər”
Siyasi analitik Elçin Mirzəbəyli müharibə ehtimalını daha çox Rusiya ekspertlərinin dilə gətirdiyini deyib. Ekspertin sözlərinə görə, Rusiyada ictimai rəyi bu istiqamətə yönləndirmək üçün bu ölkənin kütləvi informasiya vasitələri ABŞ-la Rusiya arasında müharibənin baş verə biləcəyi ehtimalını daha çox qabardır: "Bu da şübhəsiz ki, məqsədyönlüdür. Çünki xarici düşmən və müharibə amili çox ciddi birləşdirici, həm də kənar meyillərdən çəkindirici amildir. Sanksiyaların ölkə iqtisadiyyatını çökdürdüyü bir dövrdə isə mövcud Rusiya hakimiyyətinin xalqa verə biləcəyi başqa alternativlər yoxdur. İnsanlara "yaxşı həyat” əvəzinə dünyanı dağıda biləcək "yaxşı silah” vəd olunur. Göründüyü kimi, bu amil hələ də Rusiya cəmiyyəti üçün keçərlidir və Kreml bundan məharətlə istifadə edir”.
Analitik qeyd edib ki, proseslərin lokal qarşıdurmalara gətirib çıxara biləcəyi mümkündür:
"Əgər Kreml sadəcə müharibə təbliğatı ilə ictimai sabitliyi uzun müddət qoruyub saxlaya bilməsə, o zaman hərbi provakasiyalarla təbliğatın effektini gücləndirməyə can ata bilər. Amma reallıq ondan ibarətdir ki, bu gün "yaxşı silah” haqqında nağıllarla qlobal iqtisadi proseslərin qarşısını ala bilməzsən. Trampın vergi siyasəti ABŞ iqtisadiyyatını xeyli gücləndirib. Ölkəyə yatırılan investisiyaların həcmi ən yüksək həddə çatıb. Vaxtilə daha ucuz işçi qüvvəsi və əlverişli vergi sisteminə görə ABŞ-ı tərk edən yerli şirkətlər də artıq geriyə qayıtmağa başlayıblar. Rusiyada isə bu proses əks istiqamətdə cərəyan edir. Bu səbəbdən də Kremlin silah və patriotizm təbliğatının uzun müddət effektli olacağını düşünmürəm”.
İsmayıl