Trampa qarşı impiçment tətbiq edilə bilər

Hazırda bir qisim Konqres üzvü Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün hüquqi baza yaradır


Amerika xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ Prezidenti Donald Trampdan məxfi kəşfiyyat məlumatlarını gizlədiblər. Bu barədə "The Wall Street Journal” qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb onların mətbuata düşəcəyi və ya etibardan salınacaqları ilə bağlı narahatlıqlardır. Bəzi hallarda kəşfiyyat nümayəndələri Amerika xüsusi xidmət orqanlarının informasiya əldə etmək üçün istifadə etdikləri üsul və mənbələri Trampa bildirməmək qərarına gəliblər.

Bu məlumatların arasında xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsi də var. Nəşr yazıb ki, kəşfiyyat Trampdan öncə də bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları Prezident və Konqreslə bölüşməyib: "Ancaq ilk dəfədir ki, informasiyaların gizlədilməsi Prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır. Kəşfiyyatın qorxuları daha çox Prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trampın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır”.

Tramp Məxfi Xidmət rəhbərini istefaya göndərdi

Prezident Donald Tramp ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensinin işdən çıxarılması haqda fərman imzalayıb. Klensi martın 8-də tutduğu vəzifəni tərk edib.

Onun istefaya göndərilməsinə səbəb insanların qanunsuz olaraq, Ağ Evin ərazisinə daxil olması göstərilir. Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb. Xatırladaq ki, Cozef Klensidən əvvəl Culiya Pirson Ağ Evin bir neçə zalına əli bıçaqlı şəxsin icazəsiz daxil olması səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.

Tramp milyarderi kəşfiyyata rəhbər gətirir

ABŞ Prezidenti Donald Tramp kəşfiyyat orqanlarının fəaliyyətinə nəzarəti milyarder Stiven Faynberqə həvalə etməyi planlaşdırır. "New York Times” qəzetinin məlumatına görə, hələlik Ağ Ev Faynberqin təyin edilməsi haqqında rəsmi bəyanat verməyib. Lakin milyarder "Cerberus Capital Management” investisiya şirkətinin səhm sahiblərinə administrasiya ilə danışıqlar apardığını bildirib. Onun prezidentin kürəkəni Cerard Kuşner və milli təhlükəsizlik üzrə müşavir Stiven Brennon ilə yaxşı münasibətləri var.

Tramp İranla imzalanmış "nüvə sazişi”ni pisləyib

ABŞ nüvə silahı əldə etməməsi üçün İrana qarşı yeni tədbirlər görmək niyyətindədir. Bunu Prezident Donald Tramp deyib. O bildirib ki, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək: "İranın nüvə silahı əldə etməməsi üçün bundan sonra da tədbirlər görüləcək. Mən indiyədək "altılıq” ölkələri ilə İran arasındakı kimi pis razılaşma görməmişəm”.

"Ya istefaya gedəcəksən, ya da impiçment olacaq”

Amerika rejissoru Maykl Mur ABŞ Prezidenti Donald Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb. Rejissor Trampa istefa üçün bir neçə saat vaxt verib. O bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək: "Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm. Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq”. Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə

edib. Rejissor xəbərdarlıq edib ki, Trampın Prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər”.

Telefon danışıqlarının stenoqramı əldə olunub

"New York Times” nəşri yazır ki, Amerika Prezidenti Donald Trampın seçki qərargahının yüksəkçinli rus məmurları ilə əlaqələrinin olması barədə telefon danışıqlarının stenoqramı əldə olunub. Qərargah üzvlərinin sırasında hazırda vəzifədə olanlar da var. Məlumata görə, onlardan bir nəfər, Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin eks-müşaviri və Trampın seçki qərargahının rəhbəri Pol Manafort da bu əlaqələrdə iştirak edib.

Trampın istefası mümkündürmü?

Əslində Tramp administrasiyası üçün seçki məsələsi çox həssasdır. Bu, Trampın legitimliyini, ölkə daxilində ona olan etimadı sual altında qoya bilər. Belə bir təəssürat yaranıb ki, Tramp hakimiyyətə Rusiyanın müdaxiləsi nəticəsində gəlib. Yəni, Trampın komandası Rusiya hakimiyyət dairələri ilə əlbirdir. Bəzi politoloqlar növbəti aylarda bu məsələylə bağlı Konqresdə dinləmələrin keçiriləcəyi qənaətindədir. Bu dinləmələrin niyyəti Trampa qarşı impiçmentin tətbiq edilməsinə nail olmaqdır. Hazırda bir qisim Konqres üzvü Trampın hakimiyyətdən uzaqlaşdırılması üçün hüquqi baza yaradır. Məsələn, Trampı Ağ Evdən uzaqlaşdırmaq və bir müddət sonra istefasına nail olmaq. ABŞ-da Prezident Donald Trampın reytinqinin aşağı enməsi onun artıq səhvlərə yol verdiyini göstərir. Aparılan sosial sorğu nəticəsində məlum olub ki, Tramp qazandığı səslərin 5 faizini itirib. "New York Times” kimi nüfuzlu nəşr ilk gündən Prezident Trampın əleyhinə yazılar dərc edir, onun hakimiyyətdən kənarlaşdırılmasında öz rolunu oynamaqdan çəkinmir. Amma görünən odur ki, Trampı istefaya məcbur etmək heç də asan olmayacaq.

İsmayıl