Transformatorun içinə girən gənclər qıfılı sındırıblar

Günah özlərindədir




Bakının Nəsimi rayonunda transformatorun içinə girən iki gənci elektrik cərəyanının vurması cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Müzakirə predmetindən biri də 6 min voltluq transformatorun qapısının açıq olması məsələsidir.

Bu hadisədə ən az gənclər qədər aidiyyəti qurumların da günahkar olduğuna dair rəy bildirən sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, transformatorların qapısı qıfıl açarla bağlı olmalıdır. Bu cür yüksək voltlu transformatorların qapısını açıq qoymağın özü bir cinayətdir. İddialara görə, transformatorda olan cərəyan insanları özünə çəkir və xüsusən də uşaqlar üçün bu çox təhlükəlidir.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə deyib ki, Bakının Nəsimi rayonunda transformatorun içərisində elektrik cərəyanı vuran gənclər öz günahlarının ucbatından xəsarət alıblar. Qurum rəsmisinin sözlərinə görə, bütün yerlərdə quraşdırılan transformatorlar xüsusi qoruyucu qutunun içərisində olur. Həmin qutu da xüsusi tikilmiş yerdə olur. Oranın də qapısı bağlı olur: "Allah şəfalarını versin. Gəncdirlər, yəqin sevgidən nə etdiklərini bilməyiblər. Həmin gənclər qıfılı qıraraq içəri giriblər. Yüksək gərginlikli naqillərə toxunublar və faciə baş verib”.

T.Mustafayevin sözlərinə görə, hər bir işıq kantoru, yüksək enerji keçən ərazilər və transformator qoyulan yerlərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə qorunur. Üstəlik, həmin ərazilərə "Təhlükəlidir” xəbərdarlığı da vurulur: "İnsanlar hər şeydən əvvəl öz həyatlarının qədrini bilməlidir. Özlərini qorumalıdır. Qaydalara əməl etməlidir”.

Şəymən