Türkiyə də "S-400" istehsal edə bilərmi ? - Qızğın müzakirələr





"Amerikanın Türkiyə üçün təklif etdiyi raket sistemləri tam olaraq "S-400" raketlərinə alternativ deyil”.

Bunu "Sherg.az”a rəsmi Vaşinqtonun Rusiya silahlarına alternativ təklif etməsindən danışarkən politoloq Natiq Miri söyləyib.

 Onun qənaətincə, Rusiya və Türkiyə arasında S-400 raketlərinin alınması prosesi artıq yekunlaşıb:

"ABŞ nə qədər çəkindirici addımlar atsa da, müqavilənin ləğv olunması mümkün deyil. Türkiyənin bu raketləri almaqda fərqli məqsədləri var. Əsas məsələ xarici təhdidlərdən sığortalanmaqdır. "S-400" raketlərinin alınması ilə proses bitmir, hətta bunun Türkiyədə istehsalı ilə bağlı qızğın müzakirələr davam etdirilir.

ABŞ "S-400" raketlərinə alternativ təklif etməklə Türkiyənin diqqətini çəkməyə çalışır. Türkiyə bəlkə də, "S-400" raketləri ilə bağlı müqavilənin qüvvədə saxlanması şərtilə alternativ raketlər ala bilər. Amma rəsmi Ankaranın Rusiya ilə razılaşmanı pozacağını, gərginlik yaşayacağını düşünmürəm”.

N.Miri vurğulayıb ki, ABŞ-ın alternativ raket sistemləri haqqında xoş fikirlər formalaşmayıb:

"Bu raket sistemləri Səudiyyə Ərəbistanına da satılıb. Bu gün həmin raket sistemlərinin Yəməndən atılan raketlər qarşısında aciz qalması barədə informasiyalar var. Türkiyə belə vəziyyətdə məsələni araşdırmadan Amerika və Rusiya arasında qarşıdurmaya qatılmayacaq”.

Qeyd edək ki, Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyə ilə Ankaranın Rusiya "S-400" kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib. Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir.

Aysel Aslan