"Türkiyə hərbçilərinin ölkəmizdəkı hərbi paradda çıxışı ənənələrin davamıdır"





"Erməni tərəfinin açıqlamasına görə, Türkiyə şahinlərinin Bakı səmasında nümayişi, türk hərbçilərinin paradda iştirakı göstərir ki, Azərbaycan hərbi əməliyyatlara başlayacağını elan edərsə, Türkiyə Azərbaycanın yanında olacaq”.

Bunu "Sherg.az”a iyunun 26-da keçirilən hərbi paradda Azərbaycan və Türkiyə birliyinin nümayişi haqqında danışarkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli söyləyib. 

Onun sözlərinə görə, yalnız erməni təfəkkürü belə məntiqlə çıxış edə bilər:

"Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə yaxşıdır. "Bir millət iki dövlət” ifadəsi dövlətlərimiz haqqında təsadüfən işlədilməyib. Bu yanaşma üzərindən inkişaf edən münasibətlər hərbi müstəviyə də daşınıb. Qardaş ölkələr arasındakı hərbi əməkdaşlıq daha da genişlənir, müdafiə sənayesi sahəsinə qədər daşınır. Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda və Dağlıq Qarabağda mütəmadi təlimlər keçirlər. Türkiyə hərbçilərinin ölkəmizdə hərbi paradda çıxış etməsi ənənələrin davamı kimi dəyərləndirilməlidir.

100 il bundan öncə Nuri Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakının erməni quldur dəstələrindən azad edilməsi üçün rəşadət göstəriblər. Bundan başqa Çanaqqalanın müdafiəsində Azərbaycanlıların şücaəti və 3 min nəfər şəhidimizin igidliyi hər zaman vurğulanır. Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin tarixini əks etdirir. Ona görə, türk hərbçilərinin Azərbaycanda keçirilən hərbi paradda iştirakı təbii qəbul olunmalıdır”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri də iştirak edib. Belə ki, hərbi paraddan sonra "Solo Türk” və "Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər.

Aysel Aslan