Türkiyə-İsrail gərginliyi təkcə Qüdsə görə deyil

“İki ölkənin anlaşmazlığı Yaxın Şərqdə gedən proseslər və Amerikanın strategiyası ilə bağlıdır”




Fələstində baş verən qətliamdan sonra Türkiyə ilə İsrail arasında yenidən gərginlik yaranıb. Yəhudi hökumətinə etiraz edən Türkiyə dövləti İsraildəki səfirini geri çağırıb. Daha sonra İsrailin İstanbuldakı baş konsulunu ölkədən qovub.

İsrail tərəfi də adekvat addımlar atıb. Təl-Əviv hökuməti Türkiyədən idxalı dayandırıb. Xüsusən Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Xatırladaq ki, ötən gün Ərdoğan İsraili terror dövləti, fələstinlilərə qarşı hərəkətləri isə soyqırım adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu isə Türkiyə rəhbərini HƏMAS hərəkatına dəstək verməkdə ittiham edib.

Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Türkiyə-İsrail münasibətlərində gərginlik təkcə Qüds məsələsi ilə bağlı deyil. Onun sözlərinə görə, iki ölkənin anlaşmazlığı Yaxın Şərqdə gedən proseslər və Amerikanın strategiyası ilə bağlıdır:

 "Bölgədə Türkiyənin milli maraqları nəzərə alınmadıqca, bu özünü Türkiyə-İsrail münasibətlərində göstərəcək. Digər tərəfdən, Türkiyəyə müttəfiq lazımdır. İsrail ilə Türkiyənin münasibətləri uzun zaman mövcud olub. Hətta münasibətlərin gərgin olduğu dövrdə də İsrailin hərbi təyyarələri məhz Türkiyə ərazisində hərbi təlimlər keçiblər. Türkiyənin Qərb ölkələri ilə qarşıdurma fonunda təbii ki, ona İsrail kimi bir müttəfiq lazım olacaq. Siyasətdə də əbədi düşmənlərin olmadığına görə, İsrail və Türkiyə yaxınlaşmasını müşahidə edə biləcəyik”. Analitik bildirib ki, bu ölkələr bölgənin iki nüfuzlu oyunçulardır: "Hər iki tərəf bir-birləri ilə əməkdaşlıqda maraqlıdır. Düşünürəm ki, iki ölkə arasında gərginlik zamanla səngiyəcək və əməkdaşlıq davam edəcək. Çox güman ki, seçkidən sonra münasibətlər yenidən qaydasına düşəcək”.
İsmayıl