Umud Mirzəyev: “Bu cür səfərlərin təşkil olunması, problemlərlə birbaşa tanış olmaları cəhətdən də önəmlidir”
Azərbaycan Mətbuat Şurasının (MŞ) dəvəti ilə aprelin 2-dən 5-dək Türkiyənin tanınmış media quruluşlarının nümayəndələri ölkəmizdə səfərdə olacaqlar.
Şuradan verilən məlumata görə, qardaş ölkənin "Sabah”, "Posta”, "Hürriyyət” qəzetlərinin, Fox, NTV, ATV, "Kanal A”, "CNN Türk” və digər telekanallarının, həmçinin "Anadolu” agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək. Səfərin məqsədi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərmək, o cümlədən I Avropa Oyunlarına dair həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etmək və hər iki ölkə mətbuatı arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Azərbaycan Prezidenti Administrasiyasında, Milli Məclisdə, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.
Addımı müsbət dəyərləndirən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, MŞ-nin İdarə Heyətinin üzvü Umud Mirzəyev "Şərq”ə bildirib ki, bu, təqdirəlayiq haldır: "Türkiyə ilə qardaş ölkə olmağımız o anlama gəlmir ki, bir-birimizin problemləri, istəkləri və gündəlik həyat tərzi ilə yaxından tanışıq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, səfərin baş tutması iki qardaş xalqın bir-birinin yanında olmasına təkan verəcək. Bu cür səfərlərin təşkil olunması, problemlərlə birbaşa tanış olmaları cəhətdən də önəmlidir”.
Təşkilat sədri diqqətə çatdırıb ki, oxşar səfərlərin davamlı xarakter alması çox zəruridir: "Bu layihə MŞ sədri Əflatun Amaşov və Şuranın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cavanşir Feyziyevin təşəbbüsüdür. İstərdim ki, bu cür proseslər davam etdirilsin”.
U.Mirzəyevin qənaətincə, yalnız qardaş ölkə ilə deyil, dünyanın bır sıra dövlətləri ilə də qarşılıqlı səfərlər təşkil etmək mümkündür: "Əslində BAMF, MŞ-lə birgə dünyanın aparıcı media qurumları ilə əlaqələr qurur. Avropa ölkələrindən də jurnalistlər dəvət edirik. Bu, çox müsbət effekt verir. Ancaq məlum istiqamətdəki addımların sayı çoxalarsa, nəticə daha ürəkaçan olar”.
Ayyət Əhməd