Türkiyə müxalifəti İstanbul və Ankara bələdiyyələrinə namizədlərini müəyyənləşdirib







Türkiyədə gələn il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində ölkənin əsas müxalif təşkilatı - Cümhuriyyət Xalq Partiyası Ankara və İstanbul üçün namizədlərini müəyyən edib.

Partiyanın Məclisi Ankara Böyükşəhər Bələdiyyə Başqanlığına keçən dəfə olduğu kimi, Mansur Yavaşın namizədliyini önə sürüb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mansur Yavaşın namizədliyini Məclis üzvlərindən 45-i dəstəkləyib, 12 nəfər isə ona qarşı çıxıb.

Seçkilərdə CHP ilə birlikdə hərəkət edən Meral Akşener öndərliyindəki "Yaxşı” partiya (İYİ parti) Mansur Yavaşı dəstəkləyəcəyini açıqlayıb.

Qeyd olunur ki, sol partiyadan namizəd olmasına rəğmən Mansur Yavaş MHP kökənlidir. O, Milliyətçi Hərəkat Partiyasının sıralarından 1999-cu ildən 2009-cu ilə qədər Ankaranın Beypazarı rayonunun bələdiyyə başqanı olub.

2009-cu ildə keçirilən Ankara bələdiyyə seçkilərində aldığı 27%-lik səslə diqqətləri çəkən Mansur Yavaş 2014-cü ildə CHP və MHP-nin birgə namizədi kimi Ankara meri Melih Kökçekin qarşısına çıxıb və seçkini olduqca az fərqlə uduzub.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının Ankara namizədi ekologiya və şəhərsalma naziri, Kayseri şəhərinin keçmiş bələdiyyə başqanı Mehmet Özhasekidir. Mehmet Özhaseki də Mansur Yavaş kimi MHP və ülkücü kökənlidir.

CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə Başqanlığına İstanbulun Beylikdüzü rayonunun bələdiyyə başqanı Əkrəm İmamoğlunu namizəd verdiyi deyilir.

Türkiyə mediası onun hakim partiyadan olan rəqibinin Türkiyənin keçmiş baş naziri, Böyük Millət Məclisinin sədri Binali Yıldırımın olacağını yazır.

İqtidar partiyasının namizədləri Milliyətçi Hərəkat Partiyası tərəfindən də dəstəklənməkdədir.