Xəbərdə ölkənin 81 vilayətində terror törədiləcəyi barədə məlumat yer alıb
Türkiyə nəzarətdən çıxır
Ölkənin Daxili İşlər Nazirliyi dəhşətli xəbərdarlıq edib
Xəbərdə ölkənin 81 vilayətində terror törədiləcəyi barədə məlumat yer alıb
Xəbərdə ölkənin 81 vilayətində terror törədiləcəyi barədə məlumat yer alıb
İstanbulun Sultanəhməd meydanında terror aktını törədən Nabil Fadlinin anası erməni imiş. Bu haqda Türkiyə KİV-i xəbər yayıb. Məlumata görə, N.Fadli 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. Atasının adı Abdulatif, anasının adı isə Brijitdir. İnformasiyaya əsasən, Brijit Suriya ermənisidir və bu ölkənin kəndlərindən birində anadan olub.
Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Terraktda Suriya kəşfiyyatının izi aşkarlandı
İstanbulun Sultanəhməd meydanında 1-i terrorçu olmaqla 11 nəfərin ölümünə səbəb olan qanlı terraktla bağlı həbs edilənlərin sayı 7-yə çatıb. Lent.az "Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, polis və xüsusi xidmət orqanları tərəfindən yaxalanan 7 nəfərdən 3-ü Suriyanın kəşfiyyat orqanı olan "El Muhaberat”ın agentidir. Həmin şəxslər terroru Şanlıurfa-Ankara-İstanbul xətti üzrə planlaşdırıblar və bu yolla şəhərə gəliblər. Bildirilir ki, "El Muhaberat” agentləri İŞİD üzvü olan "canlı bomba”nı idarə ediblər və onun "təhlükəsiz şəraitdə” İstanbula daxil olmasını təmin ediblər. Həmçinin o da məlum olub ki, terrorçunun ilk olaraq işə salmağa çalışdığı partlayıcı qurğu partlamayıb. Bundan sonra o, digər qurğunu işə salıb.
200 İŞİD-çi məhv edilib
Bundan sonra Türkiyə və onun qonaqlarına qarşı yönələn istənilən təhdidə artıqlaması ilə cavab veriləcək. İŞİD terror təşkilatı Türkiyənin sərhədlərindən tamamilə ayrılana qədər, islamın adına ləkə gətirən bütün fəaliyyətlərinə son qoyulana qədər mübarizəmizi qətiyyətli şəkildə davam etdirəcəyik”. Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu Çankaya köşkündə səfirlərlə görüşündə bildirib. Ə.Davudoğlu deyib ki, son 48 saat ərzində Türkiyə Silahlı Qüvvələrinin apardığı əməliyyatlar nəticəsində 200-ə yaxın İŞİD üzvü zərərsizləşdirilib. "Suriya və İraq kimi nümunələri görüb, Türkiyənin də oxşar vəziyyətə düşməsini istəyən şəxslərə qarşı Türkiyə Respublikasının Baş naziri olaraq mübarizə aparacağam. Gələcək nəsillərə parçalanmış, müxtəlif terrorçu qrupların siyasi iradələrini tətbiq etdikləri bir ölkəni miras buraxmamaq üçün son nəfəsimə qədər mübarizə apararam”.
Diyarbəkirdə də terrakt törədilib
Bu arada qeyd edək ki, Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda terror hadisəsi baş verib. PKK silahlıları polis ailələrinin olduğu xidməti evin yaxınlığında partlayıcı maddə ilə yüklənmiş avtomobili partladıb. Şiddətli partlayış zamanı binanın bir hissəsi uçub, dağıntıların altında qalan bir körpə və bir neçə nəfərin öldüyü bildirilir. Hadisə zamanı 36 nəfər yaralanıb. Yaralılar Diyarbəkirdəki müxtəlif xəstəxanalara yerləşdirilib. Partlayış ətrafdakı ev və iş yerlərində də hiss olunub. Terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlanıb.
81 vilayətdə terror təhlükəsi
Türkiyənin Daxili İşlər Nazirliyi dəhşətli xəbərdarlıq edib. Xəbərdə ölkənin 81 vilayətində terror törədiləcəyi barədə məlumat yer alıb. Məlumata görə, ölkənin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi biri əcnəbi vətəndaş olmaqla, Suriyadan Türkiyəyə gələn İŞİD üzvü olduğu deyilən 4 terrorçunun axtarışlarına başlayıb. Xəbərdə deyilir ki, həmin terrorçular Türkiyədə təyyarə və gəmi qaçırmaq, eləcə də keçirilən mitinqlərdə dəhşətli terror aktı törətməklə bağlı təlimatlandırılıb. Terrorçuluqda ittiham olunan şəxslər ələ keçməmək üçün saxta ad və şəxsiyyət vəsiqələri əldə ediblər. Türkiyə Daxili İşlər və Təhlükəsizlik Nazirliyi mediada həmin terrorçuların əsl kimliyini paylaşaraq vətəndaşlara bu şəxslərdən hər hansı birini görərsə, dərhal polis orqanlarına xəbər vermək barədə müraciət edib.
Qardaş ölkədəki terraktların başvermə səbəbləri və pərdəarxası məqamlarını şərh edən politoloq Elçin Mirzəbəyli hesab edir ki, terror hadisələrinin törədilməsində məqsəd Türkiyənin artan nüfuzuna zərbə vurmaqdır: "Türkiyəyə qarşı mübarizə aparan, bu ölkənin regiondakı proseslərə təsir imkanlarını azaltmaq istəyən qüvvələrin sayı yetərincədir. Bu sıraya Bəşər Əsəd rejimi, İŞİD, PKK, Rusiya və İranı daxil etmək olar. Son dövrlər Rusiyanın PKK terrorçuları ilə əlaqələrinin intensivləşməsi istiqamətində atdığı addımlar törədilən terror aktlarında əli olduğuna dair şübhələr yaradır”.
Politoloq qeyd edib ki, İstanbuldakı terror aktını İŞİD-in törətdiyi dəqiqləşsə də, terrorçu qruplaşma bu addımı sifarişlə həyata keçirib:
"İstanbulda törədilmiş terror aktı birbaşa Türkiyənin turizm potensialına yönəlmiş addımdır. Burada üçüncü qüvvələrin iştirakı da mümkündür. Doğrudur, ehtimalları Rusiyanın üzərinə yönəldərək iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmək niyyəti ola bilər. Çünki Rusiya Türkiyənin turizm potensialına zərbə vurmaqda maraqlı olan ölkədir. Amma bu versiya özünü doğrultmaya da bilər. Çox mürəkkəb bir şərait yaranıb. İndiki halda Türkiyənin sərt addımlar atmasına ehtiyac var. Hesab edirəm ki, bu olaylardan dolayı PKK-ya qarşı aparılan sərt mövqenin yumşaldılması böyük fəsadlara səbəb ola bilər”.
Türkiyədə mürəkkəb hadisələrin baş verdiyini deyən politoloq Qabil Hüseynli hesab edir ki, qardaş ölkədə terroru törədən qüvvələrin arxasında böyük dövlətlər durur: "Rusiya uzun müddətdir Türkiyəni hədələyir və PKK vasitəsi ilə böyük zərbə vuracağını bəyan edir. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü. Bunlar onu göstərir ki, Rusiya başda olmaqla Avropanın müxtəlif dövlətləri PKK-ya dəstək verirlər”.
Politoloq əlavə edib ki, Türkiyədəki terror olaylarında İranın da əli ola bilər: "Bu ölkə də PKK-ya dəstək verən dövlətlər sırasındadır. Hesab edirəm ki, həm bölgənin böyük dövlətləri, həm də dünyanın müxtəlif güc mərkəzləri Türkiyəni zəiflətmək istəyir. Onlar terror aktları ilə Türkiyədə sabitliyi pozmaq, eyni zamanda turizm potensialına zərbə vurmaq niyyətindədirlər. Bütün bunlar xalq arasında Türkiyə rəhbərliyinə etibarsızlıq yaratmaq məqsədi daşıyır”.
Ayyət Əhməd