
Türkiyə öz haqqını qorudu
“Su-24”ün vurulması Türkiyə-Rusiya münasibətlərində böhran yaradıb

Türkiyənin rus təyyarəsini vurması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Bütün dünyanın diqqəti bu hadisələrə yönəlib. Rəsmi Ankara bəyan edib ki, Rusiya təyyarəsi 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, Türkiyənin hava məkanını tərk etməyib.
Ona görə də təyyarə Türkiyə qırıcıları tərəfindən vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb, digərləri isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.
"Türkiyə Rusiya ilə gərginliyin yaranmasını istəmir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, vurulan "Su-24” təyyarəsi ilə bağlı BMT və NATO-ya lazım olan məlumatlar verilib: "Rusiya İŞİD-ə qarşı mübarizə apardıqlarını bildirirlər. Kimsə-kimsəni aldatmasın. Orada heç bir terror qruplaşması yoxdur. İŞİD terrorçuları Cerablusda və onun cənubundadır. Biz gərginliyin, düşmənçiliyin tərəfdarı deyilik. Yalnız hüququn, diplomatiyanın tərəfindəyik. Lakin suveren haqlarımızın sayılmamasına səssiz və təpkisiz qalacağımızı gözləməyin. Bir həftədir Suriyanın Lazkiye bölgəsinin şimalında, Bayırbucaq türkmənlərinin yaşadıqları ərazidən sərhədlərimizə köçü başlayıb”.
Rusiya Türkiyəyə nota verdi
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin Moskvadakı səfiri Ümid Yardımı nazirliyə çağırıb. Səfirə təyyarənin vurulması ilə bağlı Rusiyanın nota sənədi təqdim edilib. Rusiya Müdafiə Nazirliyi də Türkiyə-Suriya sərhədində "Su-24” təyyarəsinin vurulması ilə əlaqədar ikinci dəfə açıqlama verib. Nazirlik təyyarənin vurulmasını yanlış addım adlandırıb. Nazirlik rəsmisi həmçinin, oxşar vəziyyətdə qarşı tərəfə veriləcək qarşılıq barədə layihə hazırlandığını vurğulayıb.
Türkiyənin vurduğu rus pilot Əsədin əlindədir
Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov təyyarənin sağ qalan pilotunun xilas edilməsi barədə xəbəri təsdiqləyib. Pilot hazırda Prezident Bəşər Əsədə sadiq qüvvələrin əlindədir. Deyilənə görə, Suriya xüsusi təyinatlıları iki saat ərzində pilotu ərazidən çıxara biliblər. Hazırda pilotun Rusiyanın Xmeymim bazasında olduğu bildirilir.
"Türkiyənin öz torpaqlarını və hava məkanını qorumağa haqqı var”
Amerika Birləşmiş Ştatları hesab edir ki, Rusiyaya məxsus "Su-24” tipli qırıcı təyyarə qısa müddətdə Türkiyə hava məkanına daxil olduqdan sonra Suriya üzərində vurulub. ABŞ Prezidenti Barak Obama bildirib ki, Türkiyənin öz torpaqlarını və hava məkanını qorumağa haqqı var. ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner də deyib ki, əgər türkmənlər həqiqətən Rusiya tərəfindən hücuma məruz qalıbsa, onlar da özlərini qorumaq üçün hər haqqa sahibdirlər.
Rus mətbuatı Türkiyəyə "od püskürür”
Rusiya qırıcının vurulmasından sonra Türkiyə ilə birgə biznes-layihələr və hərbi əməkdaşlıqdan imtina etməyə hazırlaşır. Bu barədə "Kommersant” qəzeti hökumətdəki etibarlı mənbələrə istinadən xəbər verib. Prezident Administrasiyasında olan mənbə bəyan edib ki, rəsmi Ankaraya qarşı olduqca sərt qərar qəbul ediləcək və bu olay Rusiya-Türkiyə əlaqələrinə bir çox sahələrdə təsir edəcək. Mənbənin bildirdiyinə görə, "Qazprom” "Türk Axını” layihəsinin reallaşdırılmasının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirəcək. Rusiyanın "Rosatom” şirkətinin bu layihəsinin dəyəri 22 milyard ABŞ dollarıdır. Qəzet yazır ki, Türkiyə öz növbəsində Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane ola bilər ki, bu da Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırılmasını çətinləşdirəcək. Lakin 1936-cı ildə imzalanan Montre konvensiyasına əsasən Ankara bu addımı yalnız ona qarşı müharibə təhlükəsi olacağı təqdirdə ata bilər.
"Bu təxribatın arxasında Amerika dayanır”
Rusiya kommunistlərinin lideri Gennadi Züqanov da deyib ki, Türkiyə boğazlardan keçidi yalnız müharibədə iştirak edəcəyi təqdirdə bağlaya bilər. Züqanov Kremli Türkiyə ilə münasibətləri pozmamağa çağırıb. O bildirib ki, Türkiyə Rusiyanın təyyarəsini ABŞ administrasiyası və NATO-nun təhriki ilə vurub: "Mən qəti şəkildə əminəm ki, bu təxribat Türkiyəyə sərfəli deyil. Təbii ki, neft və qan hesabına varlananlar istisna. Bu, Avropaya da sərf etmir”. Partiya lideri vurğulayıb ki, Rusiya Türkiyəyə qarşı reaksiyasında çox ehtiyatlı olmalıdır. Belə ki, Rusiya Türkiyə ilə aktiv şəkildə əməkdaşlıq edir. Türkiyə ilə münasibətlərin pisləşməsi Rusiya üçün mənfi nəticələrə gətirib çıxaracaq: "Qızışmaq lazım deyil, hər şeyi ölçüb-biçmək lazımdır”.
Fransa və Almaniya narahatdır...
Fransa Prezidenti Fransua Olland açıqlamasında Türkiyə-Rusiya münasibətlərinin pisləşməsindən narahat olduğunu dilə gətirib: "Bu, çox ciddi bir məsələdir, təəssüf edirik. Bölgədə gərginliyin artmasının qarşısını almalıyıq”. Almaniya kansleri Angela Merkel də bildirib ki, Suriyada Rusiyaya məxsus "Su-24” tipli qırıcının vurulması regionda vəziyyəti daha da gərginləşdirəcək. "Gərginliyin yüksəlməməsi üçün çalışmalıyıq” deyən Merkel hadisə ilə bağlı Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə telefonla danışıb.
"Türkiyəyə hörmətim daha da artdı...”
Gürcüstanın keçmiş Prezidenti Mixael Saakaşvili Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə bu ölkə arasında yaranan vəziyyətə münasibət bildirib. Saakaşvili deyib ki, "hər zaman Türkiyəyə böyük hörmət bəslədim. Amma indi bu hörmətim daha da artdı”. Saakaşvilinin sözlərinə görə, Rusiya təyyarəsi Türkiyə hava sərhədini pozduğuna görə vurulub: "Həqiqət budur ki, Rusiya təyyarəsi Suriyada İŞİD-in olmadığı bölgələrə yaxın ərazidə idi. Əsədə qarşı olan qüvvələr deyir ki, Rusiya heç bir zaman terrorla mübarizədə birləşdirici qüvvə ola bilməz”.
Ölən rus pilotuna "qəhrəman” statusu verildi...
Rusiya Prezidenti Vladimir Putin "Su-24” təyyarəsinin pilotuna Rusiyanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verib. Pilot Oleq Peşkovun mükafatla təltif olunmasına "cəsarət və qəhrəmanlıq” nümunəsi olması səbəb kimi göstərilib. Xatırladaq ki, polkovnik-leytenant Peşkov "Su-24” bombardmançısının komandiri idi. Təyyarə vurulduğu an o, katapult vasitəsilə sağ çıxa bilib. Lakin paraşütlə yerə enərkən türkmənlar tərəfindən havadaca güllələnib. Təyyarənin sağ qalmış ikinci pilotu kapitan Konstantin Muraxtin isə ordenlə təltif edilib.
"Əmri mən vermişəm...”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib ki, sərhəddi pozan Rusiyaya məxsus qırıcının vurulma əmrini şəxsən özü verib. Baş nazir bildirib ki, bu əmri verməsinə səbəb qırıcıların sərhəddi pozmamaları ilə bağlı verilən xəbərdarlıqlara əhəmiyyət verməməsi olub: "Hava sərhədlərimizin pozulması zamanı ata biləcəyimiz addımlar bütün dünyaya bəlli idi. Bunu Rusiya tərəfi də bilirdi. Hava sərhədlərimizin rus qırıcıları tərəfindən pozulması təhdid hesab olunduğundan lazımi addımı atmışıq”.
"Soyuqqanlı olun...”
İran prezidenti Həsən Ruhani də Suriyada rus təyyarəsinin vurulmasını şərh edib. O bildirib ki, Türkiyə və Rusiya baş vermiş hadisəni diqqətlə dəyərləndirməli və soyuqqanlı olmalıdır. Bu arada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də rusiyalı həmkarı Sergey Lavrova zəng edərək son hadisələri müzakirə edib. Zərif həmkarı Lavrovla telefon danışığı zamanı deyib ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması Suriya ətrafında vəziyyəti gərginləşdirəcək”.
Lavrov: "Türkiyə ilə müharibəyə hazırlaşmırıq”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrova zəng edərək noyabrın 24-ü vurulan qırıcıya görə başsağlığı verib. Lavrovun sözlərinə görə, Çavuşoğlu bəyan edib ki, türk dispetçerlər vurulan təyyarənin kimə məxsus olduğunu bilməyiblər: "O dedi ki, bir çox xəbərdarlıqlara baxmayaraq, təyyarə 17 saniyə Türkiyənin hava məkanında olub. Həmin ərazidə tez-tez Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri uçur”. Lavrov bildirib ki, onlar Türkiyənin yüksək səviyyədə izahatını gözləyirmişlər: "Heç olmamaqdansa, bu da yaxşıdır. Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.
İsmayıl