Ona görə Rusiya, Yerevan-Ankara münasibətlərinin yüksək səviyyədə olmasını istəmir
Rusiya "Sürix protokolları”nın ləğvinə etiraz edib. Kreml Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını vacib hesab edir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin qaydaya düşməsinə dair protokola münasibətinin aktual olaraq qaldığını deyib.
Xanım Zaxarovanın sözlərinə görə, Rusiya bu sazişə əvvəllər də münasibət bildirib. Rusiya nümayəndə heyəti Sürixdə protokolların imzalanması mərasimində iştirak edib: "Biz münasibətlərin normallaşmasını vacib hesab edirik. Bu, hər iki tərəfin maraqlarına xidmət edir. Biz bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi etdik”.
Xatırladaq ki, ötən həftə prezident Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının etibarsız sayıldığını bəyan edib.
Politoloq Natiq Miri isə hesab edir ki, Rusiyanın Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasına dair protokolları dəstəkləməsi səmimi deyil: "Sürix protokolları”nın imzalanması prosesi məhz Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Hillari Klinton tərəfindən başladılmışdı. Protokolların imzalanma mərhələsində belə Ermənistanın xarici işlər naziri son anda bu imzadan imtina etmək istəyirdi. Lakin Klintonun müdaxiləsi ilə protokolun imzalanması mərasimi baş tutdu. Bu işdə Rusiyanın xarici işlər naziri, erməni mənşəli Sergey Lavrovun da rolu yox deyildi. Yəni Klintonun Sergeyə müraciətindən sonra Nalbandyan sözügedən protokola imza atdı”.
N.Mirinin sözlərinə görə, Rusiya heç də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını və yüksək səviyyədə olmasını istəmir.
"Çünki Türkiyə Ermənistan üçün qərbə açılan bir qapı rolunu oynayır. Ayrıca, Ermənistanın dənizə çıxışlarını da təmin edir. Bu isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxaraq qərbin təsir dairəsinə düşmə təhlükəsini gündəmə gətirir. Rusiya onu da anlayır ki, Ermənistan hakimiyyəti bu yöndə ikili siyasət yürüdür. Bir tərəfdən Rusiyanın orbitində fırlanır, digər tərəfdən də qərb dünyasına meyllilik göstərir”.
Rusiyanın Sürix protokolunun ləğvində maraqlı olmama səbəbinə gəldikdə isə politoloq deyib ki, Kreml Ermənistanın Türkiyə ilə düşmən münasibətdə olmasını da istəmir. "Ermənistanla Türkiyənin düşmənçilik aparması Ermənistanın strateji müttəfiqi olan Rusiya üçün müəyyən problemlər yarada bilər. Fikir verirsinizsə, artıq Rusiya Ermənistandakı hərbi bazasının vasitəsilə Türkiyə sərhədlərində ən müasir raket sistemlərini yerləşdirib və havadan müdafiə sistemləri ilə yanaşı, kosmik qüvvələrini də gücləndirib. Qısası, Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasından daha çox diplomatik əlaqələrin yaranmasında maraqlıdır”.
Şəymən