Seçki kampaniyasında daha çox terrordan danışılır
Türkiyədə seçicilər parlamentdəki çoxluğu AKP-dən aldıqdan sonra bu ölkə zorakılıq və qeyri-sabitlik girdabına batıb. Ankarada baş verən dəhşətli terror hadisəsi ilə bağlı açıqlama verən Baş nazir Əhməd Davudoğlu seçkilər öncəsi HDP-nin həmsədri Səlahəddin Dəmirtaş ilə görüşmə şərtlərini də açıqlayıb. Bütün partiya liderlərinə səslənən Davudoğlu ancaq Dəmirtaş səhv elədiyini boynuna aldıqdan sonra görüşmə barədə düşünəcəyini deyib.
"Dəmirtaş "səhv elədim” desə, görüşmə barədə düşünərəm. Baş nazirə sən qatilsən, qandallanacaqsan deyən biriylə görüşmənin zəmini olarmı? Müvafiq şərtlər altında biz acıda da, sevincdə də birlik olmağa çalışmalıyıq. Siyasi liderlərə səslənirəm ki, gəlin birlik olaq!
Dəmirtaş öz mövqeyini dəqiqləşdirməlidir. Əgər onun mənimlə bağlı belə bir iddiası varsa, deməli, "qatil”lə bir masada otura bilməz”. Baş nazir sonda qeyd edib ki, hər bir siyasi lider öz dilinə hakim olmalıdır.
Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlu çıxışında seçiciləri HDP-yə səs verməməyə və milli birliyin simvolu kimi AKP-ni dəstəkləməyə çağırıb.
Türkiyədə parlament seçkisi ərəfəsindəki siyasi situasiyanı şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə proseslərin iki ssenari ətrafında cərəyan edəcəyini ehtimal edir: "Ola bilər ki, 7 iyun seçkisindən fərqli olaraq AKP böyük səs çoxluğu qazanıb təkbaşına hökumət qursun, ya da ki Türkiyə 1 noyabr seçkilərində 7 iyun seçkisinin nəticəsinə oxşar bir situasiya ilə üzləşməli olsun. Belə ki, seçkilərdə həmin dörd partiya yenə də oxşar səslər qazanır və AKP birinci partiya kimi yenə koalisiya danışıqlarına başlamağa məcbur olur”. Bu müddətdə Türkiyənin terrorla mübarizə apardığını vurğulayan politoloq deyib ki, Türkiyə şəhidlər versə də, terrorçular da çoxlu itkilərlə üzləşiblər, mindən çox itkiləri var və təhlükəsiz məkanlar axtarırlar: "Düşünürəm ki, seçkidən sonra da terrorçulara qarşı mübarizə davam edəcək. O vaxta qədər ki, PKK-ya silahları təhvil verməlidir, ya da ölkə ərazisini tərk etməlidir. Bir hissəsi Şimali İraqda gizlənib, amma Türkiyə ərazisində də təxminən 1000-1500 terrorçu var. Onlar Türkiyəni tərk etməyənə qədər düşünürəm ki, hökumət kimdən formalaşırsa-formalaşsın, parlament seçkilərindən sonra da onlara qarşı mübarizə davam edəcək. İndi seçki kampaniyası başlamalıdır. Düşünürəm ki, seçki kampaniyasında əsas amil terrorla mübarizə olacaq, məhz bunun ətrafında seçki kampaniyası qurulacaq və çıxışlar olacaq. Belə bir məqamda iqtisadiyyatdan danışmaq vətəndaşları özünə cəlb etməyəcək”. E.Şahinoğlunun fikrincə, 1 noyabr parlament seçkilərində HDP-nin barajı keçəcəyi halda AKP təkbaşına hökumət qura bilməyəcək: "7 iyun seçkisinin nəticəsinə uyğun olaraq cəmi 18 millət vəkilinə ehtiyac var idi ki, təkbaşına hökumət qursun, alınmadı. Çünki Xalqların Demokratiyası Partiyası 10 faizlik səddi keçdi. İndi də əgər bu partiya oxşar nəticə göstərərsə, AKP təkbaşına hökumət qura bilməyəcək. CHP və MHP səslərini müəyyən qədər artıra bilərlər, amma bu, AKP-yə təhlükə yaratmır. Təhlükə HDP-nin parlamentə düşməsidir. Çünki onda AKP-dən xeyli səs qoparacaq. AKP-nin indi başlıca məqsədi səslərini artırmaqdır və Türkiyənin kürd kökənli vətəndaşlarından səs istəməkdir. Əvvəllər bu səsi ala bilirdi, amma son seçkidə hər on kürddən altısı HDP-yə səs verdi ki, bu da AKP-nin səslərini bir xeyli azaltdı. Hər şey seçki kampaniyasından asılı olacaq. Əgər AKP seçki kampaniyasını düzgün qursa, aqressiv olsa, maraqlı şüarlarla çıxış etsə, mümkündür ki, yenidən səs çoxluğu qazanıb təkbaşına hökumət qursun”.
Şəymən