Türkiyəni İŞİD və ya Kreml vurdu?
İstanbuldakı dəhşətli terror hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb
Türkiyədə Sultan Əhməd meydanında baş verən dəhşətli terror hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Türkiyənin daxili işlər naziri Efkan Alanın bildirdiyinə görə, terror nəticəsində yaralanan 15 nəfərdən 11-i hazırda xəstəxanada müalicə olunur. Onların 10-u Almaniya, biri Norveç, biri isə Peru vətəndaşıdır. Almaniyadan olan iki yaralının vəziyyəti isə ağırdır. Nazir əlavə edib ki, Suriyada münaqişə başlayandan terrorçuluğa qarşı mübarizə çərçivəsində Türkiyədə üç min 318 nəfər saxlanılıb, 847 nəfər həbs edilib:"Onların çoxu xarici ölkə vətəndaşıdır. 124 ölkədən 35 min 970 nəfərin Türkiyəyə girişinə qadağa qoyulub. Onların üç min nəfəri Almaniya vətəndaşıdır. 92 ölkənin iki min vətəndaşı Türkiyədən deportasiya edilib. Deportasiya olunanlar arasında almanlar da var”.
Almaniyalı nazir Türkiyədə
Almaniya daxili işlər naziri Tomas de Mezyer Türkiyəyə gəlib. Alman nazir türkiyəli həmkarı Efkan Alayla görüşüb. Nazirlə bərabər Almaniya Federal Cinayətlər İdarəsindən bir heyət də Türkiyəyə gəlib. Nazirlər Sultan Əhməd meydanındakı terror aksiyası ilə əlaqədər müzakirələr aparıblar.
Rusiyanın üç vətəndaşı həbs olundu
Antalya Terrorla Mübarizə Şöbəsinin əməkdaşları toplanılan kəşfiyyat məlumatları əsasında İŞİD-in Türkiyədəki üzvlərinə qarşı əməliyyat başladıb. Əməliyyat zamanı 3 Rusiya vətəndaşının həbs olunduğu bildirilib. Onların yaşadığı evdə axtarış aparılıb. Şübhəlilərin evlərində keçirilən axtarış zamanı bəzi rəqəmsal sənədlər aşkarlanaraq götürülüb. İŞİD-ə tranzit məsələlərdə dəstək olduqları iddia edilən şübhəlilərin qaynar nöqtələrdə olan təşkilat üzvləri ilə mütəmadi əlaqələri olduğu bildirilib.
İstanbulu qana bulayan İŞİD üzvünün fotoları yayıldı
Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda partlayış törədən şəxsin fotoşəkillərini yayıblar. İstanbulun Sultan Əhməd meydanında özünü partladan şəxsin Səudiyyə Ərəbistanında dünyaya gəlmiş Suriya vətəndaşı Nəbil Fadli olduğu bildirilib. Baş nazir Əhməd Davudoğlu da öncəki gün canlı bomba olduğu iddia edilən Nəbil Fadlinin İŞİD üzvü olduğunu açıqlamışdı. İŞİD-çiyə aid olduğu bildirilən görüntülərin 5 yanvar 2016-cı ildə İstanbulda qeydə alındığı deyilib. 5 sentyabr 1988-ci il təvəllüdlü Nəbil Fadlinin Türkiyəyə bir müddət əvvəl girdiyi və İŞİD-in evlərindən birində qaldığı ehtimal olunur.
"İstanbulda terror aktı törədən kamikadze Suriyadan gəlib”
"İstanbulda 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı terror aktını törədən kamikadze hadisədən bir neçə gün əvvəl Suriyadan gəlib”. Bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib. Kurtulmuşun sözlərinə görə terrorçunun adı daha əvvəl ölkədə məlum olan İŞİD qruplaşmasına üzvlükdə şübhəli şəxslərin siyahısında olmayıb.
Rusiya Türkiyəyə başsağlığı verdi
Rusiyanın Xarici İşlər Nazirliyi İstanbuldakı partlayışı alçaq hücum adlandırıb və deyib ki, hadisə terrorun qəddarlığını bir daha nümayiş etdirdi. XİN-in bəyanatında vurğulanıb ki, olay beynəlxalq ictimaiyyətin bütün səylərini, ikili standartları və münasibətləri bir kənara qoyaraq terrora qarşı təcili ortaq bir cəbhə formalaşdırmağın zəruriliyini ortaya qoyub. Xatırladaq ki, SU-24 təyyarəsinin vurulmasından sonra Rusiya ilə Türkiyə arasında diplomatik qalmaqal yaşanır.
Bu baxımdan Rusiyanın Türkiyəyə başsağlığı verməsi Moskvanın gözlənilməz addımı kimi qiymətləndirilir.
"Sultan Əhməd Türkiyə turizminin qəlbidir”
Ekspertlər terror aktının məhz Sultan Əhməd meydanında törədilməsini təsadüfi hesab etmirlər. Belə ki, xarici turistlər İstanbulun digər görməli yerləri sırasında daha çox buraya baş çəkirlər. Onların fikrincə, terror aktını PKK və İŞİD ilə yanaşı, bəzi ölkələrin xüsusi xidmət orqanları da törədə bilər. Terror aksiyasını şərh edən Türkiyənin tanınmış terror və təhlükəsizlik mütəxəssisi, "Milliyet” qəzetinin köşə yazarı Nihat Əli Özcan bildirib ki, bu, Türkiyə üçün sürpriz bir hadisə deyil: "Çünki Türkiyənin istər daxilində, istərsə də xaricində cərəyan edən proseslər ölkəmizdə terror hadisələri həyata keçirilməsinə zəmin hazırlayır. Həmin hadisəni İŞİD törədib. Bu, onu göstərir ki, Türkiyə bundan sonra müxtəlif terror təşkilatlarına qarşı mübarizədə son dərəcə diqqətli taktika və strategiyalar hazırlamalıdır. Kobanidə İŞİD-lə PKK savaşdıqdan sonra İŞİD Türkiyəyə qarşı "səssizlik siyasəti” həyata keçirirdi. Daha sonra Türkiyə ölkəmizdəki İŞİD hücrələrini hədəf aldı, xeyli lideri həbs etdi. Onlar bunun intiqamını həm əcnəbiləri hədəf alaraq, həm də turist bölgələrində terror aksiyaları həyata keçirərək almağa çalışdı. Burada almanların hədəf seçilməsi də təsadüfi deyil. Sultan Əhməd Türkiyə turizminin qəlbi olan bir yerdir, terror aksiyasının o bölgədə həyata keçirilməsi düşündürücüdür. Ona görə də Türkiyə terrora qarşı bundan sonrakı mübarizəsində heç bir təfərrüatı nəzərdən qaçırmadan son dərəcə diqqətli davranmaq məcburiyyətindədir”.
Terror hadisəsində Rusiya izi
Bəzi ekspertlərin fikrincə, son terror hadisəsinin İŞİD tərəfindən törədildiyi bildirilsə də, burada Rusiya izinin ola biləcəyi ehtimalını da istisna etmək olmaz. Belə ki, təyyarə olayından sonra Kreml administrasiyası Türkiyəyə münasibətdə həddən artıq aqressivləşib. Hadisə barədə məlumat verən Rusiya telekanalları da hadisəni ironik şəkildə təqdim etməyə çalışırlar. Bu mövzuda olan verilişi elə tərzdə aparırlar ki, sanki bununla Türkiyədən qisas alırlar. Politoloq Elxan Şahinoğlu terror hadisəsində Rusiyanın əlinin olduğuna inanmasa da, dolayısı ilə Kremlin maraqlarına cavab verdiyini söyləyib: "Rusiya Türkiyənin zəifləməsində maraqlıdır. Amma terror hadisəsinin arxasında İŞİD-in durduğu bəllidir. Rusiyadakı dairələrin isə İŞİD-lə əlaqəli olduqlarını güman etmirəm. Hər halda dolayısı ilə bu partlayış və turistlərin qətlə yetirilməsi müəyyən mənada Rusiyanın da maraqlarına cavab verir. Ona görə ki, Türkiyəyə turist axınının azalması adekvat olaraq bu ölkənin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Rusiyada buna sevinənlərin olması şübhə doğurmur. Rusiya Türkiyədə baş verən bütün hadisələri yerli hakimiyyət əleyhinə çevirməyə çalışır. Yəni yara alan Türkiyədən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır”.
İsmayıl