Tofiq Abbasov: “Davudoğlu hökuməti yenidən köhnə formata qayıtmalıdır”
Bu il Türkiyədə daxili savaş başlayacaq. Bu barədə "Nyusvik” mətbuat orqanında analitik məqalə dərc edilib. Məqalədə vurğulanır ki, Türkiyədə AKP iyun seçkilərində üstünlüyünü itirəndən sonra PKK ilə davam edən iki illik atəşkəsə son qoyulub. Bu vəziyyət ölkənin cənub-şərqində "burulğan”a səbəb olub. Türkiyə Silahlı Qüvvələri PKK silahlılarına qarşı bir sıra əməliyyatlar keçirir. Zorakılığın yenidən canlanması və AKP-nin HDP-yə qarşı apardığı kampaniya Əhməd Davudoğlunun noyabr seçkilərində qələbəsi ilə yekunlaşıb. Ancaq bu nəticə kürdlər arasında təzyiqin artmasına yol açıb. HDP-nin təsiri altında olan bəzi kürd qruplar da muxtariyyət tələb edir.
Kürdlərin Türkiyədən ayrılmaq istəyi qarşılığında nə Ərdoğan, nə də Davudoğlu heç bir güzəştli təklif irəli sürmür. Qarşıdurmanın yenidən kəskinləşəcəyi gözlənilir. Bu arada qeyd edək ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu söyləyib ki, HDP yürütdüyü xəndək siyasətinə bir gün özü düşəcək: "Heç bir şübhəniz olmasın. Öz oyunlarının qurbanı olacaqlar. Onlarla insanı öldürdüklərinə, evlərindən didərgin saldıqlarına, məhəllələri işğal etdiklərinə görə mütləq cavab verəcəklər. HDP rəhbərliyi sadəcə dinc insanların deyil, eyni zamanda özlərinə yaxın olanların canını heçə sayır. Bu siyasətdən ölkəmizə xeyir gəlməz. Türkiyəliləşmə yalanı ilə apardıqları siyasət qazdıqları xəndəklərdə tükənib. Türkiyəliləşmənin yolu Ədirnədən, İstanbuldan, Diyarbəkirdən, Konyadan, Trabzondan, Hakkaridən keçir, Moskvadan keçməz”.
Proqnozu şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında vurğulayıb ki, əsas problemi Türkiyənin siyasi rəhbərliyi yaradır: "Onlar bir ara müəyyən səhvə yol verdilər. Yəni Türkiyə dövləti yerləşdiyi məkanı nəzərə almadan vaxtından əvvəl xarici məsələlərin həllinə başladı. Məqsədləri siyasətlərini bir az da gücləndirmək idi. Lakin bu prosesə qoşulmaqla rəsmi Ankara həm də daxildəki vəziyyəti diqqətdən kənarda qoydu. Suriya və İraqdakı kürd məsələsinin həllində yanlışlara yol verdi. Ona görə də onun əks-sədası Türkiyənin daxilində öz əksini tapdı. Əvvəl Ankara bəyan etdi ki, Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq niyyətindədir. Hava qüvvələrindən istifadə etdi və guya, İŞİD mövqelərini sarsıtmaq istədi. Lakin sonra bəlli oldu ki, Türkiyənin bombaladığı ərazilərdə yerli kürdlər yaşayır. İndi Yaxın Şərqdə kürd seqmenti də çox həssasdır. Bəlli olduğu kimi istər İraqda, istərsə də Suriyada kürd peşmərgələri bilavasitə radikal islam dövlətinin nümayəndələri ilə manasız müharibə aparırlar”.
Türk-kürd müqaviləsinə diqqət çəkən ekspert söyləyib ki, 2013-cü ildə Türkiyədə hökumət qüvvələri ilə kürd birləşmələri arasında saziş imzalandı: "Tərəflər atəşkəs elan etmişdilər və silahı yerə qoymuşdular. Amma rəsmi Ankara kürdlərin mövqelərini dağıtmağa başlayandan sonra həmin saziş qüvvəsini itirdi. PKK dedi ki, rəsmi Ankaranın addımı atəşkəsin pozulması anlamına gəlir. Ona görə də biz artıq silaha sarılıb, mübarizəni davam etdirəcəyik. Çünki şərtlər pozulmuşdu. Bir sözlə, Türkiyənin bölgədə siyasətindəki yanlışları öz acı nəticələrini verir”.
Ekspert hesab edir ki, hazırda rəsmi Ankaranı qayğılandıran ən başlıca məsələ ölkə daxilindəki sabitliyi yenidən bərpa etməkdir: "Çünki Diyarbəkir ətrafında, Böyük Şırnaqda və digər bölgələrdə vəziyyət çox gərgindir. Kürd separatçılığına xaricdən də dəstək verilir. Həmin dəstək öz ali məqsədinə çatmasın deyə, Davudoğlu hökuməti yenidən köhnə formata qayıtmalıdır. Atəşkəs bərpa olunmalıdır. İlk növbədə Ə.Davudoğlu daxildə konsensusu bərpa etməlidir. Parlamentdəki vəziyyəti nəzarətə götürməlidir. Ona görə ki, kürd təşkilatları adından danışan millət vəkilləri var. Kürd məsələsində əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Türkiyədə daxili vəziyyəti qızışdırsalar, həqiqətən də millətlərarası məsələ olan türk-kürd məsələsi çox kəskin şəkildə ağırlaşacaq. Daxili böhran ciddi və təhlükəli hal alacaq. Bu olmasın deyə, hökumət vəziyyətə mobil şəkildə köklənməlidir”.
Ayyət Əhməd