Türkmən qətliamına səsimizi çıxarmalıyıq

Fazil Mustafa: “Bizim müstəqilliyimiz üçün bir gün gələcək ən ciddi təhlükə Rusiya-İran birliyi ola bilər”Tənzilə Rüstəmxanlı: “Dünya qalsın bir yana, heç fransız bayrağına bükülüb, Parisdəki terroru lənətləyən azərbaycanlıların biri çıxıb da bu qətliamı pisləmədi”

Zəlimxan Məmmədli: "Bayırbucaq türkmənlərinin başına gətirilən müsibət İran və Rusiyanın iş birliyidir”
Suriya diktatoru Bəşər Əsədin ordusu Rusiya təyyarələrinin köməyi ilə 4 gün əvvəl Bayırbucaq türkmən bölgəsinə qarşı başlatdığı hücumu artırıb. İŞİD-ə qarşı əməliyyata başlayacağını bildirən Rusiya elə ilk gündən etibarən Əsədə qarşı vuruşan müxalifləri hədəf alıb.
Rusiya döyüş təyyarələrinin havadan, Əsəd ordusunun isə qurudan Bayırbucaq türkmənlərinə qarşı keçirdiyi birgə əməliyyat nəticəsində Türkmən dağı işğal olunub. Rus vertolyot və təyyarələrin də iştirak etdiyi hücumlarda türkmən müxaliflərin mövqeləriylə yanaşı, kəndlər də hədəf alınıb. Türkmən dağı mövqeyindəki Fırınlıq, Acısı, Avanlı bölgələrində qanlı döyüşlər gedir. Bölgənin bombalanması Türkiyə ərazisindən də görünür. Ölənlər və yaralananlar olduğu bildirilib.
Suriyanın şimalında yerləşən Bayırbucaq bölgəsində yaşayan türkmənlər Rusiyanın raket zərbələrinə və Bəşər Əsəd güclərinə müqavimət göstərməkdə israrlı olduqlarını bildiriblər. Bu barədə türkmən könüllülərinin komandirinin müavini Alparslan Çelik bütün dünyaya ünvanlanmış mesajında bildirib. Türkmən komandir Bayırbucaqda türkmənlərin müqavimət hərəkatının dayandırıldığı barədə yayılmış xəbərlərə inanmamağa çağırıb. O, yaşadıqları
bölgənin Aralıq dənizi zonasının Çanaqqalası olduğunu bildirib: "Əsədi müdafiə edənlərə və bütün dünyaya səslənirik, hər kəs həddini bilsin. Qanımızın son damlasına qədər, son nəfəsə qədər döyüşəcəyik”.
Qeyd edək ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu bu olaya ciddi reaksiya verib. O, Bayırbucaq bölgəsində türkmənlərə qarşı hücuma keçən Əsəd rejiminin vəhşiliyi haqda danışıb və əməliyyata dəstək verən Rusiyaya da xəbərdarlıq edib.
Azərbaycanda isə nə rəsmilər, nə də qeyri-dövlət təşkilatlarının nümayəndələri buna münasibət bildirib.
Türkmən qətliamına qarşı
Türkiyənin səylərini birmənalı olaraq dəstəkləyirəm və çox istərdim ki...
Millət vəkillərindən isə yalnız Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa şəxsi feysbuk səhifəsində "Türkmən qətliamı barədə” başlıqlı status yazıb:
"Rusiya və İranın gerçək niyyətləri artıq üzə çıxmaqdadır. Dini ayrı, dili ayrı, yaşam tərzləri ayrı, siyasi rejimləri ayrı, ancaq siyasətləri bir əsrdir qardaşlıq üzərində qurulan bu iki dövlətin birliyinin zülmünü həmişə biz türklər çəkməkdəyik. İndi buyurub Vətənimizi ayətullalara satmağa hazır olan bəzi binamuslarımız bizi İrana qarşı qərəzdə suçlasınlar. Məgər görmürsünüz ki, Əsəd adlanan qatilin artıq ordusu qalmayıb? Bu ordu hər cür müsəlman qətliamına hazır iranlılardan başqası deyil ki... İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, Rusiya havadan, İran gücləri də qurudan İŞİD-i bir tərəfə buraxıb Suriyadakı türkmənləri qətlə yetirməyə başlayıblar. Tarixə bir də nəzər salın, Səttarxan hərəkatını da fars dinçiləri ilə rus kazakları birlikdə dağıtdılar və onları birlikdə güllələdilər. Xiyabanini də yenə də eyni qüvvələr küçənin ortasında güllələdilər. Pişəvəri hərəkatını da ruslar və farslar birlikdə məhv etdilər. Bu dəfə isə türkmənləri öldürənlərin arasında çox sayda Xomeyni ideologiyası ilə zəhərlənmiş bioloji varlıq nöqteyi-nəzərindən bizim sayılan türklər var. Türkmən qətliamına qarşı Türkiyənin səylərini birmənalı olaraq dəstəkləyirəm və çox istərdim ki, Azərbaycan da rəsmi səviyyədə bu qətliama münasibət bildirsin. Bununla yanaşı, bir gerçəyi də Azərbaycan hakimiyyətinin və cəmiyyətinin diqqətinə çatdırmaq istəyirəm. Bizim müstəqilliyimiz üçün bir gün gələcək ən ciddi təhlükə Rusiya-İran birliyi ola bilər. Bu birlik artıq Suriyada sınaqdan çıxarıldı, buradakı vəzifələrini yerinə yetirəndən sonra bölgədə yeni hədəflər axtarmağa başlayacaqları istisna deyil. Onsuz da Xəzər dənizinin üzərindən Suriyaya uçan raketlər bizə lazımi mesajları verməkdədir. Bu birliyin təhlükəsi qarşısında heç Türkiyənin də kömək etməyə imkanı olmaya bələr. Biz Azərbaycanın müstəqilliyinin qorunması üçün mübarizə aparacaq insanların qarşısında bu gün rus-fars-erməni birliyinin sırasında həm bu tərəfdən, həm də o tərəfdən özbəöz türkcə danışan zombiləşmiş qardaşlarımızı görəndə qətiyyən təəccüblənməməliyik. Çünki bu prosesin qarşısını almaq üçün illərdir ciddi tədbirlər görmədiyimizin mümkün nəticələrini indidən proqnozlaşdırmaq olar. İndi anlaşıldımı ki, bizim hansısa ölkəyə, dinə, məzhəbə qarşı qərəzli münasibətimiz yoxdur, sadəcə, öz Vətənimizi gözləyən mümkün təhlükəyə qarşı sağlam düşüncəli insanlarımızı aydınlatmağa çalışırıq? Allah göz bəbəyimiz olan Azərbaycan dövlətini bütün təhlükələrdən qorusun!”
... Türkmən dağı qan ağlayır...
"Azəri Türk” Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı isə Azərbaycan xalqının Bayırbucaq türkmənlərinin başına gələn bu faciəyə qarşı susqunluq nümayiş etdirməsini milli təfəkkürün aşınması ilə əlaqələndirib. Onun sözlərinə görə, belə bir qətliama Azərbaycan ictimaiyyətinin öz münasibətini bildirməməsi ölkəmizdə türk milli düşüncəsinin yox edilməsi istiqamətində aparılan təbliğatların məntiqi nəticəsindən və milli şüursuzluqdan başqa bir şey deyil: "Türkmənlər çoxdandır ki, pərişan durumda olublar. İraqdakı, Kərkükdəki türkmənlərə qarşı bu cür qətliamlar olanda hər kəs səssiz qaldı. Mosulda türklərin başına açılan oyunlar zamanı da heç kəs səsini çıxartmadı. İndi də Suriyanı müdafiə etmək adı altında Bayırbucaq türkmənlərini bombardman etdilər. Bu hadisə adi bir hücum deyil. Bu gün orada əməlli-başlı qətliam, soyqırım yaşanır, Türkmən dağı qan ağlayır, Bayırbucaq türkmən bölgəsi rus və Əsəd təyyarələri tərəfindən bombardman edilir. Dünya isə bu qətliama növbəti dəfə göz yumur. Dünya qalsın bir yana, heç fransız bayrağına bükülüb, Parisdəki terroru lənətləyən azərbaycanlıların biri çıxıb da bu qətliamı pisləmədi. Dünyanın türkə münasibəti zatən ta əvvəldən bəllidir. Bəs, Azərbaycana nolub? Niyə heç kəs etiraz səsini çıxarıb, bu soyqırımın insan haqlarına zidd olduğunu bəyan etmir. Fazil Mustafadan başqa heç bir millət vəkilinin bu qətliama reaksiyasını görmədim. Bu gün Rusiya və İranın əli ilə Bayırbucaq türkmənlərinin başına gətirilənlər insanlıq suçudur. Bəs, deyirdilər terrorun milliyəti olmur? Hesab edirəm ki, bir türk olaraq biz bu qətliamın arxasında Rusiyanın, İranın durmasından asılı olmayaraq, türkmən qardaşlarımıza dəstək olmalı, onların acısını paylaşmalıyıq”.
Öldürülən türkmənlərin əksəriyyətinin şiə mənsəbinə qulluq etdiyini vurğulayan Tənzilə xanım İranın din qardaşlarına qarşı bu əməliyyatlarda iştirakını kəskin şəkildə pisləyib: "Biz azərbaycanlılar başqa vaxt Füzulini çox sevdiyimizi bəyan edirik. Amma indi Bayırbucaqda Füzulinin nəvələri Yer üzündən yox edilir. Biz isə kənardan durub, seyr edirik!!! Yaxşı, dövləti başa düşdük ki, siyasi təzyiqlər ola bilər. Ən azından ortada Dağlıq Qarabağ problemi var. Bəs, insan haqları cəmiyyətləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, siyasətçilər, xalqın təpkisi hanı? Axı, biz türk millətiyik. Bayırbucaqda axıdılan qanlardan bizim də damarımızda axır”.
T.Rüstəmxanlı deyib ki, nədənsə, türk dünyası bu zülmə son vermək üçün ləngiyir: "Yazıqlar olsun ki, Türkiyədən başqa sanki kimsəni Türkmən dağı qətliamı maraqlandırmır. Bizdə də milli təfəkkürdə olan 5-6 adamın çırpındığını gördüm. Bu kampaniyaya bütün türk ölkələrində start verilməsi gərəkdir. Bu gün Suriyadakı və İraqdakı türkmən qardaşlarımızın bizə ehtiyacı var. Biz onlara bu gün yardım etməyəcəyik də, nə zaman edəcəyik? Bu gün Bayırbucağı unutsaq, sabah Doğu Türküstanı, sonra da digər türk yurdlarını itirəcəyik”.
Azərbaycan türklərinə çağırış edən Tənzilə Rüstəmxanlının sözlərinə görə, türkün gücünü bilən düşmən davamlı olaraq, onu əsarət altında saxlamaq istəyir. Bu gün dünya türkmən soyqırımına göz yumur: "Biz Azərbaycanın və türk dünyasının bir parçası olan Bayırbucağı sahibsiz buraxmamalıyıq. Tarix və gələcək nəsillər bu ayıbı bizə bağışlamaz. Mən buradan üzümü dini qurumlarımıza tuturam ki, bu insanlıq qətliamına səssiz qalmasınlar. Rusiyanın dini qurumlarına müraciət ünvanlasınlar ki, Bayırbucaqda günahsız qanlar tökülür, körpə uşaqlar öldürülür. Bunu dayandırmaq lazımdır”.
Məqsəd Türkiyəni hərbi proseslərin mərkəzinə sürükləməkdən ibarətdir
"Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli isə hesab edir ki, dövlətin baş verən hadisəyə ehtiyatlı yanaşması istər-istəməz ictimai rəyə də təsir edir: "İctimaiyyətin əhəmiyyətli bir hissəsi rəsmi mövqe olmadığı zamanlarda səssiz qalmağın gərəkli olduğunu düşünür. Amma sosial şəbəkələrdə müəyyən qədər aktiv təbəqənin türkmənlərin qətliamına reaksiyası oldu”.
Z.Məmmədlinin sözlərinə görə, Bayırbucaq türkmənlərinin başına gətirilən müsibət İran və Rusiyanın iş birliyidir və bu çox ciddi siyasi prosesdir. Burada əsas hədəf Türkiyədir. Məqsəd isə Türkiyəni türk düşmənlərinin koalisiyası ilə üz- üzə gətirmək və onu hərbi proseslərin mərkəzinə sürükləməkdən ibarətdir. Hansı ki, bu yöndə İranla Rusiyanın maraqları hər zaman üst-üstə düşüb: "Qardaş ölkə yavaş- yavaş mövcud siyasi böhrandan çıxaraq yeni hökumət qurur. Zənnimcə, bu cür təxribatlara qarşı əlində ehtiyat modelləri olmamış deyil. Ən azından Türkiyə maksimum dərəcədə öz məsuliyyətini dərk edir ki, bu bölgədə qərb dünyasının mövqeyi, Rusiya ilə İranın işbirliyi və Güney Azərbaycanda baş verən proseslər fonunda atacağı addımlar necə nəticələnə bilər. Hesab edirəm ki, Türkiyə diplomatik müstəvidə bu problemin həllinə çalışacaq. Ən azından G-20 sammitində qərara alınan terrorizmə qarşı birgə mübarizə platforması çərçivəsində daha böyük koalisiya ilə bu problemə giriş Türkiyənin maraqlarına uyğun ola bilər. Onun bu yolla təkbaşına davam etməsi kifayət qədər risklidir”.
Şəymən