Turqay Mikayılov hələ də ermənilərin girovundadır

Akif Nağı: “O, Azərbaycan əsillidir deyə, Gürcüstan hökuməti maraq göstərmir”



Xəbər verdiyimiz kimi, Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

Məlumata görə, bu barədə Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə məhkəməni uzadır: "Bu dəfə də belə olub. Məhkəmənin uzadılması buna sübutdur. Mən vətəndaşımızın azad olunması üçün

çalışıram. Hazırda məhkəmə hakimi ilə danışıqlar aparırıq. Bu çox çətin bir prosesdir. Çox şeyi açıqlamaq istəmirəm. Biz vətəndaşımızı mütləq azad edəcəyik”.

Məlumat üçün bildirək ki, iyulun 23-də Faxralı kənd sakini T.Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Artıq Gürcüstan vətəndaşı olan soydaşımızın həbsdə saxlanılmasından 127 gün keçir.

Məsələ ilə bağlı hansısa yeniliyin olub-olmamasını öyrənmək məqsədilə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə əlaqə saxladıq. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, məsələyə dair heç bir yenilik yoxdur: "Biz mövqeyimizi hadisə baş verən gündən ortaya qoyduq. Hesab edirik ki, T.Mikayılov dumanlı şəraitdə azaraq Ermənistana keçib. Onun başqa bir niyyəti olmayıb. Ümumiyyətlə, Gürcüstanla Ermənistan arasında oxşar hadisələr çox yaşanıb. Dəfələrlə olub ki, Ermənistan vətəndaşları azıb Gürcüstan tərəfinə keçiblər. Gürcüstanın sakinləri də azıb, Ermənistana keçiblər və yoxlamalardan dərhal sonra geri qaytarılıblar. T.Mikayılovun işində isə separatçı ölkə məsələni süni şəkildə qabardıb, istifadə etməyə çalışır”.

Prosesin 4 aydır davam etdiyini söyləyən təşkilat sədri qeyd edib ki, buna dair bəyanatla çıxış ediblər: "Gürcüstan hakimiyyətinə müraciətlər etdik. Hətta bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında iki dəfə aksiya təşkil etdik. Nümayəndələrimizi səfir özü qəbul edib və söz verib ki, yaxın vaxtlarda T.Mikayılov geri qaytarılacaq. Təxminən bir həftə demişdilər. Amma yenə də heç bir nəticə yoxdur. Gürcülər artıq etiraf edirlər ki, ermənilər verdikləri sözün üstündə durmayıblar. Ermənistanda onlara bir həftəyə qaytaracaqlarını vəd ediblər. Amma vədlərinə sadiq qalmayıblar”.

Bir müddət öncə QAT nümayəndə heyətinin Gürcüstanda səfərdə olduğunu bildirən A.Nağı vurğulayıb ki, orada T.Mikayılovun ailə üzvləri və ya yaxınları ilə görüşüblər: "Yaxınları deyiblər ki, bir az ehtiyatlı davranmaq lazımdır. Yəni narahatdırlar ki, məsələnin ictimailəşməsi T.Mikayılovun ziyanına işləyə bilər. Bütün hallarda məsələ diqqətimizdədir”.

Ermənistanın məkrli siyasətinin hamıya məlum olduğunu iddia edən müsahibimiz bəyan edib ki, T.Mikayılov gürcü əsilli olsa idi, Tiflis onu dərhal ölkəsinə gətirərdi: "O, Azərbaycan əsillidir deyə, Gürcüstan hökuməti maraq göstərmir. Həqiqət də bundan ibarətdir ki, o, azərbaycanlı olduğuna görə, gürcü hökuməti təkid etmir. Birinci növbədə məsuliyyəti rəsmi Tiflisin üzərinə qoyuruq. Eyni zamanda Azərbaycan hökuməti rəsmi qaydada məsələyə dair aidiyyəti qurumlara müraciət etməlidir. Zənnimcə, Azərbaycan tərəfində də müəyyən boşluqlar oldu”.

Ayyət Əhməd