“Üç”lərin görüşü Rusiya-Türkiyə gərginliyindən doğur

Arzu Nağıyev: “Hazırda NATO-dan deyil, məhz Rusiyadan qorunaq məsələsi gündəmdədir”



İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Məlumata görə, dünən general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və İsmət Yılmaz arasında üçtərəfli formatda danışıqlar baş tutub.

Görüşdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın üçtərəfli formatda inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Məxsusi olaraq vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.

Nazirlərin üçtərəfli görüşünü şərh edən analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, artıq regionda NATO standartlarına uyğun layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur: "Bununla yanaşı, məlum danışıqlar Rusiya-Türkiyə arasındakı gərginlik və eyni zamanda, regional təhlükəsizliklə də bağlı ola bilər. Bir məsələni də xüsusi qeyd edim ki, Moskva "N” saylı briqadada canlı qüvvəsini və silah-sursatın sayını artırır. Çox güman ki, sözügedən görüşün baş tutmasını məhz bu məsələlər zəruri edib. Hazırda NATO-dan deyil, məhz Rusiyadan qorunaq məsələsi gündəmdədir. Nazirlərin üçtərəfli görüşünü üçtərəfli müdafiə koalisiyası adlandırmaq olar”.

Ayyət Əhməd