Ucuz kitab satan gənci dəstəklədilər
Ancaq yazarlar hesab edir ki, insanları mütaliəyə alışdırmaq üçün mütləq dövlət siyasəti olmalıdır
Biznes Universitetinin məzunu olan Ziya Balıyev açdığı kitab mağazası ilə hər kəsi təəccübləndirib. Mağazada kitablar cəmi 20 qəpiklə -1 manat arasındakı qiymətlə satılır. Mağaza sahibi insanların kitablara olan sevgisini artırmaq üçün belə təşəbbüslərin sayının artmasını istəyir. Onun fikrincə, belə ucuz qiymətə olan kitab mağazaları bölgələrdə də yaradılmalıdır ki, insanların oxumağa maraqları artsın. Bəs, qiymətlərin aşağı olması insanların kitaba və mütaliəyə olan marağını artıra bilərmi? Tanınmış ictimai şəxslər məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşdülər.
Tərcüməçi-yazar Nəriman Əbdülrəhmanlı gənc mağaza sahibinin təşəbbüsünün olduqca xeyirxah olduğunu dedi: "Əgər bu şəxs gəlir gətirməyən bir bizneslə məşğuldursa, vaxtını, gücünü, az-çox vəsaitini buna sərf edirsə, bu olduqca alqışlanmalı bir hadisədir. İstərdim ki, Bakının hər bir küçəsində kitab mağazası olsun.
Təkcə Tiflis şəhərində 73 kitab mağazası var. Paytaxtımız bəlkə də 2 dəfə Tiflisdən böyükdür, amma burda təxmini 10-12 kitab mağazası var. Üstəlik də kitabların maya dəyəri baha olduğuna görə qiymətlər bahadı.
Mağazanı açan şəxsə işlərində uğurlar arzulayıram. İstərdim bu təşəbbüs yayılsın, təkcə ayrı-ayrı şəxslər yox, həm də təşkilatlar belə ucuz kitab mağazalarının açılmasında iştirak etsinlər. Bu o qədər də böyük vəsait tələb eləmir. Bir yer kirayələyib, bir də satıcı tapmaqla bu işi yerinə yetirmək olar”.
Tanınmış tənqidçi Əsəd Cahangirin sözlərinə görə, belə bir mağazanın açılması olduqca təqdirəlayiqdir. Lakin qiymətlərin ucuz olması ilə insanların mütaliəyə olan marağını artırmaq mümkün deyil. Bu sahədə dövlət siyasətinin olması mütləqdir: "Əvvəla, mən o şəxsə bir yazıçı kimi öz minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, onun niyyəti uğurla nəticələnsin. Lakin, inanmıram ki, kiminsə həvəsi və istəyi ilə geniş oxucu kontingentini formalaşdırmaq mümkün olsun.
Necə ki, dövlət siyasəti əsasında idmana maraq artır, eyni zamanda kitaba da maraq yarana bilər. Məsələn, 10 il bundan qabaq Azərbaycan turizm ölkəsi deyildi. Bu gün Azərbaycan turizm ölkəsinə çevrilib, bütün dünya artıq Azərbaycanı bir kitab kimi oxuyur. Çünki dövlət bu sahədə tədbirlər gördü, turistlərin görəcəyi bir şərait yaratdı. Kitaba marağın artması da belə bir siyasət əsasında həyata keçirilə bilər. Bunun üçün ilk növbədə kitab adamına olan qayğı, yazıçıya olan maraq dövlət səviyyəsində təmin edilməlidir.
Bir dəfə Şeyx Şamildən soruşublar ki, "Niyə xalq sənə bu qədər hörmət edir?”. O isə cavabında deyir ki, "Hər şey anamın mənə hörmətindən başladı. Anama baxıb həyat yoldaşım, ailə üzvlərimə baxıb qonşularım, bütün kənd, bütün xalq mənə hörmət etdi”. O, tarixdə ikinci bir adam idi ki, Kəbənin üstünə çıxmağa nail olmuşdu. Yəni, kitaba da maraq bu səviyyədə başlayıb sonra dünya səviyyəsinə çatmalıdır. Müasir dünyada hər şey idarə olunur, heç nə kortəbii deyil”.
"Qanun” nəşriyyatının direktoru, tərcüməçi-yazar Şahbaz Xuduoğlu isə düşünür ki, qiymətlərin ucuz olması oxucuların kitaba olan marağını artıra bilər:
"Təbii ki, kitablar nə qədər ucuz olsa, bir o qədər yaxşıdır. Amma bəzən qiymətləri bu həddə qədər ucuz eləmək mümkün olmur. İkinci əl kitablar, köhnə kitabları ucuz qiymətə satmaq olar, lakin yeni kitabları ucuz qiymətə satmaq mümkün deyil. Ümumiyyətlə, dünyada kitablar bahalaşır. Kağız məhsulu, xammalın qiymətləri artır və bunun üçün də qiymətlərdə bahalaşma müşahidə olunur. Əlbəttə, köhnə kitabları kim oxumursa, onları ucuz qiymətə satmaq olar. Kitab bolluğu bütün hallarda cəmiyyət üçün xeyirlidir”.
Kitablarla bağlı bütün endirim kampaniyalarını və bunu həyata keçirən şəxsləri dəstəklədiyini deyən yazar Cəlil Cavanşir ümid edir ki, qiymətlərin ucuzluğu Azərbaycanda mütaliənin daha da çiçəklənməsinə xidmət edəcək:
"Endirim kampaniyası keçirən bir neçə kitab evləri var. Məsələn, Xan Rəsuloğlunun rəhbərliyi ilə fəaliyyət göstərən "Xanın xəzinəsi” kitab mağazası da var. Onlar ən ucuz qiymətə kitab satan mağazalardır və burda adətən köhnə kitablarla yanaşı, yeni kitablar da olur. Düşünürəm ki, kitablara nə qədər çox endirim olsa, oxucu üçün də bir o qədər əlçatan olar. Elə kitablar var ki, 20-30 il bundan əvvəl çap olunub, oxucular onu əldə edə bilmir. Amma həmin kitablar nəşriyyatların anbarında yığılıb qalır. İqtisadi cəhətdən fayda gətirmir, nə də oxucu üçün əlçatandır.
Məsələn, qiymətləri çox baha olur, oxucu istəyəndə tapa bilmir. Bu şəkildə kiçik mağazaların endirim kampaniyaları həyata keçirməsi həm oxucu üçün faydalıdır, həm də Azərbaycanda kitab mühitinin daha yaxşı formalaşmasında önəmli addımdır. Bu işlə məşğul olan bütün gəncləri dəstəkləyirəm və mənim bacara biləcəyim bir köməyim dəyərsə, buna hər zaman hazıram. Ümid edirəm ki, gənclər ruhdan düşməyəcək və onların fəaliyyəti davamlı olacaq. Oxucular da həmin məkanları diqqətdə saxlayıb tapa bilmədiyi kitabları bu məkanlardan əldə edib oxuya biləcəklər”.
Yeganə Bayramova