Üfüqdə Kremllə açıq qarşıdurma gözlənilir

Paşinyanın formalaşdırdığı kabinet anti-rus qüvvələrdən təşkil olunub




Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsindən sonra sərgilədiyi mövqe və verdiyi açıqlamalar bu adamın işğalçı dövlətin keçmiş siyasi rəhbərliyindən fərqlənmədiyini, hətta onlardan daha betər olduğunu göstərdi.

Bunun səbəbini Paşinyanın dövlət idarəçiliyində təcrübəsiz olması ilə əlaqələndirən siyasi şərhçilər Ermənistanın bundan sonra da hər hansı irəliləyişə nail ola bilməyəcəyini əminliklə ifadə edirlər. Onların fikrincə, Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirdiyi fikirlərdən sonra əminliklə demək olar ki, baş nazirin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur. Məhz Ermənistanın işğalçı siyasəti nəticəsində 25 ildir Qarabağ münaqişəsi həll edilmir. Bu da regionda müharibə riskini artırır. Hərbi xuntanın hakimiyyətdə olduğu illərdə aparılan bütün danışıqlar sabotaj edildi. Nikol Paşinyanın baş nazir olduğu gündən etibarən Qarabağla bağlı verdiyi bəyanatlar isə danışıqlar prosesinə daha böyük zərbə vurdu. İndiki Ermənistan hakimiyyətinin Qarabağ siyasəti demək olar ki, danışıqların tamamilə dayanmasına və Ermənistanın birtərəfli olaraq danışıqlardan çəkilməsinə hesablanıb. Ekspertlərə görə, rəsmi İrəvanın hazırkı ritorikası ciddi şəkildə gərginliyin artmasına aparır. Paşinyan rəhbərliyə gəlsə də, dövlət rəhbəri simasını özündə əks etdirmir. Ermənistanın xarici siyasətini müəyyənləşdirə bilməyən Paşinyan gah Qərbyönümlü açıqlamalar verir, gah da Rusiyaya istəyini göstərməyə çalışır.

Düşmən ölkənin böhranlı durumu ilə bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyan əsasən rusafobiyadır. Əgər onun formalaşdırdığı kabinetə fikir versək, əsasən anti-rus qüvvələrdən təşkil olunduğunu görərik:

 "Ermənistan mətbuatının nə yazmasından asılı olmayaraq, Kremldə Paşinyana qarşı inamsızlıq hökm sürür. Düzdür, Paşinyanın tam Qərbpərəst siyasəti onu Kremllə açıq qarşıdurmaya gətirər. Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri bu ölkədə keçirilən dünya çempionatı ilə bağlıdır. Protokol qaydalarına görə, onun Putinlə görüşü imitasiya xarakterlidir. İndiki məqamda iki liderin biri-birinə "xoşməramlı” ifadələr işlətməsi görüntüdür. 

Paşinyan çalışır ki, Rusiya Ermənistanın təhlükəsizliyini qorusun və yeni silahlar versin. Amma siyasi cəhətdən Qərbə yaxınlaşmaq planları qurur. Hesab edirəm ki, Kreml bunu xoş qarşılamayacaq. Biz növbəti aylarda Paşinyanın apardığı siyasətdə Rusiya ilə konfontrasiya yaşayacağını görəcəyik. Rusiya Ermənistanda demokratik sistemin bərqərar olmasının əleyhinədir. Çünki Ermənistanı itirə bilər. Ermənistanda hakimiyyəti Rusiya formalaşdırmadığına görə, rəsmi İrəvana etibar etmir. Rusiya çalışacaq ki, Ermənistanı öz orbitində saxlasın. Amma Paşinyanın buna gedəcəyi gözlənilmir”.

İsmayıl