"Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması artıq de-fakto baş tutub”.
Bunu "Sherg.az”a Ukraynanın sözügedən təşkilatdan çıxmasının səbəblərini izah edərkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, rəsmi Kiyevin qərarının prosedur məsələləri artıq həll olunur:
"Ukrayna MDB-dən çıxan tək ölkə deyil. Gürcüstan da bu yolla gedir. Təşkilat yaranan vaxtlarda Baltikyanı dövlətlər ümumiyyətlə ona dırnaqarası yanaşırdı.

Ukrayna MDB çərçivəsində daha çox Rusiyaya bağlı idi. Demək olar, bu ölkənin idxal-ixrac əməliyyatlarının 90 faizi Rusiya ilə bağlı idi. Amma Ukraynadakı inqilabdan sonra həmin əlaqələr qırıldı. Ona görə, Ukraynanın idxal-ixrac əlaqələri Qərbə yönəlir. Düşünürəm ki, formal prosedurlar yekunlaşdıqda Ukraynanın MDB-ni tərk etməsi rəsmiləşəcək”.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko hökumətə ölkənin MDB-dən tam çıxması üçün müvafiq təkliflər hazırlamağı tapşırıb. O bildirib ki, müqaviləni tam ləğv etmək olmaz, çünki orada Ukraynanın xeyrinə müddəalar var. Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi barədə müddəalardan gedir. Xatırladaq ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.
Aysel Aslan