Ülkər Məmmədovanın hərəkətinə Azərbaycan məsuliyyət daşımır

“Heç bir dövlət bütün vətəndaşlarını nəzarətdə saxlaya bilməz”
"Ötən həftə Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibi aparılmayacaq”. Bu sözləri Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov deyib. Baş konsul deyib ki, vətəndaşımız Türkiyədə hər hansı bir hadisə törədərsə, buna görə Azərbaycan məsuliyyət daşımır.
Çünki hər hansı terror qruplaşmasına qoşulan istənilən şəxs milli mənsubiyyətini itirərək sadəcə terrorçu adı qazanır: "Ülkər Məmmədova Türkiyəyə oturma izni ilə gəlib. Uzun müddət burada yaşayıb və ailə qurub. Onun uşağı da var. Bu baxımdan onun terrorçu kimi Türkiyədə törətdiyi cinayətlərin Azərbaycan dövlətinə dəxli yoxdur. Ancaq onunla bağlı aparılan iş nəzarətimizdə olacaq”.
Xatırladaq ki, Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadın olub. Ü.Məmmədovanın hansı ölkədən olduğu haqda yazılmasa da, yerli mətbuatımızda onun azərbaycanlı olma ehtimalından bəhs edilib. İstanbul Baş Konsulluğunun Türkiyə polisinə verdiyi sorğudan sonra adıçəkilən qadının Azərbaycan vətəndaşı olduğu təsdiqlənib. Onu da vurğulayaq ki, indiyədək heç bir qrup partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Baş nazir Əhməd Davudoğlunun bildirdiyinə görə, terror aktına görə, əsas şübhə İŞİD-in üzərinə düşür. Hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.
Hadisənin təfərrüatı ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, dövlət milyonlarla vətəndaşın hərəkətinə cavabdeh ola bilməz: "Əgər bu, mümkün olsaydı, onda heç bir azərbaycanlının İŞİD-ə və ya digər terror qruplaşmasına qoşulmasına imkan verilməzdi. Hətta həmin adamların ölkə daxilində belə cinayət törətməsinə mane olunardı. Lakin indiyə qədər nə qədər terror ünsürləri dövlətçiliyə və xalqa ziyan vurublar, ictimai asayişi pozublar. Ancaq bunların qarşısını almaq mümkün olmayıb. Hesab edirəm ki, heç bir dövlət bütün vətəndaşlarını nəzarətdə saxlaya bilməz”. Ekspert bildirib ki, xaricdə yaşayan vətəndaşların fəaliyyətini izləmək daha çətin prosesdir: "Xarici ölkələrdə Azərbaycan vətəndaşlarının əli ilə törədilən hansısa olaya görə, dövləti ittiham etmək qətiyyən doğru deyil. Onsuz da belə faktlar ortaya çıxan kimi dövlət qurumları şübhəli şəxsləri dərhal cinayət məsuliyyətinə cəlb edir və istintaq tədbirlərinə başlayır. Ancaq məsələ ondadır ki, İŞİD və ya PKK-nın tərkibində döyüşən şəxslər istənilən ölkənin vətəndaşı ola bilərlər. Bu fakt heç nəyi dəyişmir və həmin ölkələrlə hər hansı problem yaratmır. Çünki hamı yaxşı bilir ki, terrorçunun vətəni, milliyəti olmur. Türkiyədəki terror hadisəsində Azərbaycanın adını hallandıranlar ölkəmizi istəməyən qüvvələrdir”.
İsmayıl