Bunlar tədrisdə də ciddi çətinliklər yaradır
Nizami Cəfərov: “Mustafa Babanlı çox gənc, enerjili, bununla yanaşı, elmi-tədqiqat, tədris və tədrisin beynəlxalq miqyası sahələrində çox peşəkar adamdır”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq. Bu barədə adıçəkilən müəssisənin rektoru Mustafa Babanlı bildirib. Rektorun sözlərinə görə, universitetdə kafedraların birləşdirilməsi işləri gedir:
"Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirib 28 edəcəyik”. Rektor diqqətə çatdırıb ki, hazırda universitetin laboratoriyaları da yenilənir: "ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır. Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir”.
Rektor onu da əlavə edib ki, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib”.
Rektorun islahatlarını dəyərləndirən akademik Nizami Cəfərov "Şərq”ə söyləyib ki, kafedraların birləşdirilməsi məqsədəuyğundur: "Birinci səbəb odur ki, müasir dövrdə elmlərdə çox güclü inteqrasiya prosesi gedir. Buna ehtiyac da var. Məsələn, humanitar elmlərə dəqiq elmlərin metodları və ya texnologiyaları gəlir. Və yaxud da əksinə. Dəqiq elmlərə müəyyən humanitar elmlərin metodları tətbiq edilir. Bunlar ümumi universal məsələlərdir. İstər-istəməz tələb edirlər ki, elmdə və təhsildə inteqrasiya prosesi getsin”.
Professor hesab edir ki, universitetlərimizdə həddindən artıq kafedra yaratmaq meyilləri olub: "Məsələn, tələb olan vaxtlardan da görürdük. Düzdü, sonradan bunun qarşısı alındı. Amma hələ də subyektiv amillərlə onları birləşdirmək çox çətindir. Məsələn, bir kafedrada ciddi və ya nüfuzlu alim meydana çıxırdısa, o dərhal özünə kafedra açmaq istəyirdi. İndi bizim universitetlərimizdə süni kafedraların açılması görünür. Müşahidə aparanda görürsən ki, həmin kafedrada lazımi potensial yoxdur. Bax, bu süniliyin qarşısını almaq vacib məsələdir. Buraxılan yanlışlar aradan qaldırılmalıdır”.
Akademikin qənaətincə, kafedra çoxluğu tədrisdə ciddi çətinliklər yaradır: "Müxtəlif kafedralar dərs saatı üstündə möhkəm mübarizə aparırlar. Kafedraların bağlanmaması üçün onlara dərslər verilir. Bu da özünü doğrultmur. Yəni kafedra mövcuddur deyə, əlavə dərslər axtarılır”.
Müsahibimiz sözügedən universitetin hazırkı fəaliyyətindən də söz açıb: "Ora təyin olunan rektor Mustafa Babanlı çox gənc, enerjili, bununla yanaşı, elmi-tədqiqat, tədris və tədrisin beynəlxalq miqyası sahələrində çox peşəkar adamdır. Müasir tədris metodlarını çox yaxşı bilən, elmli bir insandı. Onun gördüyü işləri yalnız eksperiment kimi qiymətləndirmək olmaz. O, nə iş gördüyünü bilir. Prosesləri beynəlxalq təcrübə və Azərbaycanın bugünkü tədrisinə uyğun aparır. M.Babanlının gerçəkləşdirdiyi tədbirlər gələcəyə yönəlib. Çünki onun təcrübəsinə və səviyyəsinə bələdəm. Texniki, təbiət və humanitar elmlərin universal metodları, üsulları var. O da həmin üsulları çox yaxşı bilən mütəxəssisdir”.
Ayyət Əhməd