Ünsiyyət azalıb, intiharlar çoxalıb

“Ailə üzvləri bir-biri ilə danışmır. Kişi bir tərəfdə internetdə oturur, qadın isə digər tərəfdə”



Son zamanlar baş verən intihar hallarının statistikasında yüksəlmə müşahidə olunur. Dəhşət doğuran məqam budur ki, intiharlar gəncləşir. Canlarına qəsd edənlərin əksəriyyətini gənclər və yeniyetmələr təşkil edir. Qeyd edək ki, dünən Gəncədə 11-ci sinif şagirdi özünü çoxmərtəbəli binadan ataraq intihar edib. Məlumata görə, hadisə şəhərin "Mahrasa bağı” adlanan ərazisində yaşanıb. Orada məskunlaşan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova binanın 13-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Doğrudur, bu cür halların qarşısının alınmasına dair müəyyən maarifləndirici işlər aparılır. Bununla belə, hələ ki problemin köklü həllinə müvəffəq ola bilmirik.

Məlum olayların səbəbləri isə müxtəlif faktorlarla izah olunur. Maraqlıdır, görəsən, belə arzuolunmaz məqamların artmasının nüvəsində hansı mətləblər dayanır? Nədən gənclər problemdən çıxış yolunu intiharda görürlər? Suallarımıza aydınlıq gətirən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyir ki, intihar bütün hallarda etiraz formalarından biridir və eyni zamanda şəxsin axtarmış olduğu çıxış yoludur: "Nə qədər neqativ də olsa, bu cəmiyyətimizdə baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Təəssüflər olsun ki, hazırda intiharın cavanlaşdığını görürük. Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbulla əlaqədar imtahanlarda bəzən görürsən ki, valideyn övladının nə istədiyinin fərqinə varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və bunu mütləq bir şəkildə aşılamağa çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu peşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir”.

Psixoloq qeyd edib ki, valideynlər mütləq övladları ilə söhbət etməlidir: "Onların nə istədiyi, düşüncələri, həyat məqsədlərinin nə olduğu barədə sorğu aparmalıdır. İndiki halda ailələrdə ən çox yaşanan problem ünsiyyət çatışmamazlığıdır. Ailə üzvləri bir-biri ilə danışmır. Kişi bir tərəfdə internetdə oturur, qadın isə digər tərəfdə. Ancaq fikir versəniz, internetdə hər ikisi kimləsə danışır. Həmin yol sonda depressiyaya, münasibətlərin soyumasına, əsəbi davranışların, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır ki, bu da intihara aparır. Bizim cəmiyyətdə məcburi surətdə qurulan ailələr var. Bu məsələdə qızın və yaxud oğlanın istəyi nəzərə alınmır”.

Ekspertin qənaətincə, yeniyetmələrdə intiharların bir səbəbi də sevgi münasibətlərinə görədir: "Bizim etnopsixologiyamızda əxlaq, namus məsələləri ən həssas yerimizdir. Biz buna görə kimisə öldürə də bilərik. Bizə aşılayıblar ki, bu cür məsələlər heç bir hüquqi norma tanımır. Bunların üzərində müəyyən korrektələr aparılmalıdır. İnteqrasiyalı cəmiyyətdə yaşayırıq. Elə dəyərlər var ki, onun içərisində bir forma olmalıdır. Olmadığı təqdirdə xoşagəlməz proseslər baş verəcək”.

E.Rüstəmovun sözlərinə görə, ailədə intim problem bir-birini tamamlamadıqda, fiziki uyuşmazlıq olduqda bunlar intihara gətirib çıxara bilir: "Ancaq nəzərə almaq lazımdır ki, intihar heç bir halda çıxış yolu deyil. Sadəcə, problemdən qaçmaqdır. Bir qism ailələrdə də intihara cəhd insanların diqqətini bu problemə yönəltməkdir. Elələri özünü öldürmək üçün bu aktı həyata keçirmir. Onlar istəyir ki, insanların diqqətini çəksin”.

Müsahibimiz əlavə edib ki, ölkəmizdə "Psixi sağlamlıq və təhlükəsizlik haqqında” qanun qəbul olunsa, yaxşı olar: "Cəmiyyətdə insanlar maarifləndirilməlidir. Bu yaxınlarda Milli Məclisdə tibbi sığorta məsələsini irəli atdılar. İstərdim ki, onun tərkibinə psixoloji sığorta adlı maddə də əlavə olunsun. Ailə quran gənclər psixoloji baxımdan da bir-birini tanısınlar. Bu daha yaxşı təsir göstərərdi. Fiziki sağlamlıq psixi sağlamlıqla tənzimlənmirsə, o, kimsəyə lazım deyil. Elə intihar edənlər var ki, onlar fiziki cəhətdən çox sağlam insanlardır. Amma görürsən ki, intihar edirlər. Psixoloji istiqamətdə cəmiyyət maarifləndirilməlidir. Yeniyetmələrlə bağlı problemlər varsa, psixoloqa müraciət edilməlidir. Yardıma ehtiyac varsa, mütəxəssislərə müraciət edilməlidir. Bunun üçün ayrıca mütəxəssislər mövcuddur. Bu gün intihar haqqında çox yazılır. Amma nəticəsi olmur, problem azalmır, əksinə, daha da artır. Bu onu göstərir ki, cəmiyyət buna hazır deyil. Çünki bunlar kompleks tədbir deyil. İnformasiya kimi bilirik, amma nədən qaynaqlandığı əks olunmur. Onun qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu səbəbdən proses əks təsirini göstərir”.

Psixoloq mərkəzə bu tip insanların müraciət etdiklərini qeyd edib: "Hətta övladı intihar etmiş analar da bizə müraciət edir. Əslində əksər insanlar həyatında bir, ya iki dəfə intihara cəhd edir, amma bunu həyata keçirmir. Psixoloji narahatlıq barədə müraciət edirlər. Və lazımi şəkildə də psixoloji yardımı alırlar. Çox rahat şəkildə həyatlarına davam edirlər. Bu istiqamətdə də mərkəzimiz çalışır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib ki, uşaqlar arasında intihar hallarının baş verməsi bütün dünyanı, cəmiyyəti narahat edən əsas məsələlərdəndir. Onun sözlərinə görə, uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var: "Özünəqəsdin əsas səbəbləri ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, informasiya bolluğu, internet üzərindən, xüsusən də sosial şəbəkələrdən əldə olunan mənfi nümunələrdən özlərinə pay götürən uşaqların valideynləri ilə davranışları, uşaqların müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar, depressiyalardır. Uşaqların intiharına birbaşa ən çox təsir edən amillərdən biri sosial şəbəkələrdir. Buna görə də internet təhlükəsizliyi sistemi yaradılmalıdır”.

S.Qəhrəmanova diqqətə çatdırıb ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır: "Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir”.

Komitə rəsmisi hesab edir ki, orta məktəbdən əlavə əsas məsuliyyət valideynlərin üzərinə düşür: "Buna görə də ata-ana uşağının davranışına, nələri izləməsinə, uşağın ünsiyyətdə, əlaqədə olduğu çevrəsinə xüsusi diqqət etməlidir. Ailə psixoloqlarının hazırlanması da vacib məsələlərdən biridir. Bəzi ailələr psixoloqa müraciət etmək istəmirlər, bəzən də psixoloqla psixiatrı eyniləşdirirlər. Bu istiqamətdə də iş aparılmalıdır”.

Ayyət Əhməd