Ürəyi gedənlər var...

Gənclər Şəhərciyinə gedən marşrutda müsibət yaşanır
İctimai nəqliyyatda, məxsusi olaraq sərnişindaşıma avtobuslarındakı sərnişin sıxlığı sanki millətimizin taleyinə yazılıb. İllərdir bu məsələlərin həllinə dair müzakirələr aparılsa da, hələ kompleks nəticələrin şahidi olmamışıq. Məsələn, Xətai prospekti ilə Xırdalan Gənclər Şəhərciyi arasındakı marşrut üzrə hərəkət edən 199 saylı avtobuslarda sözün əsl mənasında müsibət yaşanır. Səhər (7:00, 9:00) və axşam (17:00, 21:00) saatlarında bu avtobusa nəinki minmək, heç yaxınlaşmaq olmur. Çünki həmin saatlarda paytaxtın bütün yerlərində sərnişin sıxlığı yaşanır.
Ona görə də, göstərilən vaxtlarda sərnişinlər saatlarla dayanacaqlarda qalıb, gözləməli olurlar. Avtobuslarda yer tapılmır və tapılsa da, basabasdan ayaqları yerə dəymir. Hətta o cür intensivlik yaranır ki, avtobusda sıxılaraq halı pisləşib, ürəyi gedənlərə də rast gəlinir. 24 oturacağı və ümumi tutumu 68 nəfər olan avtobusa az qala 168 sərnişin dolduran sürücülər isə "Mən neynim, minməzdi. Məcbur mindirmədim ki” deyib, özlərini sığortalayırlar. Bir sözlə, digər ölkələrdə heyvanların haqq və hüquqları qorunduğu halda Azərbaycan vətəndaşlarının hüquqları elə ictimaiyyətin gözü önündə- ictimai nəqliyyatdaca tapdanır. Necə deyərlər, "pulumuzu verib, abrımızı itiririk”. Ən böyük tıxac isə adıçəkilən şəhərciyin və metronun "20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqlarda müşahidə olunur. Bütün problemləri yaradan əsas səbəb odur ki, sözügedən avtobuslarda intervalın 10 dəqiqə olduğu göstərilsə də, gərgin saatlarda bu, 30-40 dəqiqəyə çatır. Bundan başqa, əvvəllər tıxacı aradan qaldırmaq məqsədilə həmin istiqamətdə 203 saylı marşrutlar da fəaliyyət göstərirdi. Onlar müəyyən qədər sıxlığın qarşısını alırdı. Amma hazırda həmin avtobuslar xətdən çıxarılıb ki, bu da çox dözülməz duruma yol açıb.
Məsələni dəyərləndirən nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov "Şərq”ə söyləyib ki, bu hal demək olar ki, bütün avtobuslarda yaşanır: "Əlbəttə, aidiyyəti qurumlar nəzarət etməlidirlər. Amma nəqliyyat sistemi özbaşına buraxılıb. Sahibkarlara tələb qoyulmalıdır. Ya avtobusların sayı artırılmalıdır, ya da interval azaldılmalıdır. Bu da mümkündür ki, intensiv saatlarda avtobuslar intervalı azaltsınlar. Belə olarsa, inanıram ki, sərnişin sıxlığı yaranmaz. Əslində sıxlığın yaranmasında sürücülərin də maraqları var. Onlar da düşünürlər ki, avtobusların sayı az olarsa, onlar daha çox gəlir əldə edə bilərlər. Bütün hallarda aidiyyəti qurumlar yığışıb, problemin uğurlu həllini tapmalıdırlar. Necə ki, sərnişinlər yol pullarını rahat şəkildə verir, ictimai nəqliyyatlar - sürücülər də sərnişinlərin gediş-gəlişlərini rahat şəkildə təmin etməlidirlər. Əks halda, bu, hüquq pozuntusudur. Baxın, basabasda gedən sərnişin düşüb, sürücüyə 5 qəpik versə, sürücü razı qalacaqmı? Xeyr, sərnişinlə davaya çıxacaq. Bəs onda sərnişin niyə haqqını tələb etməməlidir? Zənnimcə, müasir dönəmdə və müasir ölkədə ictimai nəqliyyatda tıxacların yaranması utancvericidir. Bu məsələ həllini tapmalıdır. İnsanların rahat gediş-gəlişi təmin olunmalıdır”.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM ) sözçüsü Şəfa Mehmanqızı isə bildirib ki, bu məsələ NİİM-nin deyil, Sərnişin Nəqliyyatı və Yükdaşımaların təşkili MMC-nin səlahiyyətindədir: "Bu quruma məktubla müraciət edin. Rəsmi müraciət daha effektiv olur. Çünki rəsmi müraciətlərə tez baxılır. Mən də qurumun rəhbəri Ziya müəllimdən xahiş edəcəm. Amma bilirsiniz ki, avtobus saylarının artırılmasına sahibkarlar baxır. Yəqin ki, Ziya müəllim tapşırıq verər və 199 saylı avtobuslar hansı şirkətin tabeliyindədirsə, onlar avtobusların sayının çoxaldılması və yaxud intervalın azaldılmasına dair tədbir görərlər. Yaxşı olar ki, siz də idarənin özü ilə əlaqə saxlayın və problemi diqqətlərinə çatdırın”.
Ş.Mehmanqızının tövsiyəsinə əməl edib, adıçəkilən qurumla əlaqə saxlamağa səy göstərsək də, cəhdlərimiz nəticəsiz qaldı. Zəngimizə cavab verən tapılsa da, bütün şöbələr "buna filankəsin şöbəsi baxır” deyərək, məsuliyyəti biri-birinin üzərinə buraxıb, sualımıza cavab vermədilər. Sonradan isə adıçəkilən quruma məxsus daxili nömrələrin heç birinə zəng çatmayıb.
Mövzuya qayıdacağıq
Ayyət Əhməd