Uşaqlar zərərli informasiyadan qorunmalıdır

Qulu Məhərrəmli: “Valideynlər övladlarına düzgün nəzarət edərsə, mətbuatda qadağa tətbiq edilməsinə ehtiyac qalmaz”
Seymur Verdizadə: “İnformasiya “savaşında” heç kim rəqibə uduzmaq istəmir”




Murad Əliyev: "Geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”




Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Uşaqlarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb.
Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.

Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir. Məhz bu problemlərin qarşısını almaq üçün Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında " qanun layihəsini müzakirə edir. Deputatların dediyinə görə, hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb.
Milli Məclisin bilgisində layihəni parlamentə prezident İlham Əliyevin təqdim etdiyi bildirilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun yerli qanunvericiliyə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara uyğun hazırlandığı əlavə edilib. 5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir. Qəbul edilərsə, qanun bu sahədəki münasibətləri tənzimləyəcək.

Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Layihə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.
Deputatlar "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsini bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib. Parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri də müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi uşaqların sağlamlığına mənfi təsir göstərən, o cümlədən onların mənəvi, psixi, fiziki və sosial inkişafına ziyan vuran informasiyalardan qorunmasını nəzərdə tutur: 

"Azərbaycanda mövcud qanunvericilik uşaq hüquqlarının qorunması məsələlərini özündə əks etdirir. 1998-ci ildə qəbul olunmuş "Uşaq hüquqları haqqında” Qanunun 15-ci maddəsində haqqında söhbət gedən məsələ əks etdirilir. Son zamanlar bu maddənin ikinci hissəsinə edilən dəyişikliklə əlaqədar olaraq belə bir qərar verilib ki, bu məsələ ayrıca bir qanunla tənzimlənsin, yeni bir qanun layihəsi hazırlansın. Prezidentin belə bir qanun hazırlanması ilə bağlı Nazirlər Kabinetinə xüsusi tapşırığı olub. Bu da insan alverinə qarşı mübarizəyə dair əlaqələndiricinin milli fəaliyyət planının icrasına kömək məqsədi daşıyır. 

Çünki bu sahədə müxtəlif səpkili problemlər var. Azərbaycanda mövcud qanunvericilik "Uşaq hüquqları haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Teleradio yayımı haqqında”, "Reklam haqqında” qanunlar ümumi şəkildə bu qanunun nəzərdə tutduğu məsələləri əks etdirir. Amma detallı şəkildə, konkret istiqamətlər, bu istiqamətlərə cavabdehlik daşıyan qurumlar, bu qurumların fəaliyyəti, bu fəaliyyətə olan tələblər bu qanunlarda əksini tapmadığı üçün belə bir qanunun işlənməsinə ehtiyac duyulub”.

"Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini dəyərləndirən əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmlinin fikrincə, universal mediada yayımlanan uşaqlar üçün zərərli məlumatların onlara çatdırılmamasına valideynlər nəzarət etməlidirlər.
Onun fikrincə, yalnız uşaqlardan ötrü medianın hansısa qanadına məhdudiyyət qoymaq doğru deyil: 

"Uşaq nəşrləri, uşaq mediası ilə bağlı müəyyən ölçülər isə mütləq nəzərə alınmalıdır. Amma universal mediada belə qadağa qoyulması, məsələn, hansısa qəzet, jurnal ilk səhifədə məhdud şəxslər üçün nəzərdə tutulan məlumatı yayımlamasın, bu yanlışdır. Sadəcə, belə problemlərin aradan qaldırılması üçün addım atılmalıdır. Bu isə ölkədə uşaq mətbuatının inkişaf etdirilməsindən başlayır. Uşaqlar üçün nəzərdə tutulan nəşrlərin artırılması, televiziya kanallarının sayının çoxalması daha məqsədəuyğun olar. Hazırda "Günəş” telekanalı uşaqlar üçün verilişlər hazırlayır. Kanalın fəaliyyəti qənaətbəxşdir, yaş məhdudiyyətini, uşaqlar üçün nəzərdə tutulan, tutulmayan informasiyaları nəzərə alırlar. Hesab edirəm ki, bu tipli uşaq mediasının inkişafı labüddür”.

Q.Məhərrəmli hesab edir ki, valideynlər övladlarına düzgün nəzarət edərsə, telefon, planşet kimi vasitələrdən səmərəli istifadəni, sosial şəbəkələrin zərərlərini təbliğ edərsə, mətbuata qadağa tətbiq edilməsinə ehtiyac qalmaz:

"Əsasən nəzarətsiz uşaqlar bu kimi vasitələrə meyl edir, internet saytlardan istədikləri məlumatı əldə edirlər. Belə uşaqlar texnoloji vasitələrə bağlı olduğundan həyatı virtual aləmdəki kimi qavrayır. Əslində, qorxulu olan budur. Bu məsələdə də, ən yaxşı çıxış yolu uşaq mediasının inkişaf etdirilməsidir. Uşaq mətbuatı sahəsindəki problemlər aradan qaldırılmalıdır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə hesab edir ki, uşaqları zərərli informasiyadan qorumaq təkcə valideynlərin deyil, həm də cəmiyyətin, xüsusilə KİV-in vəzifəsidir:


"Təəssüf ki, uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir göstərən xəbərlərin yayılması intensiv hal alıb. KİV-lər arasındakı rəqabət peşəkarlığı arxa plana keçirib. Əksər KİV-lər uşaqlarla bağlı xəbərlərin yayılmasıyla bağlı özlərinə məhdudiyyət tətbiq etmirlər. Vəziyyət o həddə çatıb ki, bəzi KİV-lər hətta təcavüzə məruz qalmış azyaşlıların adlarını açıq yazmaqdan, əllərinə düşdüyü təqdirdə fotolarını yaymaqdan belə çəkinmirlər. İnformasiya "savaşında” heç kim rəqibə uduzmaq istəmir. Qeyri-sağlam rəqabət mühiti cəmiyyətin müxtəlif kateqoriyalarına aid olan insanların, o cümlədən, uşaqların zərbələrə məruz qalmasına səbəb olub”. Azərbaycanda kriminal xəbərlərin hazırlanması ilə bağlı ciddi problem olduğunu vurğulayan S.Verdizadə bu sahədə ixtisaslaşmanın zəif getdiyini qeyd edib: "Bəzən mətbuat təqsirləndirilən şəxsi cani, qatı cinayətkar kimi təqdim edir. Bu naşılığın qurbanı olan adamların sayı getdikcə artır. Buna görə də sözügedən qanun layihəsinin hazırlanmasını təqdir edirəm. Mənə elə gəlir ki, bu prosesi sürətləndirmək lazımdır. 

Arzu edərdim ki, hörmətli millət vəkillərimiz özlərinə bir az əziyyət verib, həmin qanunu 2019-cu ildə qəbul etsinlər. Hamımız deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Ancaq çox təəssüflər olsun ki, bu, çox vaxt şüarçılıqdan o yana keçmir. Uşaqların bizim gələcəyimiz olduğunu onlara göstərdiyimiz əyani qayğı ilə sübut etməliyik”.

"Report.az”ın baş redaktoru Murad Əliyevin dediyinə görə, Azərbaycanda internetin geniş yayılması ilə uşaqların zərərli informasiyadan qorunması məsələsi kəskin şəkildə aktuallaşıb: "Bu məsələdə ilk növbədə valideynlərin üzərinə böyük məsuliyyət düşür - artıq uşaqların istifadə etdiyi kompüterlər üçün xüsusi proqram təminatları mövcuddur, onlar vasitəsilə zorakılıq, şiddət və digər uşaqların izləməsi üçün nəzərdə tutulmayan materiallar filtr olunur, həmin kompüterdə göstərilmir. Nəzərə alaq ki, yeni nəsil uşaqlar kompüter, smartfonlara olduqca böyük maraq göstərirlər. Bu səbəbdən valideynlər həmin informasiya daşıyıcılarında olan məlumatları daim diqqətdə saxlayırlar. 

Bununla belə, qanunvericilik sahəsində də bu məsələnin tənzimlənməsi günün tələblərinə cavab verir. Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ayın əvvəlində "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliyə əsasən, qanunun 15-ci maddəsinə "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir” məzmunda yeni hissə əlavə edilir. Bu məsələnin olduqca həssas olduğunu nəzərə alaraq qəbul olunacaq qanunun kağız üzərində qalmaması, ictimaiyyətə çatdırılması üçün geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Həm biz, media təmsilçiləri, həm uşaq hüquqları sahəsində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları məsələni aktual saxlamalıdırlar”.

Şəymən
Davamı olacaq...

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb