
Üşüsəniz də, səbirli olun!
Daha “Azəriqaz”a demək olmur ki, “uşaqlar dözmür, atam balası...”

Havalar soyuyan kimi, mənzillərimizin də buzlamasına artıq alışmışıq. Elə ki, payız soyuq üzünü göstərməyə başlayır, evlərin istiliyi də azalır. Sanki bəzi qurumlar qaz kəmərlərində təmir işləri aparmaq üçün soyuqların düşməsini gözləyir. Hazırda paytaxtın bir sıra ərazilərində yollar qazıq-qazıqdı. Soruşanda da deyirlər, qaz kəmərlərində təmir aparılır, sızma olan borular yenilənir və sair və ilaxır.
Daha bunu soruşan yoxdur ki, boruları yeniləmək, kəmərlərdə təmir aparmaq üçün mütləq payızın gəlişini gözləmək lazım idimi? Məlum məsələdir ki, təmir işləri aparılırsa, təbii qazın verilməsində fasilələr yaranacaq. Nəticə etibarilə də əhali mənzillərdə üşüyəcək. Bir neçə gündür ki, paytaxtın müxtəlif bölgələrində abonentlərə təbii qazın verilməsində fasilələr yaranır. Eyni vəziyyət srağagün Suraxanı rayonunda yaşanıb. Suraxanı rayonu Qaraçuxur qəsəbəsində srağagün səhər saatlarından etibarən dayandırılmış qazın verilişi, bir də axşam saat 22 radələrində bərpa olunub. Gün ərzində sakinlər Suraxanı rayon Qaz İstismar Sahəsinə müraciət etsələr də, onlara dəqiq informasiya verilməyib. İdarədən "qaz saat 14:00-dan verilir” deyiblər, amma faktiki mənzillərə təbii qazın verilməsi bərpa edilməyib. Qaz İstismar Sahəsinin əməkdaşları sakinləri qaz sayğaclarına diqqətlə baxmağı, sayğacın koda düşüb-düşmədiyini dəqiqləşdirməyi tövsiyə edib. Sayğacların normal vəziyyətdə olduğunu dəqiqləşdirən sakinlər yenidən Qaz İstismar Sahəsinə zəng ediblər ki, niyə bizi aldadırsınız? Sayğac koda düşməyib, sadəcə, qaz hələ də verilmir. Sakinlər qəza xidmətinin qəsəbəyə gəlməsini tələb ediblər, idarə isə bu tələbə reaksiya verməyib. İdarə ilə sakinlər arasında qaz mübahisəsi iş saatı bitənədək davam edib, saat 18:00-dan sonra idarədə telefonlara cavab verən də qalmayıb. Sakinlərsə qaz gözləyə-gözləyə qalıblar. Taki axşam saat 10-a qədər.
Qaz kəmərlərində təmir işləri də aparıla bilər, hansısa gözlənilməz hal da yaranar. Bəs bu barədə əhali xəbərdar edilməli deyilmi? Sakinlərə bu barədə əvvəlcədən məlumat verilməlidir ki, kimsə evinə həmin gün qonaq çağırmasın, yoxsa biabır olar.
Yaranmış vəziyyətlə bağlı dünən "Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev "Şərq”ə açıqlamasında Suraxanı rayonunda təbii qazın verilməsində yaranmış fasilənin qaz kəmərlərində aparılan təmir işləri ilə bağlı olduğunu bildirdi. 159.mm-lik orta təzyiqli qaz kəmərinin yer altından keçən hissəsində qaz sızması varmış, bəzi qaz xətləri üzərində qaztənzimləyici quraşdırılırmış və s.
Xəbərdarlıqlara gəlincə, İ.Kəlbəliyev təbii qazın verilməsində fasilələr yaranacağına dair abonentlərə daim xəbərdarlıq edildiyini dedi. Suraxanıdakı vəziyyətlə bağlı isə ANS telekanalının "İç xəbər” proqramında məlumat verildiyini qeyd etdi:
- Planlı işlər olanda əvvəlcədən əhaliyə xəbərdarlıq edilir ki, filan vaxtı qazın verilməsində fasilələr yaranacaq. Lakin bəzən gözlənilməz, qəfil hallar olur. Hansısa kəmərdə qaz sızması baş verirsə, dərhal müdaxilə edilir. Bu zaman abonentlərə xəbərdarlıq etməyə sadəcə, imkan, vaxt olmur. Çünki dərhal müdaxilə vacibdir. Ona görə də, bəzən təbii qazın nəqli xəbərdarlıqsız dayandırılır.
Qaz sayğaclarının koda düşməsi məsələsinə aydınlıq gətirən İ.Kəlbəliyev sayğacların koda düşməsinin səbəbini düzgün yüklənmə aparılmaması ilə izah etdi və sayğaclarla düzgün davranmanın qaydalarının əhaliyə çatdırıldığını dedi:
- Qazın nəqlinin dayanması ilə sayğaclar koda düşə bilməz. Həmçinin, qazın nəqlinin bərpa olunub-olunmadığını öyrənmək üçün tez-tez qaz plitəsini açıb yoxlamaq da sayğacı koda salmır. Sayğac yalnız o halda koda düşə bilər ki, yüklənmə düzgün aparılmasın, yaxud sayğaca hansısa kənar müdaxilə olsun. Ümumiyyətlə, biz həmişə əhaliyə məsləhət görürük ki, qaz cihazlarını bağlayarkən kəmərin üzərindəki vintili bağlı saxlasınlar. Qazın "gözlərinin” söndürülmüş olmasına etibar etməsinlər. Evdən çıxarkən də qaz cihazlarını vintildən bağlasınlar.
İB rəsmisi yaranmış çətinliklərlə bağlı abonentlərin 104 saylı qəza xidməti və 185 saylı Çağrı Mərkəzinə müraciət edə biləcəklərini qeyd etdi:
- 104 qəza xidmətinin nömrəsidir. Əgər qaz sızması, yaxud hansısa başqa problem yaranıbsa, abonentlər 104 xidmətinə zəng edə bilər. Amma digər məsələlər, o cümlədən sayğaclarla bağlı gərək 185 nömrəsinə - çağrı mərkəzinə müraciət etsinlər. Bu, "Azəriqaz” İB-nin "Qaynar xətt”idir.
Onu da bildirək ki, sosial şəbəkələrdə 108 Çağrı Mərkəzi ilə bağlı xeyli müzakirələr açılıb. Abonentlər 108 "Qaynar xətt”inin faktiki həmişə "məşğul” olduğunu yazırlar. Hətta bir abonent sosial şəbəkədə "108-ə zəng edirəm, deyirlər, "1” düyməsini basın, "1”-i basanda isə səs gəlir ki, "seçiminizi düzgün etməməsiniz”. Bu nədir, dolamısınız camaatı?!”
İ.Kəlbəliyev isə abonentlərə təmkinli olmağı məsləhət gördü:
- 108 xidmətinin məşğul olması, edilən çoxsaylı zənglərlə bağlıdır. Bir az təmkinli, səbrli olsunlar, növbəni gözləsinlər, hər kəsə cavab veriləcək.
Məlahət Rzayeva