Üzərimizə tuşlanan SİLAH... - Cəza tələbi

Ərşad Hüseynov:"Sürücülərin təhlükəsizliyini təmin etmək üçün iki istiqamətdə iş aparılmalıdır"
"Bakıda avtobusda sürücü və sərnişinlərə çıxarılan silah oyuncaq imiş”.
Bunu "Sherg.az”a sözügedən hadisə ilə bağlı danışarkən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. 
O bildirib ki, silah oyuncaq olsa belə, həmin şəxs  məsuliyyətə cəlb olunmalıdır:
"Həmin əşya həqiqi silaha çox bənzədiyinə görə, sürücüyə və sərnişinlərə ciddi qorxu yaşadıb. Baxın, sürücülər hansı şəraitdə, kimlərlə çalışır ? Sürücülərin idarə etdiyi avtobuslardan istifadə edən yüzlərlə, minlərlə sərnişin arasında belə təhdid edən, kobud ifadələr işlədən, fiziki təzyiq göstərən şəxslər də ola bilir.
Sürücülərin təhlükəsizliyini təmin etmək üçün iki istiqamətdə iş aparılmalıdır. İlk öncə sərnişinlərin psixoloji durumu qaydasında olmalıdır ki, bu cür sərnişinlərlə dil tapa bilsinlər. Psixoloji cəhətdən bu cür hadisələrə hazırlanan sürücülər sərnişinləri qıcıqlandırmadan, onu daha təhlükəli hərəkətlərdən yayındırmalıdır. İkinci tərəfdən isə avtobuslarda kameralar quraşdırılıb və belə hallarda dərhal hüquq mühafizə orqanlarını məlumatlandırmaq asanlaşıb. Həmin avtobus şirkətinin rəhbərliyi sürücünün təhlükəsizliyi üçün mütəmadi kameraları izləməli və belə hallarda qabaqlayıcı tədbirlər görməlidir”.
Ə.Hüseynov deyib ki, Bakı Nəqliyyat Agentliyi avtobuslarda 360 dərəcəlik ətrafı və bütün salonunu qeydə alan videokameranın olmasını tələb edir:
"Sərnişinlər belə videokameraların olduğunu bilsə, kobud hərəkətlərə yol verməz. Üstəlik bu kameralar hüquq-mühafizə orqanlarının da işini asanlaşdırır. Mətbuatda yayılan videodan da görünür ki, hər şey o qədər aydın düşüb, dərindən araşdırmaya ehtiyac da yoxdur. Ona görə, avtobus şirkətləri çalışmalıdır sürücülərin və sərnişinlərin təhlükəsizliyini önə çəksin.
Bundan əlavə, cəmiyyətdə ümumən çox aqressivlik var. Yalnız ictimai nəqliyyatda sərnişinlər və sürücülər arasında deyil, başqa sahələrdə də aqressiv situasiyalar özünü göstərir. Bunu aradan qaldırmaq üçün sosioloji tədbirlər, maarifləndirmə və s. işlər görülməlidir. Bununla müəyyən qədər insanların bir-biri ilə rəftarında yumşalma aşılamaq olar”.
Qeyd edək ki, hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib. Mətbuatda yayılan videodan görünür ki, "potensial sərnişin” avtobusa dayanacaq olmayan yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına tapança çıxarmaqla cavab verir.
Aysel Aslan