Vahid Əhmədov: "Prezident və Birinci vitse-prezident əhalinin sosial müdafiəsini hər zaman diqqətdə saxlayır"





"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrasının artıq sonuncu ilidir. Proqramın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev regionların bundan sonrakı inkişafı ilə bağlı mühüm tapşırıqlar verib.

Proqramın icrası və bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri dəyərləndirən millət vəkili Vahid Əhmədov Sherg.az-a açıqlamasında ötən müddət ərzində ölkəmizdə köklü iqtisadi islahatların icra edildiyini deyib.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə indiyədək qəbul edilən və həyata keçirilmiş Dövlət proqramlarının mühüm əhəmiyyətə malik olduğunu vurğulayan millət vəkili bu proqramların 2004-cü ildən həyata keçirildiyini xatırladıb və yeni qəbul edilmiş proqramın sayca dördüncü olduğunu deyib:

"2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç proqramın ardınca, 2019-2023-cü illəri əhatə edəcək yenisi qəbul edilib. Növbəti 4 illik proqramda əsas məqsəd regionların iqtisadi inkişafına nail olmaqdır. Bundan əvvəlki üç proqramda əsas məqsəd ilk növbədə regionlarda infrastruktur layihələrinin yaradılması olub. Yəni, regionların elektrik enerjisi, qaz, su təminatı, avtomobil yollarının salınması və s. Başqa sözlə, bu, strukturların fəaliyyətini təmin etmək ki, regionlara investisiya yatırmaq üçün problem yaranmasın.
Ötən müddət ərzində bunlar əsasən yerinə yetirilib. İndi 4-cü proqramda əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın regionlarında infrastruktur yaradıldığı üçün ora investisiya yatırılsın, sənaye müəssisələri, kənd təsərrüfatının və digər sahələrin inkişafı üçün daha çox canlanma olsun. Yəni, ixrac yönümlü məhsulların istehsalına şərait yaradılsın”.

Yeni proqrama əsasən, 4 il müddətində bölgələrə 17 milyard manata yaxın vəsait qoyulacaq. Bununda təxminən 4,6 milyard manatı özəl şirkətlər tərəfindən həyata keçiriləcək. Millət vəkili bu məbləğin gələcəkdə artırılma ehtimalını da istisna etməyib. Yəni, proqramın əhəmiyyəti olduqca böyükdür. Çünki keçən 14 il, 2004-2018-ci illər ərzində bu proqramlar vasitəsilə çox böyük işlər həyata keçirilib. İndi əsas vəzifə faktiki olaraq rayon icra hakimiyyətlərinin üzərinə düşür. Artıq onlar bölgələrə investisiya cəlb edib, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar.

Millət vəkili 2004- 2008-ci il üzrə Dövlət proqramının yekunları müzakirə ediləndə Prezidentin hökumətin qarşısında iki məsələ qoyduğunu xatırladıb: ərzaq təhlükəsizliyi və qeyri-neft sektorunun inkişafı:

"İndi qeyri-neft sektoru müəyyən qədər inkişaf edib. Düzdür, bizi tam qane etməsə də, ixracyönümlü məhsullar çox olmasa da, ancaq inkişaf var. Ərzaq təhükəsizliyi ilə bağlı da kənd təsərrüfatına diqqət çoxalıb. Kənd təsərrüfatında ixrac yönümü məhsulların səviyyəsi artır. Azərbaycanda, məsələn, ixracda ilk dəfə olaraq neçə ildir ki, müsbət saldo yaranıb. Yəni, ixrac idxalı üstələyib. Bütün bunlar hamısı mövcuddur, ona görə də belə proqramın qəbulu çox vacibdir”.

Dövlət başçısının konfransda toxunduğu digər bir mühüm məqam struktur islahatlarının iş yerlərinin ixtisarına gətirib çıxarmaması ilə bağlı idi.

Struktur islahatlarının çox ciddi məsələ olduğunu vurğulayan millət vəkili bizdə bir-birini təkrar edən artıq strukturların həddən artıq olduğunu deyib. Onun sözlərinə görə, hökumətin tərkibində elə struktur var ki, onlara ehtiyac yoxdur. İndi islahatlar başlanılıb və davam etdirilir. Nəhayət, elə bir çevik struktur, model qurmaq lazımdır ki, normal işləsin, ciddi problem olmasın. Biz hökumətdən daha çox Prezidentin bu məsələlərə diqqət yetirdiyini görürük. Çox çevik idarəetməyə ehtiyac var. Bizim üçün bu gün ən ciddi məsələlərdən biri əhalinin sosial müdafiəsi məsələsidir. Prezident və birinci vitse-prezident bu məsələləri hər zaman diqqətdə saxlayırlar”.

Şəymən