Valideyn məsuliyyəti qanuniləşdirilir
İradə Cavadova: “Öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin məsuliyyətə cəlb olunması və hətta azadlıqdan məhrum edilməsi təklifi təqdirəlayiqdir”
Səidə Qocamanlı: "Tərbiyəli övlad böyüdənailəyə "bərəkallah”, tərbiyəsiz uşaqların
valideynlərinə isə cinayət məsuliyyəti düşməlidir”
Övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusu, hətta ən əsas vəzifəsidir. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta zorakı üsullardan istifadə edir. Əslində, uşaq tərbiyəsi bir sənət əsərinə bənzəyir. Necə ki, rəssam bir tablo yaradır, yazıçı bir yazı yazıb ortaya çıxarır, hər bir uşaq da öz valideynlərinin tərbiyəsi ilə formalaşıb kimlik tapan insan adlı bir əsərə çevrilir.
Bu baxımdan, övlad tərbiyə etmək valideynlərin üzərinə düşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Amma təəssüflə qeyd etməliyik ki, son zamanlar Azərbaycanda uşaqların üzləşdiyi problemlər, onların dilənçiliyə vadar edilməsi, yaxud da ailə tərbiyəsi görməyən uşaqların cəmiyyətə vurduğu ziyan-zərərlər həddi aşıb. Bunun qarşısını almaq üçün də ölkədə valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi hazırlanır. Yeni sənəd valideynlərin öz övladlarına qarşı məsuliyyətini gücləndirməyə, onların valideynlik borclarını yaxşı dərk etməsinə və yerinə yetirməsinə yönəlib. Xüsusən son illər valideyn məsuliyyətsizliyinin baş alıb getdiyini görən layihə müəllifləri hesab edirlər ki, sənəd problemin aradan qalxmasına kömək edəcək. Belə ki, Azərbaycanda övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir.
Təklifə görə, uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlər, eyni zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan və s. valideynlər üçün ayrı-ayrılıqda məsuliyyət növləri müəyyənləşdirilməlidir. Təkliflər paketində qeyd olunub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verərsə, bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Həmçinin Avropa İttifaqının qaydalarına görə, avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlər cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini təklif edir.
... 1 yaşına çatmamış uşaqları ataları qucağına alıb, qürurla maşın sürdürür
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin məsuliyyətə cəlb olunması və hətta azadlıqdan məhrum edilməsi təklifi təqdirəlayiqdir: "Faktiki olaraq, valideynlər uşaqlarını dilənçiliyə və başqa işlərə sövq edərək, onların əməyini istismar edir, hüquqlarını pozurlar. Hətta bəzi hallarda valideynlər uşaqların məsuliyyət daşımadığından istifadə edib, onları cinayətə sövq edirlər. Bu səbəbdən də valideynlərin uşaqlarının əməllərinə görə məsuliyyət daşıması kimi təkliflər çox yaxşıdır. Bəzən görürük ki, kiçikyaşlı uşaqlar kiminsə avtomobilini zədələyir, yaxud da digər xoşagəlməz addımlar atır. Amma bu cür "uşaqyana” hərəkətlərə görə valideyn məsuliyyət daşıyıb, cəza alarsa, uşaqların tərbiyə və təhsilində valideynlərin rolu artar. Çox təəssüflər ki, son zamanlar valideynlərin uşaqların tərbiyəsinə qarşı laqeyd yanaşmaları sonralar həmin uşağın cəmiyyət üçün təhlükəli olması ilə nəticələnir. Təkliflər paketi qəbul olunduğu halda isə artıq valideynlər evində gələcəyin "cani”sini böyütməyəcək. Analar, atalar öz övladlarına qarşı daha həssas olub, onları nəzarətsiz buraxmayacaq, hər addımını izləyəcəklər. Beləliklə də, nə valideynlər öz övladlarının hüququnu pozacaq, nə də onların məsuliyyətsizliyi ucbatından nəzarətsiz qalan uşaqlar insanlara və cəmiyyətə ziyan vuracaq”.
Avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlərin cərimələnməsi təklifinə gəldikdə isə vəkil bu təcrübədən bir çox dünya ölkələrinin yararlandığını vurğulayıb: "Bu da çox yaxşı təklifdir. Bizdə nəinki azyaşlı uşaqlar avtomobildə nəzarətsiz qalır, hətta bir çox hallarda şahidi oluruq ki, 10-11 yaşlı uşaqlar ataları ilə birlikdə sükan arxasında oturub, avtomobili idarə edir. Bu zaman da təcrübəsiz "sürücü”nün qarşısına çıxan hansısa bir uşaq və yaxud da heyvan qəzaya səbəb ola bilir. Ən xoşagəlməzi isə odur ki, 2-3, hətta 1 yaşına çatmamış uşaqları ataları qucağına alıb, qürurla maşın sürdürür. Bütün bunlar isə birmənalı olaraq yolverilməzdir. Uşaq oyuncaq deyil və ondan əyləncəli bir əşya kimi istifadə etmək qəbuledilməzdir. Avtomobildə uşağın öz yeri olmalı və o, təhlükəsiz şəkildə oturmalıdır. Bu təcrübə bütün Avropa ölkələrində və digər ölkələrdə mövcuddur və bizdə də olması alqışalayiq bir təklifdir.
Uşağın beyni ağ səhifədir, valideyn nə tökür, onlar da yığır
Azərbaycanda uşaq hüquqları və valideyn məsuliyyəti ilə bağlı vəziyyətin kifayət qədər acınacaqlı olduğunu vurğulayan hüquq müdafiəçisi Səidə Qocamanlı da hesab edir ki, Komitə tərəfindən irəli sürülən bu təkliflər birmənalı olaraq qəbul edilməlidir: "Uğurlarımızdan danışan zaman cəmiyyətin problemlərini də nəzərdən qaçırmamalıyıq. Bu gün uşaq problemlərinin həlli bizim üçün prioritet olmalıdır. Bu gün hara getsək, küçələrdə dilənən, nəzarətsiz qalan uşaqları görürük. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı təkliflər paketinin qəbul olunmasına bu gün çox ehtiyac var və hətta deyərdim ki, belə bir layihə çoxdan qəbul olunmalı idi. Hesab edirəm ki, övladlarını nəzarətsiz buraxan və onların əməyindən sui-istifadə edən, uşaqları təhsildən yayındıran valideynlər cinayət məsuliyyəti daşımalıdır. Bu çox lazımlıdır”.
Səidə Qocamanlının sözlərinə görə, uşaqların hüquqlarının pozulması və nəzarətsiz qalan uşaqların atdığı xoşagəlməz addımlara görə valideynlərlə yanaşı, məktəb və cəmiyyət də böyük məsuliyyət daşıyır: "Əgər uşaq məktəbdən başqa özünü heç yerdə görmürsə, asudə vaxtını səmərəsiz keçirirsə, təbii ki, cəmiyyətdə problem olacaq. Uşaqlar üçün dərnəklər, idman klubları olmadığı üçün uşaqlar özlərini ya küçələrə, ya da internet kafelərə atır. Beləcə də, uşaq cinayətkarlığı üçün rəvac yaranır. Mənə elə gəlir ki, həmin təkliflər paketinə müəllim məsuliyyəti və bütünlükdə təhsil sistemi ilə bağlı təkliflər əlavə olunmalıdır. 35 il məktəbdə dərs demişəm. Sovet dönəmində dərsdən sonra uşaqlar üçün fakultativ dərslər olar, ya da onlar pioner təşkilatlarına cəlb olunardılar. Amma indi bunların heç biri yoxdur”.
Təkliflər qəbul olunduğu halda müsbət effekt verib-verməyəcəyinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, qanunla yanaşı, insanlar arasında ünsiyyət tənzimlənməlidir: "Topla oynayan uşağın qonşunun pəncərəsini sındırması dava ilə nəticələnməməlidir. Əvvəllər belə hallar olanda uşaqdı deyib, keçərdilər. Amma son illər insanlar arasında ünsiyyət problemi olduğu üçün bu məsələni şişirdib, dava həddinə çatdırırlar. Uşağın qəsdən kiminsə maşınını cızması başqa şeydi, həyətdə oynayan zaman təsadüfən atdığı topun pəncərəyə toxunması başqa şeydi. Amma cəmiyyətdə insani münasibətlər acınacaqlı həddə çatdığı üçün heç kəs güzəştə getmir. Şüşə sınıb deyə, uşağı danlamaq lüzumsuz bir şeydi. Uzaq başı, valideyni yenisini alıb, düzəldər”.
Hüquq müdafiəçisinin sözlərinə görə, valideynlər tərbiyəli uşaq böyütmək üçün dərsdən əlavə kitab oxumağı, rəsm çəkməyi öyrətməli, musiqiyə alışdırmalıdır. Cəmiyyətdə davranış qaydalarını aşılamalıdır. "Bütün gün dava, qırğın olan evdə böyüyən uşaqdan nə tərbiyə gözləmək olar axı? Uşağın beyni ağ səhifədir, valideyn nə tökür, onlar da yığır. Bu mənada uşaqların atdığı hər addıma görə valideyn məsuliyyət daşıyır. Tərbiyəli övlad böyüdən ailəyə "bərəkallah”, tərbiyəsiz uşaqların valideynlərinə isə cinayət məsuliyyəti düşməlidir. Hər iki halda bunu özləri qazanıblar. Biz uşaqlarımızı küçələrdə dilənən görmək istəmirik! Amma çox təəssüf ki, belə uşaqların sayı "n” qədərdir. Dəfələrlə "Elmlər Akademiyası” metrostansiyası tərəfdə dilənçi uşaqları söhbətə tutmuşam. İnandırım sizi ki, onlarla danışmaq çox ürəkağrıdıcıdı. Axı bu yolu onlar özləri seçməyiblər. Birbaşa və ya dolayı şəkildə onları buna vadar edən valideynləridir”.
S.Qocamanlı deyib ki, gələcəyimizi etibarlı əllərə tapşırmaq üçün bu məsələnin üstünə ciddi şəkildə düşməli və təxirəsalınmaz tədbirlər görülməlidir: "Biz bu gün var, sabah yoxuq. Sabah Azərbaycanı hansı gəncliyə qoyub gedəcəyik? Bisavad bir nəsiləmi? Hesab edirəm ki, bu məsələni mütləq ictimailəşdirmək lazımdır. Çox yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı təkliflər paketi müzakirədən əvvəl ictimailəşsin və cəmiyyətin tanınan simaları öz təkliflərini versinlər və ictimaiyyətin fikirləri həmin təkliflər paketində əks olunsun”.
Şəymən