Valideynlər ikiqat cəzalandırılmalıdır

Uşaqların İŞİD-in sıralarına qoşulması fəlakətdir




İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 7-si uşaqdır. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, XİN əməkdaşları Ankaradakı səfirliklə əlaqə saxlayıb.

Səfirlikdən bildirilib ki, saxlanılan şəxslərlə bağlı hələlik istintaq tədbirləri həyata keçirilir. İstintaq başa çatandan sonra Azərbaycan tərəfi bu barədə məlumatlandırılacaq. Xatırladaq ki, ötən gün Bakıda və Gəncədə radikal dini qruplaşmalara qarşı keçirilən əməliyyatlarda da xeyli sayda azyaşlı uşaq saxlanılıb. Göründüyü kimi, son aylar İŞİD və digər radikal qruplar çirkin məqsədləri üçün nəinki gəncləri, hətta kiçik uşaqları belə öz toruna salmağa çalışırlar. Əfsuslar olsun ki, həqiqətin fərqində olmayan azyaşlı uşaqlar asanlıqla radikalların yalanlarına aldanırlar. İŞİD-ə qoşulan uşaqların sayının artması isə ölkə ictimaiyyətini ciddi narahat edir.

Problemlə bağlı "Şərq”ə danışan Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyib ki, radikallara qarşı ölkədə böyük nəzarət sistemi qurulmalıdır: "İŞİD-çilər o qədər ağ

ediblər ki, artıq sıralarına uşaqları da cəlb edirlər. Bu, Azərbaycan üçün fəlakətdir. Terrorçu uşaq nə deməkdir? Əgər uşaqların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilmiriksə, onda həmin qüvvələrin ayağını Azərbaycandan kəsməliyik. Belə qurplaşmaların formalaşmasına və sərbəst fəaliyyətinə imkan verməməliyik. Şərait yaratmamalıyıq ki, radikallar məktəbyaşlı uşaqları ələ alsınlar və onları öz məqsədləri üçün istifadə etsinlər”. Ekspert bildirib ki, uşaqlar təkbaşına ölkəni tərk edib harasa gedə, hansısa radikal təşkilatlara qoşula bilməzlər: "Azyaşlı uşaqları o bataqlığın içinə çəkən valideynlərdir. Məsuliyyət birbaşa valideynlərin üzərinə düşür. Böyüklər İŞİD-ə qoşulmaq üçün qərar verəndə öz həyat yoldaşlarını və uşaqlarını da zorla aparırlar. Təbii ki, bu zaman o günahsız uşaqların gələcəyi puç olur. Bəlkə də birdəfəlik bunun qarşısını almaq qeyri-mümkündür. Çünki əksər halda ailələr işləmək üçün Türkiyəyə və ya Gürcüstana gedirlər, oradan da gizlicə Suriyaya keçirlər. Təklif edirəm ki, dövlət ələ keçirdiyi terrorçu valideynləri ikiqat cinayət məsuliyyətinə cəlb etsin və uşaqların "cəzalarını” böyüklərə yükləsin. Məktəbyaşlı uşaqları öz iradələrinin əksinə radikal qruplaşmalara cəlb etmək böyük cinayətdir. Bunun cəzası ağır olmalıdır”.

İsmayıl