Qızılca xəstəliyinə qarşı mübarizə aparmaq üçün vaxtında vaksinasiya işləri aparılmalıdır
Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyevanın sözlərinə görə, xəstəliyə yoluxma hallarının 90 faizi böyüklər arasında olur və qızılca daha çox peyvənd olmayan insanlar arasında da qeydə alınır. Bu insanlar uşaq yaşlarında və 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı müxtəlif səbəblərdən peyvənddən kənarda qalıblar. A.Əliyeva qeyd edib ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanların sayının həddindən artıq olmasını nəzərə alaraq, mart ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur: "Ölkəyə vaksinlər gətirildikdən sonra yaşlı əhalinin də peyvənd edilməsi üçün elan veriləcək".
Azərbaycanda qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər peyvənddən kənar qalan uşaqlarını peyvənd etdirsinlər: "Bu xəstəliyin profilaktikasında əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir.
Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Peyvənd təqviminə görə uşaqlar 1 yaşında və 6 yaşında peyvənd edilməlidirlər. Əgər valideynlər uşaqlarını hər hansı səbəbdən təqvimə uyğun peyvənd etdirməyiblərsə, yenə də gec deyil. Valideynlər peyvənd edilməyən uşaqlarını 10 yaşına qədər ərazi tibb müəssisələrinə müraciət edərək peyvənd etdirə bilərlər”. A.Əliyeva əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınıb. Həmin ilin iyul ayından ötən ilin dekabrına qədər isə Azərbaycanda qızılcaya yoluxma baş verməyib.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, qızılca xəstəliyini insan bir dəfə keçirir və bundan sonra xəstəliyə qarşı bədəndə immunitet yaranır:
"Bu gün ekologiyanın pisləşməsi, insanların immunitetinin zəifləməsi bu cür infeksion xəstləkiləri keçirməyi çətinləşdirib. Xəstəliklə mübarizə üçün vaxtında vaksinasiya işləri aparılmalıdır. Qızılca əgər epidamiya şəklində mövcuddursa, deməli, həmin yerlərdə düzgün vaksinasiya tədbirləri görülmür”.
Qızılca epidemiyasına qarşı xüsusi vaksinlərin vurulmasını vacib hesab edən A.Qeybulla cəmiyyətdə peyvəndə qarşı birmənalı münasibətin olmamasının səbəblərinə də toxunub:
"Peyvənd vurulmasından sonra həmin virusa yoluxma riski sıfıra enir. Buna görə, vaksinasiya çox önəmlidir. Bu gün Azərbaycanda uşaqlara peyvəndlər poliklinika şəraitində həyata keçirilir. Amma valideynlər arasında vaksinlərin əleyhinə şayiələr gəzir. Qətiyyən bu fikirlərə inanmaq lazım deyil. Müəyyən problemli uşaqlarla bağlı həkimlə məsləhətləşib, peyvənd olunmalıdır. Peyvənd çox vacibdir. Bu cür epidemiyalara qarşı qorunmağımıza birbaşa kömək edir”.
Uşaqları peyvənd etdirməyin son dərəcə zəruri olduğunu vurğulayan professor deyib ki, valideynlər çox vaxt şayiələrə uyurlar ki, peyvəndin fəsadları var:
"Əsla, bu haqda deyilənlər ancaq şayiə ola bilər. Düzdür, peyvənd olunmamışdan öncə uşaqlar yoxlanılmalıdır. Allergik reaksiyası olan, müxtəlif başqa xəstəlikləri olan uşaqlar öz həkimlərinin nəzarəti altında və onların müəyyən tövsiyəsi ilə peyvənd olunmalıdır. Peyvənd xəstəliklərdən qorunmaq üçün çox mühüm bir vasitədir. Hesab edirəm, peyvəndə cəmiyyətimizdə isti yanaşılmalıdır. Biz çox şükür etməliyik ki, peyvəndlər var”.
A.Qeybulla onu da bildirib ki, Azərbaycanda qızılca əleyhinə peyvəndləmə əvvəllər aparılıb, amma nəticə gözlənilən səviyyədə olmadığı üçün yenidən əhalinin vaksinasiya olunmaq zərurəti var:
"Yaşlı adamlarda qızılca uşaqlara nisbətən daha çox ağırlaşmalarla müşahidə olunduğundan ciddi profilaktik addımlar atılmalı, infeksiyanın lokallaşdırılması üçün digər mühüm addımlar atılmalıdır. Əhali arasında maarifləndirici tədbirlər keçirilməli, qızılcaya yoluxan xəstələrə davranış qaydaları aşılanmalıdır. Təəssüflər olsun ki, biz televiziya ekranlarında bu cür verilişlərə rast gəlmirik”.
Şəymən