Valideynlər şikayətlənir

Düşərgələr yoxdur, uşaqlar yay boyu istirahət edə bilmirlər




Telejurnalist İradə İsaq yay düşərgələri problemini gündəmə gətirib. Neçə vaxtdır 14 yaşlı oğlunu göndərmək üçün yay məktəbi, yay düşərgəsi axtardığını qeyd edən İradə xanım bu barədə şəxsi feysbuk hesabında yazıb:

"Axır bir-ikisini tapıb, dəhşətə gəlmişəm. Qiymətlər həddindən artıq yüksəkdir, bu heç. Əsas problem odur ki, şəhərdə olan yay düşərgələri səhər 9-un yarısı uşağı şəhər kənarına aparıb, axşam saat 8-də gətirir. Deməli, istirahət etmək istəyən uşaq səhər tezdən yuxudan durub bir həftə səhər-axşam uzun yol getməlidir. Bunun nəyi istirahət oldu? Belə düşərgə olar? Üstəlik, sürücülərin pulunu da valideyn ödəməlidir. Hələ içəridəki əyləncənin keyfiyyəti nədir, onu heç bilmirik”.

Bu sahə ilə məşğul olan vətəndaşların yumurtadan yun qırxdıqlarını qeyd edən İ.İsaq deyib ki, insanı sovet dövrü üçün darıxmağa məcbur edirlər.

Qeyd edək ki, sovet dövründə məktəblilərin yay tətilini təşkil etmək üçün düşərgələr fəaliyyət göstərirdi. Belə məkanlarda uşaqların fəaliyyəti səmərəli şəkildə təşkil olunurdu. Müstəqilliyin ilk illərində bu məsələ tamamilə unudulsa da, sonrakı illərdə ölkədə bir sıra yay düşərgələri yaradılmağa başlandı. Ancaq yenə də bu sahədə ciddi boşluqlar və problemlər mövcuddur. Halbuki Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Həmin sənədə görə isə dövlət uşaqların istirahət hüququnu təmin etməli və bu məqsədlə müvafiq şərait yaratmalıdır. İradə İsaqdan başqa digər valideynlər də yay düşərgələrinin yetərincə olmamasından şikayətlənirlər və uşaqların yay boyu istirahət edə bilmədiklərini deyirlər.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, yay düşərgələrinin təşkilinə nail olmaq üçün təhsilə ayrılan vəsaitin həcmi adambaşına azı 15-17 manat olmalıdır. İndilikdə isə bu rəqəm cəmi 80 qəpikdir: 

"Təəssüf ki, Azərbaycanda tədris müddəti başa çatdıqdan sonra şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsilə bağlı mexanizm yox səviyyəsindədir. Sovet dövründə məktəblilərin asudə vaxtının təşkili üçün yay düşərgələrinin olması kütləvi xarakter almışdı. Təkcə Bakı şəhərində 16 belə düşərgə fəaliyyət göstərirdi, "Qaranquş”, "Mayak” və s. kimi düşərgələrdə şagirdlər məktəb tətilində vaxtlarını səmərəli keçirirdilər. İndi ölkəmiz bazar iqtisadiyyatına keçib. Təhsil də dövlətin mülkiyyətində olan bir sahədir”.

Ekspertin sözlərinə görə, yay düşərgələrinin təşkili ilə bağlı ikinci məsələ nəqliyyatdaşıma və təhlükəsizlik məsələsidir: "Orta məktəblərdə bu məsələ də acınacaqlı haldadır. Təəssüf ki, son illər ərzində yol-nəqliyyat hadisəsi və məktəb daxilində cinayət hallarının çoxalması yay düşərgəsi məsələsinin aktiv həllinə hələ də maneə olmaqda davam edir. Üçüncü bir tərəfdən, Azərbaycanda hazırda yay düşərgələri kifayət qədər azdır. Sovet dönəmində pioner düşərgələri kimi fəaliyyət göstərən yerlərin əksəriyyəti müəyyən qurumlar tərəfindən satın alınaraq, hazırda başqa məqsədlər üçün istifadə olunur. Belədə, uşaqların istirahəti üçün ölkədə normal yerlər yox dərəcəsindədir. Yalnız biznes baxımından bu istiqamətdə fəaliyyət göstərən müəssisələr var ki, onlarda da xidmət kifayət qədər aşağıdır”.

Uşaq Hüquqları üzrə Müdafiə Liqasının sədri Yusif Bəkirov da yay uşaq düşərgələrinin yox səviyyəsində olduğunu bildirib. Onun sözlərinə görə, bəzi nazirliklər tərəfindən təşkil edilən düşərgələr uşaqların çox az faizini əhatə edir: "Azərbaycanda 1 milyona yaxın uşaq var və bunların 1-2 faizi istirahət düşərgələrində dincələ bilir:

 "Bu rəqəm obrazlı şəkildə desək, dənizdə bir damcıdır. Bu o deməkdir ki, Azərbaycanda uşaqlar kütləvi şəkildə yay düşərgələrinə gedə bilmir və istirahət etmirlər”. Liqa sədri bildirdi ki, bu problemi aradan qaldırmaq üçün tədris ili bitdikdən sonra məktəblər də 3 ay müddətinə yay düşərgələrinə çevrilməlidir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Həmin sənədə görə isə dövlət uşaqların istirahət hüququnu təmin etməli və bu məqsədlə müvafiq şərait yaratmalıdır.

Şəymən