Varlı dubaylı, suriyalı, iraqlı ölkəmizə gəlir

“Azərbaycan ov turizmindən yaxşı pul qazana bilər”
Ovçuluq Təsərrüfatının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
Nazirlikdən bildirilib ki, araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilərək onlardan 4 ədəd çöl göyərçini, 4 ədəd bildirçin, 2 ədəd ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkar olunaraq götürülüb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və qanun pozucuları "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində cərimə edilib. Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.
Xatırladaq ki, bu il ərzində Azərbaycana xarici ölkə vətəndaşlarının ov etmək məqsədi ilə səfərlərinin sayı artıb. Belə ki, bir müddət öncə ərəblərin də ov məqsədi ilə ölkəmizə gəldiyi haqqında məlumatlar mətbuatda tirajlanmışdı.
Həmçinin bu ilin iyun ayında dünyaca məşhur futbolçu Zlatan İbrahimoviçin də ov məqsədilə Azərbaycana gəlməsi mətbuatda marağa səbəb oldu.
Maraqlıdır, son vaxtlar əcnəbiləri Azərbaycanda ov etməyə cəlb edən nədir?
Məsələ ilə bağlı "Şərq”ə danışan həvəskar ovçu, jurnalist Elşad Məmmədli deyib ki, Azərbaycanda ovçuluq turizmi üçün münbit şərait var. Onun sözlərinə görə, müvafiq qurumların bu turizmi inkişaf etdirib, qanuniləşdirməsi vacibdir: "Həvəskar ovçu olduğumdan deyə bilərəm ki, bizdəki su hövzələrində olan balıq sortları, dağ rayonlarındakı dağ keçiləri, aran bölgəsindəki çöl quşlarına dünyanın heç yerində rast gəlinmir. Buna görə də əcnəbi ov həvəskarlarının ölkəmizə bu məqsədlə gəlməsi başadüşüləndir. Əcnəbi ovçular imkanlı adamlardır ki, xarici dövlətlərə ov məqsədi ilə gedirlər. Onların rüsum ödəyərək də bu işə maraq göstərəcəyi şübhəsizdir ona görə də bu məsələ qanuniləşdirilərsə, Azərbaycan ov turizmindən yaxşı pul qazana bilər”.
Aysel