Böyük şair son mənzilə yola salındıZəlimxan Yaqubun vida mərasiminə Prezident İlham Əliyev də qatılıb
2 gün də yaşasaydı, 66-cı doğum gününü qeyd edəcəkdi böyük şair, ictimai xadim, Xalq şairi Zəlimxan Yaqub. Amma ömür vəfa etmədi. Yanvarın 9-da günorta saatlarında, uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkən şair gözlərini əbədiyyən yumdu, haqq dünyasına qovuşdu. Hər iki böyrəyi olmayan şair son vaxtlar dializ qəbul etməklə yaşayırdı.
Qeyd edək ki, Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Borçalı mahalının, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirən şairin ədəbiyyatla bağlı, bir çox fəaliyyəti olub. "Kitab pasajı”nda satıcıdan tutmuş, ədəbi dərgilərdə redaktorluğa kimi. Şair 1995-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.
2008-ci il avqustunda Azərbaycan aşıqlarının V qurultayında Aşıqlar Birliyinin sədri seçilib və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.
Z.Yaqub 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü idi. 20-dən artıq şeir kitabının müəllifi olan şairə həsr edilmiş bir neçə sənədli film də çəkilib.
2005-ci ildə "Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət” ordeni və Gürcüstan Respublikasının "Şərəf” ordeni kimi bir sıra yüksək mükafatlara sahib olub.
Dünən "Təzə Pir” məscidində Xalq şairi ilə vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları, dövlət rəsmiləri, mədəniyyət və elm xadimləri, tanınmış şair və yazıçılar iştirak ediblər. Şairin vida mərasiminə Azərbaycanın Prezidenti İlham Əliyev də qatılıb. Dövlət başçısı mərhumun ailə üzvlərinə, yaxınlarına başsağlığı verib. Mərasimdən sonra Z.Yaqubun nəşi dəfn üçün Birinci Fəxri Xiyabana gətirilib. Dəfn mərasimində Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Daxili işlər naziri Ramil Usubov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ictimai xadimlər iştirak ediblər.
Qeyd edək ki, dəfn mərasimində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də iştirak edib.
Dəfndən sonra, ora toplaşanlar Xalq şairi haqqında fikirlərini səsləndiriblər.
Şairin oğlu, Bəhlul Yaqubov mərasimə toplaşan hər kəsə təşəkkürünü bildirərək, deyib ki, atası ömrü boyu Azərbaycanın rifahını arzulayıb. Yaradıcılığında da Azərbaycan insanını tərənnüm edib: "Zəlimxan Yaqub Vətəni, dövləti üçün mənalı, şərəfli bir ömür yaşadı”.
"Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatının böyük simalarından biri idi”. Bu sözləri isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, Zəlimxan Yaqub gözəl saz-söz ustadı olmaqla yanaşı, həm də gözəl deputat idi: "Şair hərtərəfli bir insan idi. Bu böyük insan haqqında çoxlu dəyərli fikirlər söyləmək olar. Bildiyiniz kimi, Zəlimxan Yaqub iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Biz onunla həmkar kimi çiyin-çiyinə çalışmışıq. O, deputat kimi ibrətamiz fəaliyyəti ilə seçilib. Zəlimxan müəllim Azərbaycan ədəbiyyatının, aşıq poeziyasının böyük simalarından biri idi”.
Mədəniyyət və turizm nazirinin müavini, Ədalət Vəliyev deyib ki, Zəlimxan Yaqubun vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir: "O, xalqımızın sevilən şairi idi. Zəlimxan müəllim haqqında çox şey danışmaq olar. Hamısı da, müsbət sözlərdən ibarət. Bizim üçün böyük itkidir. Ruhu şad olsun. Onu sevənlərin ürəyində daim yaşayacaq bir insan, böyük şair idi”.
Akademik Nizami Cəfərov, professor Hamlet İsaxanlı da Zəlimxan Yaqub haqqında xoş sözlər səsləndiriblər.
Şairin dəfn mərasimində Aşıq Zülfiyyə və Telli Borçalı da iştirak edib. Tellli Borçalı media nümayəndələrinə açıqlamasında şairin ölüm xəbərinin ona pis təsir etdiyini, hələ də özünə gələ bilmədiyini deyib: "Mənim üçün çox çətindir, pis olmuşam. Ancaq Zəlimxanı fikirləşirəm. O əbədi qəlbimizdə yaşayacaq. İllər keçsə də, Zəlimxan Zəlimxan olaraq qalacaq. Onu sonrakı nəsillər də tanıyacaq. Zəlimxan ömürlük insanların ürəyində qalacaq. Zəlimxan danışanda sarayları tərpədirdi. Azərbaycan xalqının başı sağ olsun. Zəlimxanı zarafatcıl, xeyirxah insan olaraq xatırlayacağıq. Heç kimə yuxarıdan aşağı baxmayıb. Fəxri Xiyabana insan axını var. Türkiyədən, İrandan mənə şairin ölümü ilə bağlı zəng edirlər. Ölümündən əvvəl tədbirlərdə görüşmüşük. Onun səhhətini soruşanda deyirdi ki, vəziyyətimə yaşamaq deyirlərsə, yaşayıram. Allah ölümümə fərman verəndə bu dünyadan köçəcəm. Yəqin çox ağrıyırdı, əziyyət çəkirdi. Bu həyatda kiməsə deyə bilməzsən ki, pul verirəm, məni sev. Bunu nə maddiyyatla almaq olar, nə də başqa bir yolla. Amma bu cür sevgini, istəyi Zəlimxan qazana bilib. Ölümünün üçüncü günündə karvan tək gələn insan izdihamı ilə...”.
Aşığın həmkarı Zülfiyyə də dünən Fəxri Xiyabanda şairi son mənzilə yola salmağa gələnlərdən idi. Aşığın sözlərinə görə, Z.Yaqub zəmanəmizin Aşıq Ələsgəri idi və bu həyatdan vaxtsız köçüb: "Uzun müddət idi xəstə idi. Səhhətində tez-tez problemlər yaranırdı, lakin sonra yenidən gümrahlaşırdı. Amma bu dəfə ola bilmədi, Aşıq Ələsgər səviyyəsində olan bir şəxs ölümə təslim oldu. Amma bu ölüm də formaldır. Çünki nə qədər ki şeir, şair, saz-söz var, Zəlimxan Yaqub da illər boyu var olacaq”.
Xalq şairinin dəfninə nəinki Azərbaycandan, eləcə də Gürcüstandan,Türkiyədən, İrandan, Rusiyadan, hətta Qazaxıstandan belə gələnlər var idi. Şairin Güney Azərbaycandan olan, vaxtı ilə "Dalğa” musiqi qrupunu təsis edən dostu aşıq, şair Çingiz Mehdipur da dəfndə iştirak edib. O, Aşıq Zəlimxan Yaqubun ölümü ilə barışa bilmədiyini deyib: "Zaman ona imkan tanımadı, yoxsa yenə yazar, yaradardı. Bu cür insanlar ölmürlər, ürəklərdə, beyinlərdə, yaddaşlarda yaşayırlar. O, aşıq musiqisini şah sənəti adlandırırdı. Mən düşünürəm ki, onun yaradıcılığından, yolundan gənc nəsil layiqincə istifadə edə biləcək. Beləcə onun da ruhu şad olar”.
Cənubi Azərbaycandan dəfn mərasiminə qatılan İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazi şairin ölüm xəbərindən çox kədərləndiyini deyib: "Xəbəri eşidən kimi dərhal Azərbaycanın İrandakı səfirliyinə müraciət etdim. Dedim ki, görkəmli şair Zəlimxan Yaqub dünyasını dəyişib. Elə bil mənim dünyam dəyişib. Mən mütləq onun dəfn mərasimində olmalıyam. Səfirlik gecə ikən mənə viza təşkil etdi və mən yola düşdüm. Zəlimxan Yaqub xalqımızın ən istəkli oğludur. Mən ordan bura gələnə kimi nələr gördüm ilahi. Türk dünyası sadəcə şair itirməyib, Allahın payını itirib. Əslində biz onu itirmədik, tapdıq. Türk dünyası bir daha öz görkəmli şairini kəşf elədi. Mən neçə dəfndə iştirak etmişəm, amma bu qədər insan seli görməmişəm. Deməli, Zəlimxan Yaqub Allahın ən istəkli bəndəsi imiş, deməli, hamının ürəyində şairin öz yeri varmış. İnanın, viza məsələsi olmasaydı, milyonlarla insan şairin dəfninə gələrdi.
Şairin dəfn mərasimində onun qələmə aldığı şeirlər səsləndirilib, saz ifası altında şeirləri oxunub.
Allah rəhmət eləsin!
İsmayıl