20 qəpiyə şəhərin bu başından, o başına getmək asan olmalıdır
Dünəndən etibarən Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqamətində dəyişikliklər edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı isə trend-ə açıqlamasında Bakıda marşrutların istiqamətlərinin dəyişikliyinin "Baku Bus” MMC-nin yeni avtobuslarının xəttə buraxılmasına qədər davam edəcəyini deyib.
Onun sözlərinə görə, "Baku Bus” MMC-yə məxsus avtobuslar 12 xətt üzrə fəaliyyət göstərəcək. Ş.Mehmanqızı "Baku Bus” MMC-nin avtobuslarının hamısı xəttə buraxılana qədər sərnişinləri səbrli olmağa çağırıb: "Sərnişinlərdən bir qədər anlayışlı və səbrli olmalarını xahiş edirik. Hələ ki, "Baku Bus” MMC-nin 5 xətti fəaliyyətə başlayıb. Bu yaxınlarda "Baku Bus” MMC-nin 2 saylı avtobusları fəaliyyətə başladı. Həmin xətdə artıq biz dəyişiklik həyata keçirmişik”.
Qalan 7 xəttin fəaliyyətə başlamasına qədər marşrutların optimallaşdırılmasının davam etdiriləcəyini qeyd edən qurum rəsmisi bildirib ki, bu barədə konkret vaxt məlum deyil: "Baku Bus” MMC-nin yeni marşrutları xəttə buraxılan kimi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həmin xətdə fəaliyyət göstərən köhnə avtobuslar başqa marşrutlara yönləndirilir”. Ekspert Azər Allahverənov isə bildirib ki, müvafiq qurumlar Bakıda nəqliyyatın qrafiki ilə bağlı müəyyən islahatlar həyata keçirirlər: "Bu islahatlar I Avropa Oyunları zamanı başlayıb, davam edir və böyük ehtimalla gələcəkdə də davam edəcək. Bildiyiniz kimi, "Baku-Bus” MMC fəaliyyətə başlayıb. Digər şirkətlərin də öz marşrutları, qrafikləri var ki, bəzən xətlər təkrarlanır və problemlər yaranır”. A.Allahverənov da hesab edir ki, şəhərin müxtəlif istiqamətində yaşayan insanların gedəcəyi ərazi üzrə şərait yaradılmalıdır ki, vətəndaş 20 qəpiyini ödəməklə şəhərin bir tərəfindən digər tərəfinə gəlib çıxa bilsin: "Məsələn, Zığ şossesi əhalinin sıx yaşadığı ərazidir. Yeni dəyişikliyə görə, vətəndaşlar şəhərin mərkəzinə gəlmək üçün əziyyət çəkir. Çünki həmin ərazidən şəhərin mərkəzinə gəlmək üçün 3 marşrut dəyişmək lazımdır. Bu halda gəliş-gediş 1 manat 20 qəpik pul edir. İnsanlar, xüsusi ilə tələbələr hər gün 1 manat 20 qəpiyi haradan əldə etməlidir? Digər tərəfdən, bu, vaxt itkisinə də səbəb olur. Məsələn, bu qrafiklə insanlar 1 saat yarıma şəhərdən kənara çıxa bilərlər. Halbuki həmin vaxta Şamaxıya və yaxud digər rayona getmək olar. Bu, çox ciddi məsələdir”.
Ekspert deyib ki, marşrut qrafiklərində dəyişiklik aparanda paytaxt sakinlərinin maraqları nəzərə alınmalıdır: "Vətəndaşlar əlaqədar qurumları tənqid etməkdə haqlıdırlar. Çünki bu cür dəyişikliklər pul və vaxt itkisinə, eləcə də, psixoloji stressə gətirib çıxarır. İstənilən islahat vətəndaşların maraqlarına zidd olmamalıdır, xüsusi ilə ictimai nəqliyyat sektorunda. Sərnişindaşımada uzun müddət davam edən və ya tez-tez dəyişən islahatlar aparılmamalıdır. Qərar qəbulundan öncə düşünülməlidir ki, hər hansı bir marşrut bağlanırsa, həmin marşrut üzrə alternativ variant necə olacaq... Marşrutun bağlanması ilə insanlar əziyyətə düşəcəklərsə, bu cür dəyişikliyə qərar vermək düzgün deyil. Aparılan dəyişikliklərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və başqa bu kimi cavabdeh qurumlar var. Onlar çoxsaylı insanların marağına toxunan məsələlərdə ehtiyatlı olmalıdırlar. Marşrut xətləri elə təşkil olunmalıdır ki, uzun müddət dəyişməz qalsın. Çünki insanlar marşrutlara vərdiş edir, dayanacaqlardakı ünvanları yaddaşına köçürür, sxem dəyişdikdə gərginlik keçirirlər. Bu isə əsəbi mühit yaradır”.
Şəymən