“Vəziyyət çox dəhşətlidir”
Amerikalı həmsədr: “Prezidentlər ilin sonuna kimi görüşmək istədiklərini bildiriblər”
"Dünən mən təmas xəttində idim. ATƏT-in monitorinq qrupu ilə həmin xətti keçdik. Əgər əvvəllər bu vəziyyətin nə dərəcədə təhlükəli olması barədə suallar var idisə, mən orada yaşadığım təcrübədən deyə bilərəm ki, çox dəhşətli vəziyyətdir”.
Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, atəşkəs rejiminə hörmət olunmalıdır: "Biz münaqişənin sülh yolu ilə uzunmüddətli həllini tapmalıyıq. Mən həmsədr həmkarlarımla təhlükəsiz yerdə idim. Lakin ATƏT-in iki əməkdaşı təhlükəli yerdə idilər və gizlənməyə yer axtarırdılar. Sevinirəm ki, onlar xəsarət almayıb. Bu kimi insidentlər qəbuledilməzdir. Biz bu hadisə barədə ATƏT ekspertləri ilə müzakirə aparanda onlar dedilər ki, atəşin hansı tərəfdən açıldığını müəyyənləşdirmək mümkün deyil. Onlar bu işin mütəxəssisləridir. Lakin atəş açılanda onun haradan gəldiyini müəyyənləşdirmək çətindir. Bir daha qeyd edirəm ki, həmsədrlərin iştirakı ilə monitorinq keçirilərkən belə insidentlərin baş verməsi qəbuledilməzdir”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik daha sonra deyib:
"Biz həm prezident Əliyev, həm də prezident Sarkisyanla görüşdük. Hər ikisi görüşmək istədiyini bildirdi, ilin sonuna kimi görüşmək niyyətini ifadə etdi”.
C.Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər: "Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər. Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq. Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməlidirlər”.
"Prezidentlər öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdır”
Ceyms Uorlik sözünə əlavə edərək bunlara bildirib: "Biz prezidentlərlə danışanda bildirmişik ki, onlar öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdır. Prezidentlər regionda yaşayan bütün xalqlara müraciət etməlidirlər ki, sülhə hazır olsunlar. Bu münaqişənin nizamlanması yeni dövrə qədəm qoyacaq və regionun inkişafı üçün əhəmiyyət kəsb edir. Cənubi Qafqazda yaşayan xalqlar çətin tarixə malikdir. Ümid edirəm ki, bu münaqişənin həlli hər iki xalqı irəli aparacaq. Düşünürəm ki, gələcək nəsillərə burada daha stabil gələcək borcluyuq. Hər iki ölkənin xalqları arasında əlaqə yaradılmalıdır və onlar gələcəkdə birlikdə yaşamağı bacarmalıdır.”
Uorlik qeyd edib ki, Azərbaycan və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud narahatlıqları başa düşür: "Çünki 20 ildən çoxdur münaqişə həll olunmayıb”.
O bildirib ki, həmsədrlər birgə çalışırlar, ortaq fikir ortaya qoyurlar: "Bu fikirləri hər iki ölkənin prezidenti ilə müzakirə edirlər. Sözsüz ki, artıq prezidentlər iradə nümayiş etdirib qərar verməlidirlər ki, münaqişə yox, sülh istəyirlər. Hər iki tərəf 20 ildən artıqdır davam edən münaqişədən cana yığılıb. Hər iki xalqın rahatlığı, təhlükəsizliyi üçün bu münaqişənin hərtərəfli həllinə ehtiyac var. Ümid edirik ki, regionda yaşayan xalqlar öz səslərini ucaldacaqlar və münaqişənin sülh yolu ilə həllini tələb edəcəklər. Elə bir gün gələcək ki, regionun xalqları biri-biri ilə mehribançılıq və sülh şəraitində yaşayacaq”.
"Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik”
"İnanın, biz də münaqişə xəttində hər hansı insident baş verəndə gecə yuxusuz qalırıq”.
Amerikalı həmsədri Ceyms Uorlik "münaqişənin həlli üçün diplomat ölməlidir” sualına cavabında deyib.
O qeyd edib ki, dünən baş verən insident yeganə hal deyil, bu cür hadisələr mütəmadi olaraq baş verir: "Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır. Lakin təəssüf ki, bunu müəyyən etməyin heç bir yolu yoxdur. Biz də bunu müəyyən etmək istəyərdik. Mən deməzdim ki, diplomatın həyatı münaqişə zonasında yaşayan hər hansı ana və ya uşağın həyatından vacibdir. Qətiyyən belə deyil. Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik. Çalışırıq ki, həm prezidentlərə, həm də xarici işlər nazirlərinə müəyyən təkliflərlə çıxış edək ki, bu münaqişə həll olunsun. Prezidentlərin verdiyi qərarla, onların atacaqları addımlarla müqayisədə bizim ictimaiyyət qarşısında çıxışlarımızın heç bir əhəmiyyəti yoxdur. Ona görə biz çalışırıq ki, müəyyən irəliləyişə nail olaq”.